Məhkəmə qərarları › İş №2(008)-4374/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4374/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4374/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 İddiaçı nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «lizinq obyektinin qaytarılması və lizinq borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 13/558 saylı daxili lizinq müqaviləsinə edilmiş əlavə 1 də göstərilən "Döng Feng" markalı özüboşaldanın "Şassi: LGAX5DF54C3806160; mühərrik: 87668726, buraxılış ili: 2012"xxxxxxxxxxxxxxxxxİddiaçı MMC-yə geri qaytarılması, 13/558 saylı daxili lizinq müqaviləsinə görə sabit (əsas) məbləğ üzrə 12 390,22 manat, faiz (dəyişən haqq) üzrə 1 193 manat olmaqla ümumi məbləğ üzrə 13 583,22 manat, dəbbə pulu üzrə isə 2 017,28 manat olmaqla, cəmi 15 600,50 manata bərabər məbləğin və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC bir qayda olaraq mülki dövriyyədə lizinq münasibətlərinin iştirakçısı kimi lizinq verən qismində fəaliyyət göstərir. İddiaçı xx.xx.2013-cü il tarixdə X6 ilə 13/588 saylı daxili lizinq müqaviləsi bağlamış, həmin lizinq müqaviləsinə əsasən, iddiaçı lizinq müqaviləsinə edilmiş Əlavə 1-də göstərilən lizinq obyektini X3 əvəzli istifadəsinə verməyi, sonuncu isə öz növbəsində müqavilənin bitmə tarixinə (31 ay müddətində) iddiaçının hesabına cəmi 83 628,70 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü maddəsinə əsasən həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ödəniş tarixinə müəyyən edilmiş manat və ABŞ dollarına münasibətdə müəyyən etdiyi mübadilə məzənnəsi əsas götürülməklə, ABŞ dollarında hesablanacağı və Azərbaycan manatında ödəniləcəyi (bir başqa sözlə, ödəniş vasitəsini manat olduğu) müəyyən edilmişdir. Lizinq obyekti X4 təhvil verilmiş, təhvil-təslimlə bağlı tərəflər arasında heç bir narazılıq yaranmamış və X6 iddiaçının nümayəndələrinin iştirakı ilə təhvil-təslim protokolunu (müqaviləyə edilmiş Əlavə 3) imzalamışdır. Qeyd olunan lizinq obyektinin qiyməti cəmi 59,575 ABŞ dolları məbləğində olan "Döng Feng" markalı özüboşaldanın avtomaşındır (Şassi: LGAX5DF54C3806160; mühərrik: 87668726, buraxılış ili:2012). Həmin özüboşaldan tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 13/588 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklər xx.xx.2018-ci ildə "Öhdəliklərin köçürülməsi haqqında müqavilə" ilə Cavabdeh1 köçürülmüş və lizinq obyekti cavabdehə təhvil verilmişdir. Eyni zamanda cavabdeh həmin müqaviləyə əlavə edilmiş əlavə 2-də göstərilən ödəniş cədvəlinə uyğun olaraq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətinə cəmi 39 538 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu məbləğin 11 750 manat (235 manat komissiya haqqı daxil olmaqla) hissəsini ilkin ödəniş kimi ödəmiş, qalan məbləği isə ödəniş cədvəlinə uyğun olaraq hər növbəti ayın 20-si 1 545 manat məbləğində sabit olmaqla hissə-hissə iddiaçının hesabına ödəməyə razılıq vermişdir. Cavabdeh bağlanan müqavilə ilə yanaşı, müqavilə üzrə onun öhdəliyini təmin etmək məqsədilə xx.xx.2018-ci il tarixdə Cavabdeh2 ilə 13/588.2 saylı zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh dəfələrlə ödəniş qaydasını ödənişin məbləğinə və vaxtlarına riayət etməməklə pozmuşdur. Belə ki, cavabdeh 2018-ci ilin noyabr ayından başlayaraq ödənişləri gecikdirmiş, sonuncu dəfə 2019-cu ilin dekabr ayından təxminən həmin ilin iyul ayı üçün nəzərdə tutulmuş lizinq ödənişindən 1 182 manat ödəmiş və bir daha ödəniş etməmişdir. Lizinq müddətinin bitməsinə baxmayaraq cavabdeh 2019-cu ilin aqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2020-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün nəzərdə tutulmuş ödənişləri hazırkı tarixə qədər icra etmədiyindən o, 9 ay ardıcıl olaraq ödəniş etməmiş hesab olunur. Cavabdeh xx.xx.2020-ci il tarixədək iddiaçının hesabına əsas məbləğ üzrə cəmi 39 538 manat ödəməli olduğu halda, cəmi 25 955 manat ödəmişdir. Yəni, cavabdeh xx.xx.2020-ci il tarixə qədər iddiaçının hesabına ümumi məbləğ üzrə 13 583,22, (sabit haqq üzrə 12 390,22 manat, dəyişən haqq üzrə 1 193 manat) ödəmişdir. Eyni zamanda, Müqavilənin 4.6-cı maddəsinə əsasən cavabdeh müqavilə əsasında müəyyən edilmiş aylıq ödənişləri müqavilə əsasında müəyyən edilmiş tarixlərdə həyata keçirməzsə gecikdirdiyi hər gün üçün gecikdirdiyi məbləğin 0.1%-i miqdarında əlavə ödəniş (dəbbə pulu) etməlidir. xx.xx.2020-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş dəbbə pulu 2 017,28 manata bərabərdir. Nəhayət xx.xx.2020-ci il tarixə cavabdeh iddiaçının hesabına cəmi 15 600,50 (13 583,22+2 017,28) manat ödəməlidir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmışlar, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddələrnin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X6 arasında xx.xx.2013-cü il tarixdə 13/588 saylı daxili lizinq müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC lizinq müqaviləsinə edilmiş Əlavə 1-də göstərilən lizinq obyekti olan "Döng Feng" markalı özüboşaldan avtomaşını (Şassi: LGAX5DF54C3806160; mühərrik: 87668726, buraxılış ili:2012) X3 əvəzli istifadəsinə verməyi, sonuncu isə öz növbəsində müqavilənin bitmə tarixinə (31 ay müddətində) iddiaçının hesabına cəmi 83 628,70 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Lizin obyektinin qiyməti 59 575 ABŞ dollarının manat ekvivalentidir. İş materiallarından görünür ki, İddiaçı MMC Lizinq obyekti olan "Döng Feng" markalı özüboşaldan avtomaşını (Şassi: LGAX5DF54C3806160; mühərrik: 87668726, buraxılış ili:2012) X4 təhvil vermiş, lizinq alan tərəfindən qəbul edilmiş, bu barədə xx.xx.2013-cü il tarixdə təhvil-təslim protokolu (müqaviləyə edilmiş Əlavə 3) tərtib edilərək imzalamışdır. İş materiallarından görünür ki, İddiaçı MMC tərfindən təsdiq edilmiş X6 ilə Cavabdeh1 arasında xx.xx.2018-ci ildə "Öhdəliklərin köçürülməsi haqqında müqavilə" bağalnmış və həmin müqaviləyə əsasən 13/588 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklər hazırkı iş üzrə Cavabdeh1 köçürülmüşdür. Həmin müqaviləyə əlavə edilmiş əlavə 2-də göstərilən ödəniş cədvəlinə uyğun olaraq Cavabdeh1 18 ay müddətinə cəmi 39 538 manat ödəməyi öhdəsinə götürmüş, bu məbləğin 11 750 manat (235 manat komissiya haqqı daxil olmaqla) hissəsini ilkin ödəniş kimi ödəmiş, qalan məbləği isə ödəniş cədvəlinə uyğun olaraq hər növbəti ayın 20-si 1 545 manat məbləğində sabit olmaqla hissə-hissə iddiaçının hesabına ödəməyə razılıq vermişdir. İş materiallarından görünür ki, X6 tərəfindən Lizinq obyekti olan "Döng Feng" markalı özüboşaldan avtomaşın (Şassi: LGAX5DF54C3806160; mühərrik: 87668726, buraxılış ili:2012) Cavabdeh1 təhvil verilmiş, lizinq alan tərəfindən qəbul edilmiş, bu barədə xx.xx.2018-ci il tarixdə təhvil-təslim protokolu (müqaviləyə edilmiş Əlavə 3) tərtib edilərək imzalamış və İddiaçı MMC tərəfindən təsdiq edilmişdir. Əlavə 2-də ödəniş cədvəli tərtib edilmiş, son ödəniş tarixi xx xxxxx 2020-ci il tarixə müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-cu il tarixli 13/588.2 №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq alan tərəfindən öhdəlik müqaviləsi üzrə öhdəliklərinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı maliyyə arayışından görünür ki, Cavabdeh1 13/558 saylı xx.xx.2018-ci il tarixli daxili lizinq müqaviləsinə görə əsas məbləğ üzrə 12 390,22 manat, faiz üzrə 1 193 manat, ümumi məbləğ üzrə 13 583,22 manat, gecikdirilmiş məbləğ 2 017,28 manat, cəmi 15 600,50 manat məbləğində borcu vardır. Beləliklə, işin faktiki hallarından aydın olduğu kimi, İddiaçı ilə X6 arasında daxili lizin müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, lizinq verən (iddiaçı) lizinq obyektini lizinq alanın (X6) istifadəsinə təqdim etmiş, sonradan lizinq müqaviləsi üzrə X3 öhdəlikləri Cavabdeh1 ötürülmüş, eyni zamanda, lizinq obyekti Cavabdeh1 təhvil verilmişdir. Hazırda iddiaçı lizinq obyektinin qaytarılması və lizinq borcunun ödənilməsi istəyir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Daxili lizinq müqaviləsinin 4.6-cı bəndinə əsasən lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişin 0,1 %-nə bərabər həcmdə əlavə ödənişi ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə görə lizinq müddəti ərzində lizinq əmlakına mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Həmin Müqavilənin 18.3.3-cü bəndinə görə lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 1 ardıcıl halda ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt hallardan biri hesab edilir. Müqavilənin 20.1-ci bəndinə görə, defolt halın baş verməsi zamanı lizinq verən lizinq obyektini geri almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zamin Cavabdeh2 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik üçün lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Bu əsasdan məhkəmə hesab edir ki, iddia lizinq obyektinin qaytarılması, əsas və faiz borcunun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 2 017,28 məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 201,7 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 88 faiz hissədə təmin edildiyindən (15 600,50 manat iddia tələbinin təmin edilən 13 784,92 manat hissəsi), dövlət rüsumunun 26,40 manatı cavabdehlərə, 3,60 manatı isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 13/558 saylı daxili lizinq müqaviləsinə edilmiş əlavə 1 də göstərilən "Döng Feng" markalı özüboşaldan (Şassi: LGAX5DF54C3806160; mühərrik: 87668726, buraxılış ili:2012)xxxxxxxxxxxxxxxxxİddiaçı MMC-yə geri qaytarılmalı, 13/558 saylı daxili lizinq müqaviləsinə görə sabit (əsas) məbləğ üzrə 12 390,22 manat, faiz (dəyişən haqq üzrə) 1193 manat olmaqla ümumi məbləğ üzrə 13 583,22 manat, dəbbə pulu üzrə isə 201,7 manat olmaqla, cəmi 13 784,92 manat və 26,40 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-nin hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 13/558 saylı daxili lizinq müqaviləsinə edilmiş əlavə 1 də göstərilən "Döng Feng" markalı özüboşaldan (Şassi: LGAX5DF54C3806160; mühərrik: 87668726, buraxılış ili: 2012)xxxxxxxxxxxxxxxxxİddiaçı MMC-yə geri qaytarılsın. 13/558 saylı daxili lizinq müqaviləsinə görə sabit (əsas) məbləğ üzrə 12 390,22 manat, faiz (dəyişən haqq üzrə) 1193 manat olmaqla ümumi məbləğ üzrə 13 583,22 manat, dəbbə pulu üzrə isə 201,7 manat olmaqla, cəmi 13 784,92 manat və 26,40 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. 3,60 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhk-əməsinə apellyasiya şikayəti verilə bilər. Hakim TahirəƏsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar