Məhkəmə qərarları › İş №2(008)-3440/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3440/2025

12.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3440/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı “X2 LTD” Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2 LTD” Şirkətinin Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilərək, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 LTD” Şirkəti Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilərək, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının 1 saylı neftqazçıxarma sexinin, 39 T 413696.33 m B-4477827.05 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "xxxx" Ortaq Neft Şirkəti (ONŞ) arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə müvafiq olaraq Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki filialına verilmişdir. Hal-hazırda istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. xx.xx.2025-ci il tarixdə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının 1 saylı neftqazçıxarma sexinin, 39 T 413696.33 m B-4477827.05 m C koordinatlar üzrə yerləşən ərazidə özbaşına tikinti aşkarlanmışdır. Tikintini aparan şəxs, vətəndaş Cavabdeh nə torpaq sahəsinə, nə tikintiyə dair heç bir sənəd təqdim etməmişdir. Belə ki, dərhal Cavabdeh tikintinin qanunsuz olduğu izah edilərək, mübahisə qanuni yolla həll olunana qədər tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən “X2 LTD” Şirkətinin etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan X5 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 80 nömrəli rəyindən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının 1 saylı neftqazçıxarma sexinin, 39 T 413696.33 m B-4477827.05 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikili “X2 LTD” şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət ehtiyat fondu torpaqları daxildir. 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 1 saylı neftqazçıxarma sexinin, 39 T 413696.33 m B-4477827.05 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikinti sayıldığından və mövcud neft quyularının istismarında, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin həyata keçirilməsi işlərində iddiaçı üçün maneə yaratmaqla onun maraqlarına toxunduğundan, həmin tikili özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməli və sahə iddiaçının istifadəsinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığına əsasən “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən X5 ekspertiza mərkəzi MMC-nin AZ42AİİB400600C**********108 nömrəli hesabına ödənilmiş 300 (üç yüz) manat pul məbləği cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə hesab edir ki, iddia qaldırılması üçün “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən dövlət rüsumu olaraq 100 (yüz) manat pul cavabdehdən tutularaq, iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 1 saylı neftqazçıxarma sexinin, 39 T 413696.33 m B-4477827.05 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində tikilmiş tikili özbaşına tikili sayılmaqla sökülsün. Həmin ərazi “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filalının istifadəsinə qaytarılsın. Ekspertiza xərci olaraq 300 (üç yüz) manat pul cavabdehdən tutularaq, iddiaçının hesabına ödənilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçıya qaytarılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatlarının başlandığı zaman icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar