Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3787/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi c oğlunun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il təvəllüdlü X4 onun qızıdır. Qızı davranış pozuntuları ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkir. Qızı xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Onu nəzarətsiz qoymaq mümkün deyildir və onun üzərində daimi nəzarət olmalıdır. Qızına ciddi davranış pozuntusu ağır kəmağıllılıq diaqnozu qoyulmaqla İ dərəcəli əlillik təyin edilmişdir. Ona görə də, qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə doğulmuşdur, Ərizəçi onun atasıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 3787/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2025-ci il tarixli, 2395 saylı rəyində ekspert komissiyası X3 “uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli əqli gerilik” olması ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasların mövcudluğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, ərizəçinin qızı xx.xx.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3787/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3787/2025
16.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver