Məhkəmə qərarları › İş №2(008)-4208/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4208/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4208/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, “Azərmaş" MMC ilə bağlanmış 20 avqust 2020-ci il tarixli MAS-2663 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Cavabdeh 20 avqust 2020-ci il tarixli MAS-2663 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 mart 2022-ci il tarixə 1147.76 manat gecikdirilmiş əsas, 267.1 manat gecikdirilmiş mükafat, 489.79 manat dəbbə pulu, 474 manat dəymiş zərər, ümumilikdə 2378.65 manat borc və ödənilmiş 44.19 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2020-ci il tarixli MAS-2663 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630586 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 14252 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14252 manatın 10800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "Azərmaş” MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 mart 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 474 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 24 dekabr 2021-ci il tarixdə 200 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 20 avqust 2020-ci il tarixli MAS-2663 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 mart 2022-ci il tarixə 1147.76 manat gecikdirilmiş əsas, 267.1 manat gecikdirilmiş mükafat, 489.79 manat dəbbə pulu, ümumilikdə 1904.65 manat gecikmə borcu yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh Aikf oğlu arasında xx.xx.2020-ci il tarixli MAS-2663 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630586 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. MAŞ-2663 saylı xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinin 3 saylı əlavəsinin surətindən görünür ki, Cavabdeh illik 19 faiz mükafat hesablanmaqla 36 aylıq müddətə hər ay 395.89 manat, ümumilikdə isə 14252 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14252 manatın 10800 manatı əsas məbləğ təşkil edir. İş materiallarında olan Azərmaş MMC Servisinin arayşından görünür ki, “Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 474.00 manat ziyan dəymişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh Aikf oğluna xx.xx.2022-ci il tarixdə ünvanlanmış xəbərdarlıqdan müəyyən edilir ki, cavabdeh yaranmış borcun tez bir zamanda ödəmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi və pulun tutulması üçün lizinq şirkəti tərəfindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh Aikf oğluna xx.xx.2022-ci il tarixdə ünvanlanmış xəbərdarlıqdan müəyyən edilir ki, cavabdehin müvəqqəti istifadəsinə verilmiş “Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 474 manat ziyan dəymiş olduğundan, dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ji il tarixli 1414 saylı arayışından görünür ki, Cavabdeh Aikf oğlunun 1147.76 manat əsas, 267.10 manat gejikdirilmiş mükafat, 489.79 manat cərimə borcu olmaqla, cəmi 1904,65 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir necə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1.-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12-748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 448.1. və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, İddiaçı MMC ilə Cavabdeh Aikf oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2663 nömrəli müqaviləyə əsasən MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir. Tərələr arasında bağlanmış lizinq müqaviləsinə uyğun olaraq cavabdeh üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməyərək, lizinq müqaviləsi üzrə ödənişini vaxtlı-vaxtında yerinə yetirməyərək, iddiaçını müqavilə bağlanan zaman ümid etməyə haqqı çatanlardan xeyli məhrum edərək, müqavilə üzrə 1147.76 manat əsas, 267.10 manat gecikdirilmiş mükafat, 489.79 manat cərimə borcu qalmışdır. Bundan başqa mülki işin matraillarına əlavə edilmiş qüsur aktından görünür ki, “Khazar LX” minik markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsində olduğu müddətdə avytomobilə 474 manat dəyərində zərər dəymişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, Cavabdeh Aikf oğlunın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödəmədiyindən tərəflər arasında bağlanmış lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 1147.76 (bir min bir yüz qırx yeddi manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 267.10 (iki yüz almış yeddi manat, on qəpik) manat gecikmiş mükafat tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə 100 manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkləmə iddia tələbinin “Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə dəymiş 474 manat məbləğində cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş qüsur aktında avtomobilə 474 manat zərər dəymiş olduğu qeyd edilsədə, qeyd edilən məbləğ yalnız görüləcək işlərə çəkilməli olan xərc olduğu müəyyən edildiyi halda, qeyd edilən işlərinin görülməsinə zərurətin hansı səbəblərdən yaranmasına dair sübutlar mülki işin matriallarına əlavə edilmədiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 44.19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 44.19 manat məbləğində dövlət rüsumunun 34 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçi İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2020-ci il tarixli, MAS-2663 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 1147.76 (bir min bir yüz qırx yeddi manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 267.10 (iki yüz almış yeddi manat, on qəpik) manat gecikmiş mükafat, 100 (yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1514.86 (bir min beş yüz on dört manat, səksən altı qəpik) manat borc və 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2020-ci il tarixli, MAS-2663 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 1147.76 (bir min bir yüz qırx yeddi manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 267.10 (iki yüz almış yeddi manat, on qəpik) manat gecikmiş mükafat, 100 (yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1514.86 (bir min beş yüz on dört manat, səksən altı qəpik) manat borc və 34 (otuz dörd) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar