Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3804/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məmmədova Şəms Aqşin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlnamış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/8/2023-00449 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir:
1. Maraqlı şəxs ilə aralarında 20 dekabr 2008-ci il tarixdə Ağcabədi rayonu Kəbirli kənd İcra Nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmiş nikah pozulsun;
2. Birgə nikahlarından doğulmuş övladlarımız – xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2017-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 ərizəçinin yanında (himayəsində) qalsınlar. Ərizə onunla əsaslandırılmışdır ki, barışıq sazişi bağlansa da, qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayan övladlar olduqda nikahın pozulması yalnız məhkəmə qaydasında mümkün olduğundan saziş birbaşa icra edilə bilmir. Ona görə də bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zəruridir. Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-35.2-ci maddəsinə görə, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə yuxarıda göstərilən maddəni rəhbər tutaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, uşaqlar hal-hazırda onun yanındadırlar, maraqlı şəxsin buna heç bir etirazı yoxdur. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Hüseynova (Muradova) Samirə Tofiq qızı Maraqlı şəxs ilə xx.xx.2008-ci il tarixdə 23 №-li qeydlə nikahlarını bağlamışdılar (Ağcabədi rayon Kəbirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 451419 №-li nikah haqqında şəhadətnamə). Onların yetkinlik yaşına çatmamış üç uşaqları var: xx.xx.2012-ci il tarixdə doğulmuş X2, xx.xx.2017-cü il tarixdə doğulmuş X1, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 (921629, 238385 və 830424 №-li doğum haqqında şəhadətnamələr). Ərizəçi və Maraqlı şəxs mediasiya prosesi nəticəsində aralarındakı mübahisənin həlli şərtlərinə dair MŞB/8/2023-00449 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamışdılar. Həmin sazişə əsasən hər iki tərəf aralarındakı nikahın ləğv edilməsinə və üç uşağın analarının yanında qalmalarına razılıqlarını təsdiq etmişdilər. Uşaqlar hazırda analarının yanındadılar, yəni barışıq sazişinin uşaqla bağlı hissəsi icra edilmişdir. Hazırda ərizəçi həmin barışıq sazişinin aşığıdakı qaydada təsdiq edilməsini istəyir:
1. Maraqlı şəxs ilə aralarında 20 dekabr 2008-ci il tarixdə Ağcabədi rayonu Kəbirli kənd İcra Nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmiş nikah pozulsun;
2. Birgə nikahlarından doğulmuş övladlarımız – xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2017-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 ərizəçinin yanında (himayəsində) qalsınlar. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizə üzrə icraata xitam verilməli olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26.2-ci maddəisnə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etmək nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərə aiddir. Göründüyü kimi, nikahın pozulması haqqında iddialara iddia icraatı qaydasında baxılmalı, eyni zamanda mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məsələsinə 10 gün müddətində baxılmalı olduğu halda, nikahın pozulması məhkəmə qaydasında 1 aydan tez olmayaraq həyata keçirilməli, uşaqların yaşayış yerinin müəyyən edilməsinə dair məsələ nikahın pozulması haqqında qətnamə qəbul edilərkən həll edilməlidir. Bundan əlavə ərizəçinin izahatından və ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, tərəflərin arasında uşaqlarla bağlı mübahisə yoxdur, əgər olsaydı, barışıq sazişinin könüllü icrasından imitina olunması hallarını təsdiq edən sübutlar məhkəməyə təqdim olunardı. Beləlilkə məhkəmə hesab edir ki, nikahın pozulmasına dair ərizə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən, ərizəçi tərəfindən barışıq sazişinin könüllü icrasından imitina olunması hallarını təsdiq edən sübutlar təqdim edilmədiyindən və tərəflərin arasında uşaqlarla bağlı mübahisə olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlnamış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Tahirə Əsədova