Məhkəmə qərarları › İş №2(008)-396/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-396/2025

19.02.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-396/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X3” MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “X3” MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC-nin direktoru Kənan Kərimov arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli xidmət müqaviləsinin ləğv edilməsi, ödənilmiş 8126 (səkkiz min yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru Kənan Kərimov ilə aralarında bağlanmış 15 yanvar 2024-ci il tarixli xidmət müqaviləsinə əsasən, cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilən xidmətləri, yəni övladının Türkiyə Respublikasında Ali Təhsil müəssisəsinə qəbul etdirməyi öhdəsinə götürmüşdür. Tətəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən xidmət haqqı 30600 manat nəzərdə tutulmuş, sifarişçiyə ilkin olaraq 8126 manat məbləğində ödəniş edilmiş və 2.1.1-ci bəndə əsasən sifarişçi müqavilə məbləğinin 22474 manat hissəsini isə Universitetinin qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə bağlandıqdan bir müddət sonra Türkiyə Universitetlərində təhsil haqqlarını araşdırmağa başlamış, qiymətlərin cavabdehin müqavilədə yazılmış və aralarında razılaşdırılmış qiymətlərdən qat-qat yuxarı olduğunu müəyyən etmişdir. Bundan başqa, yaşam xərclərinin ona dedikləri 400 manat məbləğində deyil 1500-2000 manat olduğunu müəyyən etmişdir. Bu barədə cavabdehə bildirdikdə ilk əvvəl inkar etsələr də, sonradan həqiqətən qiymətlərin müqavilədə razılaşdırılmış məbləğdən daha yüksək olmasını etiraf edərək, həmin artırılmış məbləği hissə-hissə 2 dəfəyə ödəyə biləcəklərini inandırmağa çalışmışlar. Bu barədə bir neçə dəfə müraciət edərək, maddi imkanının həmin məbləğləri ödəməyə kifayət etmədiyini, ödədiyi 8126 manat məbləğinin geri qaytarılmasını tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, universitetlər üzrə müraciət edilməsinin 20-26 iyun tarixlərində bitdiyini öyrəndikdən sonra qəbul cavabı gəlmədiyi üçün araşdırmalara başladığını, araşdırma zamanı 2024-2025-ci illərdə minumum yaşayış xərcləri ilə ona bildirilən məlumatın eyni olmadığını, bu barədə cavabdeh təşkilatla danışıqlara başladığını, həmçinin uşağın təhsil müəsisəsini bitirməsi barədə attestatı iyul ayında əldə etdiklərini, attestat olmadan universitetə müraciət etməyin mümkün olmadığını bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. “X3” MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsində xx.xx.2025-ci il tarixə saat 11:50-ə cinayət işi üzrə məhkəmə baxış iclasında iştirak etməyi zərurətinin yarandığını və mülki işin müəyyən müddətə təxirə salınmasını xahiş etmişdir. Lakin, ərizəsinə başqa məhkəmədə iştirak edəcəyini təsdiq edən sübut əlavə etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. “X3” MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddiaya etiraz edərək, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən iddia ərizəsində göstərilən əsaslar həqiqətə uyğun deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri düzgün və tam şəffaf olaraq icra edilmiş, lakin İddiaçı övladı əslində Azərbaycan Resplikasında olan universitetlərdən birində övladının təhsil alması qənaətinə gələrək bilərəkdən bu formada müqaviləni birtərəfli olaraq ləğv etmək qərarına gəlmişdir. İlkin baxışdan təhsil haqqı və yaşam xərclərinin çox olmasını qeyd etsə də şirkətin nümayəndəsi və şirkət olaraq bu formada cavabdehlik daşıya bilməz. Bununla bağlı müqavilədə belə bir bənd movcud deyildir. Halbuki, tərəflər müqavilənin ümidsiz olmaması üçün son anadək əllərindən gələni etməlidirlər. İddiaçı övladı Azərbaycan Pedaqoji Universitetinə daxil olmuşdur. Halbuki, bununla bağlı müqavilənin digər tərəfi olan Cavabdeh MMC-yə mlumat verməli idi. Məlumatı qəsdən verməməyin səbəbi, müqaviləni süni şəkildə aldatma yolu ilə ləğv etməkdən başqa bir şey deyil. Çünki İddiaçı övladı Azərbaycan Pedaqoji Universitetinin 1-ci kurs tələbəsidir. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü maddəsinin a bəndində qeyd edilmişdir ki, Sifarişçi İcraçıya 10 (on) gün müddətində yazılı xəbərdarlıq təqdim edərək müqaviləyə tamamilə və ya qismən xitam vermək hüququna malikdir və bu halda həmin günədək ödənilmiş müqavilə məbləği geri qaytarılmır. İddiaçı Cavabdeh MMC-yə 26 iyul 2024-cü il tarixdə cavabdehə müraciət edərək Türkiyədə təhsil almasından imtina etmə səbəbi təhsil haqqı və yaşam xərclərinin müqavilə bağlandığı müddətə nəzərən çox yüksək olmasını göstərmişdir. Hətta ərizəsində pulu tələb etməmiş, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü maddəsinin a bəndi ilə razılaşdığını təsdiq etmişdir. Odur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı verdiyi iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 17 oktyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 2024-cü ilin iyun ayının 28-i ona nümayəndə tərəfindən həqiqətə uyğun olmayan cədvəl göndərildiyini, iyul ayında araşdırmağa başladığını, universitetlərə rəsmi müraciət etmək üçün orta təhsilin bitirilməsi ilə bağlı atestatın lazım olduğunu, atestatı iyul ayının sonunda əldə etdiklərini, iyulun 16-da şirkətə pretenziya ilə müraciət edərək, Univeristetlərə müraciət etmə tarixlərinin 24-28 iyun bitdiyini, 16 iyul 2024-cü il tarixində cavabdeh şirkətə prtenziya məktubu göndərərək, ödəmiş olduğu pulun geri qaytarılmasını tələb etdiyini bildirmişdir. 17 oktyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, bu işlərlə yoldaşının məşğul olduğunu, müqavilə bağlanan zaman vəd edilən şərtlər əks edilmədiyini, cavabdeh şirkətin direktoru ilə əlaqə saxlayan zaman heç bir xidmət göstərilmədiyindən, müqaviləni ləğv edəcəyini bildirmişdir. 17 oktyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh “X3” MMC-nin nümayəndəsi və vəkili Vəkil pretenziya məktubuna cavab üçün də müddət olduğunu, həmin müddətə əməl edilmədiyini, şirkət olaraq onların da xərclərinin olduğunu, universitetlərə müraciət edəndə müvafiq məbləğin ödənildiyini, həmin məbləğdən vergi ödədiklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, xidmət haqqının 1-ci hissə ödənişi 8126 manat İddiaçı tərəfindən “X3” MMC-yə ödənilmişdir. - xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 15 yanvar 2024-ci il tarixli xidmət müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğundan, müqavilənin ləğv edilməsi və ödənilmiş 8126 manat məbləğində pulun geri qaytarılması Cavabdeh MMC-dən tələb edilmişdir. Bu mümkün olmadıqda isə, müqavilənin ləğvi, pulun geri qaytarılıması və dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Qanunvericiliyin tələbindən və iş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2024-cü il tarixində qızı X1 qonşu Türkiyə Respublikasında təhsilə yönəltməsi üçün “X3” MMC-yə müraciət etmiş, MMC-nin icraçısı Kənan Kərimov müqavilə ilə bunu öhdəliyinə götürmüş və buna görə 8126 manat xidmət haqqı almışdır. Xidmət müqaviləsinin 2.2-ci bəndinə əsasən icraçı göstərilən xidmət üzrə Ali Təhsil müəssisəsindən ilk qəbulu aldığı andan 1 nömrəli Əlavədə göstərilmiş 1.1-ci bəndinə uyğun xidməti öhdəçiliyini başa vurmuş hesab olunur. Xidmət müqaviləsinin 6.3-cü bəndinə əsasən Sifarişçi İcraçıya 10 (on) gün müddətində yazılı xəbərdarlıq təqdim edərək müqaviləyə tamamilə və qismən xilam vermək hüququna malikdir və bu halda: a)həmin günədək ödənilmiş müqavilə məbləği geri qaytarılmır; b)müqavilənin 1 nömrəli Əlavəsinin 2.1.2-ci bəndinə uyğun olaraq ödənilməli məbləğ Sifarişçi tərəfindən müvafiq qaydada ödənilir. Göründüyü kimi Universitetlərə müraciət müddəti bitdikdən yəni 20-28 iyun tarixindən 20 gün sonra iddiaçı 16 iyul tarixində cavabdehə pritenziya məktubu ilə müraciət edərək aralarında bağlanmış müqavilənin ləğv olunması və ödəmiş olduğu 8120 manatın geri qaytarılmasını tələb etmişdir. 15 yanvar 2024-cü il tarixli Müqaviləyə 1 nömrəli Əlavədə göstərilmiş 1.3-cü bəndinə əsasən sifarişçi üçün müraciət olunan universitetlərindən birindən cavab gəldiyi halda 1.1-ci maddədə nəzərdə tutulan öhdəliklər başa çatmış hesab olunur. İş materiallarından da göründüyü kimi iddiaçının övladının Türkiyə Respublikasında olan universitetə qəbul olunması barədə təstiq cavabı gəlməmiş cavabdeh şirkət bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. 1.6-cı bəndinə əsasən müqavilə üzrə xidmətlər Sifarişçinin qəbul cavabı gəlmiş, razılaşdırılmış universitet, ixtisas üzrə qeydiyyatının tamamlanması, yəni universitetdən arayışın alınması zamanı tamamlanır və bu Tərəflər arasında Xidmətlərin tamamlanması haqqında Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin qeyd olunan bəndindən də göründüyü kimi universitetə qəbul barədə cavab, razılaşdırılmış universitet, ixtisas üzrə qeydiyyatın tamamlanması, bu barədə arayışın verilməsi və bu barədə tərəflər arasında təhvil-təslim aktının imzalanması ilə yekunlaşmalı olduğu halda heç bir xidmət göstərilməmiş və iddiaçı tərəfindən ilkin ödəniş kimi 8120 manat geri qaytarılmamışdır. Təbii ki, tərəflər arasında bağlanmış müqavilənin həyata keçirilməsi təstiq olunması üçün ilk növbədə iddiaçının övladının təhsil müəsisəsini bitirməsi barədə atestatı Türkiyə Respublikasında olan universitetə təqdim olunmadan belə bir cavabın gəlməsi qeyrimümkündür. Bu hal tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə 1 nömrəli əlavədə zəruri olan şərtlərdən biri kimi qeyd olunmuşdur. Bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə xidmət haqqı 30600 manat təşkil edir. 2.1.1-ci bəndinə əsasən Sifarişçi müqavilə məbləğinin 8126 manat hissəsini müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür. 2.1.2-ci bəndinə əsasən Sifarişçi müqavilə məbləğinin 22474 manat hissəsini universitetdən qəbul cavabı gəldiyi gündən 3 (üç) gün ərzində ödəməyi öhdəsinə götürür. Nəzərə alsaq ki, cavabdeh şirkət tərəfindən 8120 manat Türkiyə Respublikasında olan Universitetin hesabına xx.xx.2024-cü il tarixdə köçürülmüş, qalan məbləğin tələb olunması barədə iddiaçıya heç bir bildirişin verilməsi iş materialları ilə öz təstiqini tapmamışdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə icraçı tərəfindən əməl olunmamışdır. Bütün bunlar işdə olan sənədlərlə və tərəflər arasında olan yazışmalarla da öz təsdiqini tapmışdır. Cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən, orta təhsil haqqında atestat olmadan guya müqavilə üzrə sifarişin lazimi qaydada icra olunması barədə görüntü yaratdığından müqavilə ləğv olunmalı, iddiaçının müqavilə bağlanan zaman ödədiyi 8126 manat cavabdehdən alınaraq ona qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilməli, müqavilə üzrə ödənilmiş 8126 manat pul və 100 manat dövlət rüsumu cavabdeh “X3” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh “X3” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilsin. Müqavilə üzrə ödənilmiş 8126 manat pul və 101 manat dövlət rüsumu cavabdeh “X3” MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar