Məhkəmə qərarları › İş №2(5-99)-602/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(5-99)-602/2026

02.03.2026 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-602/2026 02.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri 30 saylı Notariat ofisində 29 noyabr 2023-cü il tarixdə aralarında bağlanmış borc müqaviləsinin ləğv edilməsi Cavabdeh2 2300( iki min üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) olmaqla, cəmi 2343 (iki min üç yüz qırx üç) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi :

3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbi aydın şəkildə göstərilməli olmasına baxmayaraq, hazırki iddia tələbi aydın deyildir.

5. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh2 ilə Bakı şəhəri 30 saylı Notariat ofisində 29 noyabr 2023-cü il tarixdə arasında bağlanmış borc müqaviləsinin ləğv edilərək Cavabdeh2 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitinin və 43 (qırx üç) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, cavabdeh ilə arasında 30 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdehə 3500 manat məbləğində pul vəsaitini borc olaraq vermiş, həmin vəsaitdən 1200 manat ödəniş etməsinə baxmayaraq 2300 manat məbləğində pul vəsaitini ödəməmişdir.

7. İddiaçı tərəfindən iddia tələbi Cavabdeh2 tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə əsaslandırılmasına baxmayaraq cavabdeh qismində Cavabdeh2 və 30 saylı notariat ofisi cəlb edilmişdir. Lakin 30 saylı notariat ofisinə yönəlmiş tələb göstərilməmişdir.

8. Məhkəmə qeyd edir ki, məhkəmə üçün aydın deyildir ki, cavabdehin hansı hərəkət və ya hərəkətsizliyi iddiaçının hüquqlarını pozulması ilə nəticələnmişdir. Halbuki mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində hər bir cavabdehə qarşı yönəlmiş tələb aydın şəkildə ifadə edilməlidir. Hazırki halda isə iddiaçının tələbi aydın deyildir.

9. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

10. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır

11. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu (İddiaçı, FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2026, saat:13:11) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. 12.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 30 saylı Notariat ofisinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu (İddiaçı, FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2026, saat:13:11) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar