Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3123/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X3” MMC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilənin ləğvi və pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh “X3” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" MMC-nin direktoru Kənan Kərimov ilə İddiaçı arasında bağlanmış 15 yanvar 2024-ci il tarixli xidmət müqaviləsinə əsasən, cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilən xidmətləri, yəni iddiaçının övladının Türkiyə Respublikasında Ali Təhsil müəssisəsinə qəbul etdirilməsini öhdəsinə götürmüşdür. Tətəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən xidmət haqqı 30600 manat nəzərdə tutulmuş, sifarişçiyə ilkin olaraq 8126 manat məbləğində ödəniş edilmiş və 2.1.1-ci bəndə əsasən sifarişçi müqavilə məbləğinin 22474 manat hissəsini Universitetin qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh “X3” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC-nin direktoru Kənan Kərimov arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli xidmət müqaviləsinin ləğv edilməsi, ödənilmiş 8126 (səkkiz min yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, müqavilə bağlandıqdan bir müddət sonra Türkiyə Universitetlərində təhsil haqlarını araşdırmağa başlamış, qiymətlərin cavabdehin müqavilədə yazılmış və aralarında razılaşdırılmış qiymətlərdən qat-qat yuxarı olduğunu müəyyən etmişdir. Bundan başqa, yaşam xərclərinin ona dedikləri 400 manat məbləğində deyil, 1500-2000 manat olduğunu müəyyən etmişdir. Bu barədə cavabdehə bildirdikdə ilk əvvəl inkar etsələr də, sonradan həqiqətən qiymətlərin müqavilədə razılaşdırılmış məbləğdən daha yüksək olmasını etiraf edərək, həmin artırılmış məbləği hissə-hissə 2 dəfəyə ödəyə biləcəklərini inandırmağa çalışmışlar. Bu barədə bir neçə dəfə müraciət edərək maddi imkanının həmin məbləğləri ödəməyə kifayət etmədiyini, ödədiyi 8126 manat məbləğin geri qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-396/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia təmin edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 421, 442, 777, 778, 779.1, 782.1, 784, 786.1-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri düzgün və tam, şəffaf olaraq icra edilmiş, lakin iddiaçının övladı əslində Azərbaycan Respublikasında olan universitetlərdən birində təhsil alması qənaətinə gələrək bilərəkdən bu formada müqaviləni birtərəfli olaraq ləğv etmək qərarına gəlmişdir. İlkin baxışdan təhsil haqqı və yaşam xərclərinin çox olmasını qeyd etsə də, şirkətin nümayəndəsi və şirkət olaraq bu formada cavabdehlik daşıya bilməz. Bununla bağlı müqavilədə belə bir bənd movcud deyildir. Halbuki, tərəflər müqavilənin ümidsiz olmaması üçün son anadək əllərindən gələni etməlidirlər. İddiaçı övladı Azərbaycan Pedaqoji Universitetinə daxil olmuşdur. Halbuki, bununla bağlı müqavilənin digər tərəfi olan Cavabdeh MMC-yə mlumat verməli idi. Məlumatı qəsdən verməməyin səbəbi, müqaviləni süni şəkildə aldatma yolu ilə ləğv etməkdən başqa bir şey deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 777. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Maddə 784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Maddə 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi (vəkili) bundan əvvəlki tarixə, yəni xx.xx.2025-ci ilə təyin olunmuş məhkəmə iclasında iştirak etməmiş, Naxçıvan şəhərində başqa məhkəmə prosessində iştirakının zəruri olduğunu bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun vəsatətini təmin edərək məhkəmə iclasını xx.xx.2025-ci il tarixə təxirə salmış və bu barədə cavabdehə lazımi qaydada məlumat vermişdir. Lakin cavabdehin nümayəndəsi bu məhkəmə iclasına da gəlməmiş və gəlməməsinin səbəbini Gəncə Apellyasiya Məhkəməsində baxılan cinayət işində iştirakı ilə izah etmişdir. Ancaq o, bu barədə, yəni Gəncə Apellyasiya Məhkəməsində baxılan iş, həmin işdə onun iştirakının zəruriliyi barədə sübutları və ən azından ona göndərilən məhkəmə bildirişinin surətini işə baxan məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq nümayəndənin məhkəmə kollegiyasının iclasında iştirak etməməsinin səbəbini üzrsüz sayır və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün sayır.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
16. Kollegiya ilk növbədə nəzərə alır ki, Xidmət müqaviləsinin 2.2-ci bəndinə əsasən icraçı göstərilən xidmət üzrə Ali Təhsil müəssisəsindən ilk qəbulu aldığı andan 1 nömrəli Əlavədə göstərilmiş 1.1-ci bəndinə uyğun xidməti öhdəçiliyini başa vurmuş hesab olunur.
17. Xidmət müqaviləsinin 6.3-cü bəndinə əsasən Sifarişçi İcraçıya 10 (on) gün müddətində yazılı xəbərdarlıq təqdim edərək müqaviləyə tamamilə və qismən xilam vermək hüququna malikdir və bu halda: a)həmin günədək ödənilmiş müqavilə məbləği geri qaytarılmır; b)müqavilənin 1 nömrəli Əlavəsinin 2.1.2-ci bəndinə uyğun olaraq ödənilməli məbləğ Sifarişçi tərəfindən müvafiq qaydada ödənilir.
18. Göründüyü kimi, Universitetlərə müraciət müddəti bitdikdən, yəni 20-28 iyun tarixindən 20 gün sonra iddiaçı 16 iyul tarixində cavabdehə pretenziya məktubu ilə müraciət edərək aralarında bağlanmış müqavilənin ləğv olunması və ödəmiş olduğu 8120 manatın geri qaytarılmasını tələb etmişdir. Xidmət müqaviləsinə 1 nömrəli Əlavədə göstərilmiş 1.3-cü bəndinə əsasən sifarişçi üçün müraciət olunan universitetlərindən birindən cavab gəldiyi halda 1.1-ci maddədə nəzərdə tutulan öhdəliklər başa çatmış hesab olunur. İş materiallarından da göründüyü kimi iddiaçının övladının Türkiyə Respublikasında olan universitetə qəbul olunması barədə təsdiq cavabı gəlməmiş, cavabdeh şirkət bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
19. 1 nömrəli Əlavənin 1.6-cı bəndinə əsasən müqavilə üzrə xidmətlər Sifarişçinin qəbul cavabı gəlmiş, razılaşdırılmış universitet, ixtisas üzrə qeydiyyatının tamamlanması, yəni universitetdən arayışın alınması zamanı tamamlanır və bu Tərəflər arasında Xidmətlərin tamamlanması haqqında Təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
20. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin qeyd olunan bəndindən də göründüyü kimi universitetə qəbul barədə cavab, razılaşdırılmış universitet, ixtisas üzrə qeydiyyatın tamamlanması, bu barədə arayışın verilməsi və bu barədə tərəflər arasında təhvil-təslim aktının imzalanması ilə yekunlaşmalı olduğu halda heç bir xidmət göstərilməmiş və iddiaçı tərəfindən ilkin ödəniş kimi 8120 manat geri qaytarılmamışdır.
21. Bundan əlavə, işdə olan vatsap yazışmalarından görünür ki, iddiaçı cavabdehə yaşam üçün qiymətlərin və təhsil haqqının yüksək olduğunu və razılaşdırdıqları qiymətə uyğun olmadığını bildirmişdir. İddiaçının müqaviləni ləğv etməsinə səbəb cavabdeh tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəb olmuş, bununla iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
23. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh “X3” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.