Məhkəmə qərarları › İş №2(008)-365/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-365/2022

06.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-365/2022 06.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz tikilisinin sökülməsi, onun bağı ilə cavadehin bağı arasında ara məsafəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağın iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ sahəsinə tərəf olan hissədə sökülməsi, həmin bağın torpaq sərhəddi ilə cavabdehə məxsus 5042a saylı bağ sahəsində tikilmiş tikili arasında ara məsafəsi qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5041a saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Həmin bağ sahəsini aldığı zaman üç tərəfdən hasara alınmış, bir tərəfdən isə qonşunun kiçik bir tikilisi onun bağı ilə Cavabdeh bağını ayırmışdır. 2020-ci ildə cavabdeh həmin tikilini sökərək, üstündə ikimərtəbəli ev tikmişdir. Evin altı pəncərəsi birbaşa olaraq onun həyətinə açılır. Cavabdehin evi ilə onun bağı arasında heç bir hasar qoyulmamış, ümumiyyətlə hasar üçün qonşu yer qoyulmamış, ara məsafəsi saxlanılmamışdır. Eyni zamanda, cavabdeh tikilini onun xüsusi mülkiyyətində olan torpağı zəbt etməklə tikmişdir. Bundan başqa, cavabdehin çıxarışına əsasən, tikdiyi evin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətidir. Cavabdeh tikinti qaydalarını pozmaqla tikinti işləri aparmışdır. Cavabdehin bağ sahəsi ilə onun bağ sahəsi arasında hasarın tikilməsi üçün heç bir ara məsafəsi saxlanılmamışdır. Dəfələrlə onun tərəfindən həm Cavabdeh, həm də Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, müraciətlərinə heç bir cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evi üzərində xüsusi mülkiyyət hüququ 24.05.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi üzərində xüsusi mülkiyyət hüququ (evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla) 12.10.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinə dair 22.05.2021-ci il tarixdə tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportuna əsasən, həmin bağ evi 1 mərtəbədən, 3 yaşayış otağından ibarət olub, ümumi sahəsi 64,74 m2-dir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinə dair 23.07.2019 və 08.10.2020-ci il tarixlərdə tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportlarına əsasən, həmin bağ evinin texniki göstəriciləri mərtəbə sayı 1, yaşayış otağının sayı 3, ümumi sahə 238,9 m2-dir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24.11.2021-ci il tarixli 10/5268 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin 5041a saylı bağ sahəsi ilə arasında olan sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq, 5042a saylı bağ evi ilə 5041a saylı bağ sahəsi arasında ara məsafəsi saxlanılmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin faktiki vəziyyəti həmin bağ sahəsinə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun deyil, bağ evində daxili və xarici konstruktiv dəyişikliklərin edildiyini, aparılmış konstruktiv dəyişikliklərə dair müvafiq icra hakimiyyəti orqanlarından hər hansı bir icazə sənədlərinin olmadığını nəzərə alaraq, 5042a saylı bağ evində aparılmış tikinti işləri ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 3-cü və 4-cü bəndlərinin tələbləri pozulmuşdur. 5041a və 5042a saylı bağ sahələri arasında olan sərhəd hasarı həmin bağ sahələrinə dair tərtib olunmuş texniki pasportlarda qeyd olunan yerdə inşa olunmuşdur. Lakin hasarın hündürlüyünün 2.2 metrdən çox olmasını nəzərə alaraq, həmin hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun deyil. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin iddiaçıya tərəf olan hissəsində xarici divarın hündürlüyünün 8,8 metr olduğunu və həmin tikilinin məlumatlandırma icraatı tətbiq edilməli olan tikililərə aid olduğunu nəzərə alaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələbinə əsasən 5042a saylı bağ sahəsində mövcud olan tikili ilə torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2.64 metr olmalıdır. 5041a və 5042a saylı bağ sahələrinin faktiki vəziyyətdə en ölçülərinin və torpaq sahələrində yerləşən bağ evlərinin yerləşmə vəziyyətinin həmin bağ sahələrinə dair tərtib olunmuş texniki pasportda qeyd olunan göstəricilər ilə uyğun olduğunu nəzərə alaraq, 5042a saylı bağ evində aparılan tikinti işləri zamanı iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını aşmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışı zamanı iddia tələbinin əsası araşdırılarkən, həmçinin ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinin yerləşdiyi torpaq sahəsi, cavabdehin mülkiyyətində olan həmin ərazidə yerləşən 5042a saylı bağ evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşməklə qonşudurlar. Cavabdehə məxsus bağ evinin texniki göstəriciləri ilə iş materiallarında olan həmin bağ evinə dair tərtib olunmuş texniki pasportda qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur və iş materiallarından görünür ki, cavabdehin bağ evində daxili və konstruktiv dəyişikliklərə dair hər hansı icazə sənədi yoxdur. Belə ki, texniki pasportda qeyd olunan tikilinin zirzəmi və bir mərtəbədən ibarət olduğu göstərilsə də, faktiki vəziyyətdə zirzəmi və iki mərtəbədən ibarətdir. Texniki pasportda öz əksini tapmayan 2-ci mərtəbədə yerləşən dörd ədəd pəncərə iddiaçının bağ sahəsi istiqamətindədir. Baxmayaraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələbinə görə, müvafiq icra hakimiyyəti orqanından bununla bağlı icazə alınmalı idi. Bundan əlavə, ekspert tərəfindən mübahisə predmeti olan 5042a saylı bağ evi ilə 5041a saylı bağ sahəsi arasında ara məsafəsinin saxlanılmadığı müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə əsasən, cavabdehə məxsus tikili ilə yerləşdiyi torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2.64 metr olmalıdır. Həmçinin həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Hazırkı iş üzrə isə mübahisə predmeti olan tikililər arasındakı sərhəd hasar texniki pasportlarda göstərildiyi yerdə inşa edilməsinə baxmayaraq, hündürlüyünün 2.2 metrdən çox olduğu ekspert tərəfindən müəyyən edilmiş, bununla da Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuşdur. Bununla belə, ekspert tərəfindən o da müəyyən tədqiq edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarına keçməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə uyğun olmadığından, iddiaçının qanunla təminat verilmiş mülkiyyət hüququ pozulmuşdur. Ona görə də, İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair iddiası əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 60-cı maddələrinin 1-ci hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının-Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəd xəttinə qədər inşa edilmiş 2,64 metr hissəsi sökülsün. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəddi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi arasında 2,64 metr ara məsafəsinin saxlanılması barədə Cavabdeh üzərinə öhdəlik qoyulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar