Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-335/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə icals katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda iddiaçının evinin daş hasarına bitişik tikdiyi özbaşına tikilən evin sökülməsi, ara məsafəsi saxlanılmaqla həmin evin geri çəkilməsinə, həmin söküntü işlərinin cavabdehin hesabına görülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, yuxarıda göstərilən ünvanda yaşayır. Cavabdeh onun qonşusudur. 10 gün bundan qabaq cavabdeh onun icazəsi olmadan aralarında olan daş hasarın yanından bir mərtəbəli ev tikməyə başlamışdır. Həmin evin tikilməsi nəticəsində onun həyətinə gün işığı düşmür, evinə hava gəlmir. Dəfələrlə cavabdehə demişdir ki, özbaşına tikdiyi evi söksün, lakin cavabdeh onun sözlərinə məhəl qoymamışdır. Belə olan halda o, Bakı şəhəri Sabunçu rayon İcra hakimyyətinə və qəsəbə nümayəndəliyinə müraciət etmişdir. Lakin onlar ona bu işdə heç bir köməklik göstərməmişlər və qanunsuz tikilinin tikilməsini dayandırmamışlar. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o kiçik ölçülü qeyri-yaşayış yeri tikdiyini, həmin tikilini saxlanc yeri kimi istifadə etdiyini bildirmişdir. Həmin tikilinin iddiaçıya heç bir maneçiliyi yoxdur. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12.10.2019-cu il taricli qəbzin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Zabrat Bələdiyyəsinə 12.10.2009-cu il tarixdə 1920 manat torpaq haqqı ödənilmişdir. Bakı şəhəri Zabrat Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 25 sentyabr 2009-cu il tarixli, 05 saylı qərarın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında beş ildən artıq yaşayış yeri üzrə daimi qeydiyytda olmasını və hal-hazırda mövcüd bazar məzənnəsini nəzərə alaraq onun istifadəsində olan totpağın hər 1kv.m üçün 9.60 manat ödənilməklə ona satılması və müvafiq qaydada alqı-satqı aktı tərtib olunması qərara alınmışdır. Torpaq alqı-satqısına dair 14.10.2009-cu il tarixli aktın surətindən görünür ki, 25 sentyabr 2009-cu il tarixli, 05 saylı qərara əsasən İddiaçı tərəfindən 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində torpaq haqqı ödənilmişdir. Azərbaycan Respublikası Zabrat Bələdiyyəsinin 2018-ci il tarixli şəhadətnaməsindən görünür ki, İddiaçı Zabrat qəsəbəsi, R.Axundov küçəsində yerləşən 200 m 2 olan torpaq sahəsində yerləşəm 160 m2 olan fərdi yaşayış evinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Zabrat Bələdiyyəsinin 2018-ci il tarixli şəhadətnaməsindən görünür ki, Cavabdeh Zabrat qəsəbəsi, Musa Bayramov küçəsində yerləşən 800 m 2 olan torpaq sahəsinin 110 m2 olan fərdi yaşayış evinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının 24.05.1993-cü il tarixli, 1091 nömrəli sərəncamına əsasən A.Gülməmmədov ailəsi ilə birlikdə Zabrat qəsəbəsi, Axundov küçəsi 29 a ДИГ alınması qərara alınmışdır. Fərdi yaşayış fondunun yaşayış binası üçün olan texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında X1 yaşayır. Azərbaycan Respublikaqsının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 10/3781 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tikilmiş tikilinin hündürlüyü 3.0 m, ümumi sahəsi 40.8 kv.m təşkil etdiyi nəzərə alaraq, həmin tikiliyə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1 və 79.1.1 bəndlərinin tələblərinə əsasən tikintiyə icazə tələb olunmur. Lakin Cavabdeh faktiki istifadəsində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tikilmiş tikili ilə sərhəd hasarın arasında məsafənin 0.2/0.3 m təşkil etdiyini nəzərə alaraq və həmin məsafənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 69.5 bəndinin tələbləriinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olub-olmadığı və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Eyni zamanda mülki işin araşdırılması zamanı əvvəlcə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya işin faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uyğunluq təşkil etmirsə, məhkəmə üçün hüquqi dəyərləndirmə başa çatmalıdır. Məhkəmə araşdırılması zamanı o cümlədən mülki işin materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçının ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə və onun üzərində tikilmiş tikiliyə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ yoxdur. İddia ərizəsinə əlavə edilmiş sənədlər hüquq müəyyənedici sənəd əhəmiyyətinə malik deyildir. İddiaçı məhkəmə iclasında onun mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Bakı şəhəri Zabrat Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 25 sentyabr 2009-cu il tarixli, 05 saylı qərarı və Torpaq alqı-satqısına dair 14.10.2009-cu il tarixli akt mövcudluğunu qeyd etsə də, məhkəmə iddiaçınının diqqətinə çatdırır ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə notarial qaydada bağlanmalı və daşınmaz əmlaka mülkiyyət hüquqi isə dövlət reyestrindən qeydiyyata keçdikdən sonra yaranmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Qeyd olunan Qərarda nümayiş olunan hüquqi mövqe Konstitusiya Məhkəməsinin digər Qərarlarında da öz əksini tapmışdır.) Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. Belə ki, o, fərdi yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulan qaydada hər hansı hüquq əldə etməmiş, həmin daşınmaz əmlaklara dair onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud həmin daşınmaz əmlaklar qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Şərh olunan hallara əsasən, məhkəmə işin sonrakı araşdırılmasına (iddia predmeti olan yaşayış sahəsinə yerli baxış keçirilməsi və s.) ehtiyac olmaması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə, qanunla qorunan hüquq və aadlıqlarının və yaxud maraqlarının pozulmasının, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, eləcə İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-335/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-335/2022
13.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver