Məhkəmə qərarları › İş №2(008)-3425/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3425/2025

27.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3425/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arifqızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, qardaşı X7 xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur, Azərbaycan vətəndaşıdır, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Son iki ilə yaxındır ki, qardaşı Oqtayın sağlamlığı yerində deyil, daim həkim müayinə və müalicələrinin əhatəsində yaşayır. Onun bütün əziyyətlərini xəstə anası və o, çəkir, qayğısına qalır, ehtiyaclarını qarşılayırlar. O, yaşa dolduqca ondakı əqli gerilik və davranış pozuntuları daha da qabarıq gözə çarpmışdır. Onun artıq 62 yaşı tamam olacaqdır. Ondakı əqli gerilik və davranış pozuntuları daha kəskin hal almışdır. Dəfələrlə həkimlərin müayindəsində olmuş, kəskin beyin qan dövranı pozulması və s. diaqnozlar qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar Sabunçu xəstəxanasında stasionar müalicədə olmuş, bir-çox ixtisaslı həkimlərin müayinəsinə getmişik. Hazırda qardaşının fəaliyyət qabiliyyəti yoxdur, öz hüquq və imtiyazlarından istifadə edə bilmir. O, ağır xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını demək olar ki, başa düşmür və ya öz hərəkətlərinə rəhbərlik edə bilmir. O, bir qardaş kimi həmişə olduğu kimi onun daim qulluğunda dayanmağa hazır olsa da bir çox məqamlarda onun fəaliyyət qabiliyyətinin olmamasının müəyyən edilməsi və onun üzərində qəyyum təyin olunması rəsmiyyət tələb edir. Qardaşı öz əmlakı və digər hüquqları üzərində müstəqil və düzgün sərəncam verə bilmir. Hətta, nikahı pozulmuş arvadı ilə aralarındakı mübahisələrdə iştirak edə, prosessual hüquqlarını gerçəkləşdirə bilmir. Bütün bunlar onun öz hərəkətlərini idarə edə bilməməsini, hərəkətlərinin mənasını başa düşməməsini təsdiq edən hallardır. Hesab edir ki, qardaşı məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və bundan sonra o, cavabdeh qurum tərəfindən onun üzərində qəyyum təyin edilə bilər. Çünki, onun etibar etdiyi, güvəndiyi, onun qulluğunda duran, ondan bir qardaş olaraq bezməyən, onun bütün hüquqlarını onun mənafeyi naminə həyata keçirən bircə odur və anasıdır. Anası isə 87 yaşında, xəstə qadındır, ona da baxan, qulluğunda duran lazımdır, Çünki, gözləri demək olar ki, görmür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş АЗ seriyalı 407162 nömrəli doğum haqqında şəhadətnamdən görünür ki, X7 xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, atası X5, anası X1r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 3950 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X3 demensiya (ağıl zəifliyi) müəyyən edilir. Yoxlanılan şəxs X7 psixi vəziyyətinə gorə oz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O.V.Əzizovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar