Məhkəmə qərarları › İş №2(008)-371/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-371/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-371/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh VÖEN-ə malik olduğunu və lizinq müqaviləsi üzrə mübahisəli avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürdüyünü, gəlir əldə etmək məqsədilə həmin avtomobili etibarnamə əsasında 3-cü şəxsin istifadəsinə verdiyini, 2 gün sonra da ona məxsus avtomobillə həmin şəxs tərəfindən yol-nəqliyyat hadisəsinin törədildiyini bildirmişdir. Bu səbəbdən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş materialları aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsindən görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, aktiv vergi ödəyicisi olan Cavabdeh əsas fəaliyyət istiqaməti “ağır çəkili yüklərin daşınması”ndan ibarətdir. Fəaliyyət obyekti haqqında informasiyadan görünür ki, cavabdehin fəlaiyyət obyekti taksi olmuşdur. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, borc tələbi üzrə mübahisə iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gələn müqavilə münasibətlərindən yaranmışdır. Odur ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır, 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-849/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından görünür ki, fiziki şəxs fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən konkret fəaliyyət istiqaməti göstərsə də, sahibkarlıq fəaliyyətinin başqa növü ilə də məşğul olmasını və həmin fəaliyyət üzrə mübahisənin yaranmasını istisna etmir. Belə olan təqdirdə göstərilən hal vergi hüquq pozuntusu sayılsa da, məhkəmələr sahibkarlıq subyektinin vergi orqanında uçota alınarkən göstərdiyi konkret fəaliyyət istiqamətini deyil, həmin subyektin faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq mübahisənin məhkəmə aidiyyətini müəyyən etməlidirlər. Odur ki, hazırkı halda cavabdehin vegi orqanında qeydiyyatdan keçməsi onun avtomobil lizinqə götürərək digər sahibkarlıq fəaliyyəti həyata keçirməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər, 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31, 263-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar