Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-399/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında aparılan qanunsuz tikintinin həmin tikintinin sifarişçisi Cavabdeh hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 saylı sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin bazasında yaradılmışdır. Cəmiyyətin nizamnaməsində hüquqi ünvan kimi Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 18 göstərilə də, müəssisə 2010-cu ildən (göstərilən ünvandakı bina ARDNŞ-ə satılmışdır) ünvan 4 ünvanında fəaliyyət göstərir. Bir müddət əvvəl cəmiyyətə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 4 ünvanındakı üçmərtəbəli inzibati binaya demək olar ki, bitişik 60 sm məsafədə cavabdeh tərəfindən ikimərtəbəli ofis binasının tikintisinə başlanılmışdır ki, bu tikinti normalarına tamamilə ziddir. Araşdırma zamanı məlum olmuşdur ki, orada həmin binanın tikintisinə icazə belə alınmamışdır. Ofis binasının tikintisi zamanı cəmiyyətin inzibati binasına gedən kanalizasiya xətləri tikinti aparılan şirkət tərəfindən sındırıldığından, hazırda binanın zirzəmisində yerləşən və mülki müdafiə üçün nəzərdə tutulan sahə kanalizasiya suları ilə dolmuş və tamamilə yararsız hala düşmüşdür. İddiaçının ərizəsi əsasında həmin ünvanda qanunsuz tikintinin aparılmasının davam etdirilməsinin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MTT(008)-90/2022 saylı qərardad qəbul edilmişdir. Göstərilənlərə əsasən tələbin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, həmçinin bildirdi ki, iş üzrə məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə razı deyildir. Belə ki, cavabdehin tikintisinə icazə aldığı ərazi tikintinin faktiki aparıldığı ərazinin hüdudlarında yerləşmir, lakin ekspert həmin yerlərin üst-üstə düşdüyünü qeyd etmişdir. Odur ki, göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında idida tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində inşası nəzərdə tutulan qeyri-yaşayış binasının tikintisinə müvafiq icazələr alınmış və tikinti normaları nəzərə alınaraq inşa edilir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2-2022-508 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 6ndə inşası nəzərdə tutulan qeyri-yaşayış binasının tikintisinə dair xx.xx.2022-ci il tarixli, Tİ-13/22 nömrəli tikintiyə icazə sənədi müvafiq qurumlara təqdim edilmişdir. Odur ki, nümayəndə göstərilənlərə əsasən, həmçinin iş üzrə verilmiş ekspert rəyinin nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - İddiaçı ASC-nin səhmdarlarının xx.xx.2004-cü il tarixli yığıncağı tərəfindən təsdiq edilmiş və xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsindən (eləcə də Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan) məlum olur ki, cəmiyyət Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə, D-3503 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin özəlləşdirilmiş əmlakının bazasında yaradılmış və onun hüquqi varisidir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 saylı sərəncamı və ona 1 nömrəli əlavədən görünür ki, ARDNŞ-ın tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 18 ünvanında yerləşən “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında (bu sərəncama 1 nömrəli əlavədə göstərilən sturuktur bölmələr daxil edilməklə) İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Onun tərkibinə daxil edilən “Xəzərdənizneftsosialtikinti” trestinin struktur bölmələrinin siyahısında ünvan 1 ünvanı göstərilmişdir. - Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş Tikintinin Mexanikləşdirilməsi İdarəsinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında balans saxlayıcı və ya mülkiyyətçi Dövlət Neft Şirkəti, “Xəzərdənizneftsosialtikinti” tresti, Tikintinin Mexanikləşdirilməsi İdarəsinə məxsus tikinti üçmərtəbədən ibarət olub ümumi sahəsi 7032.8 m2-dir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli məktubu və əlavə olunan qoşmadan görünür ki, komitənin xx.xx.2020-ci il tarixli, 29 nömrəli sərəncamı ilə təsdiq edilmiş ünvan 6 küçəsində, Cavabdeh icarəsində olan torpaq sahəsində layihələndirilən ikimərtəbəli qeyri-yaşayış (ofis) obyekti qanunamüvafiq qaydada və prosedurlara əməl edilməklə əsaslandırılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışdan görünür ki, dövlət mülkiyyətində olan, ünvan 6 ünvanında yerləşən 0,1 ha, sənaye, nəqliyyat, müdafiə və digər təyinatlı torpaq Cavabdeh 49 il müddətinə icarəyə verilmişdir və bunun əsasları Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 03 saylı sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli, 17 saylı müqavilə, xx.xx.2018-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsidir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4942 saylı ekspert rəyindən görünür ki, ünvan 6ndə yerləşən Cavabdeh tərəfindən inşa olunan tikintinin koordinatlarının rəsmi icazə verilən yerin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmiş, ünvan 6ndə yerləşən Cavabdeh tərəfindən inşa olunan tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə riayət edilməklə tikinti norma və qaydalarına uyğun inşa olunmuşdur. ünvan 6ndə yerləşən Cavabdeh tərəfindən inşa olunan tikilinin divarı ilə İddiaçı ASC-nin inzibati binasının divarları arasındakı məsafənin bir tərəfdən 1,0 m, digər tərəfdən 1,2 m olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddia tərəfi Cavabdeh tərəfindən qanuni əsas olmadan, habelə müəyyən edilmiş ərazidən kənarda tikinti işlərinin aparıldığını iddia edərək, sözügedən tikilinin onun hesabına sökülməsini xahiş edir, cavabdeh isə iddianı əsassız hesab edərək, təqdim edilmiş ekspert rəyinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarını və ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini, habelə məhkəmə iclasında tədqiq edilmiş digər sübutları nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin nə faktiki, nə də hüquqi əsası vardır. Belə olan halda isə, iddia işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə uyğunlaşmadığından və sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları hərtərəfli qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, habelə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-399/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-399/2023
23.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver