Məhkəmə qərarları › İş №2(008)-454/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-454/2025

10.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-454/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri keçmiş Lenin rayonu (indiki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan, “X13”nın adına olan 1972-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un atası “X6 (“X14”na) məxsus (mənsub) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. X32 (bəzi sənədlərdə “Əli Heydər” və ya “ƏliHeydər” şəklində qeyd edilmişdir) Hüseyn oğlunun vərəsəsidir. Belə ki, atasının xx.xx.1997-ci il tarixdə vəfatından sonra ondan qalan miras əmlakı qəbul etmiş və daha sonra müraciəti üzrə 12 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və o, vərəsə kimi tanınmışdır. X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamədə atasının soyadı “Seyidov”, adı “Əliheydər”, ata adı isə “Hüseyn” kimi yazılmışdır. Atasının ölüm haqqında şəhadətnaməsində isə ad-soyad “X14” şəklində qeyd edilmişdir. Atasından miras qalmış sözügedən evlə bağlı Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin X3 Bürosu tərəfindən tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” vardır. Məlumdur ki, həmin pasport Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olan sənədlərdən hesab edilmişdir. Həmin texniki pasport 1972-ci ildə tərtib olunmuşdur. Texniki pasportun üzərində “ev sahibinin f.a. atasının adı” qrafasının qarşısında rus dilində kiril əlifbası ilə “X26 k.” inisialları yazılmışdır. Burada atasının ad-soyad və ata adı həqiqətdə olduğu kimi qeyd edilmişdir. Lakin soyad “Seidov” deyil, “Seidova” şəklində, yəni rus dilinin qadın cinsində yazılmışdır. Eləcə də, “oğlu/oqlı” sözünü ifadə etməli olan “o.” hərfi deyil, “k” hərfı işlənmişdir. Onun “Əliheydər” adlı bibisi, atasının isə bu adda bacısı olmamışdır. Yəni, ailəsində hamı bilir ki, bu mülkün sahibi həmişə atası “X14” olmuşdur, sənədi də atasının hesab etmişlər. Bunu 2014-cü ildə notariat orqanına təqdim etmək üçün Sabunçu rayon İHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyindən aldığı xx.xx.2014-cü il tarixli 109 nömrəli arayış da təsdiq edir. Belə ki, “Forma 2” tipində tərtib olunan arayışın ev sahibi qrafasının qarşısında “mərhum X15” qeyd edilmiş, buna, yəni mərhum atasının ev sahibi olmasına əsas kimi isə texniki pasport qeyd edilmişdir. Həmin arayışdan görünür ki, burada qeydiyyatda olanların hamısı atasının ailə üzvləridir (o, bacıları, bacısının övladları və s.), burada “X26 k.” ad-soyadda şəxslə yaxud onun övladları ilə bağlı heç bir məlumat yoxdur. 2024-cü ilin iyul ayında sözügedən texniki pasportun arxiv nüsxəsini əldə etmək üçün yazılı ərizə ilə “ASAN 7” xidməti vasitəsilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirmişdir ki, “...idarənin arxivində olan Bakı şəhəri keçmiş Lenin rayonu Məktəbli küçəsi 54a saylı fərdi yaşayış evinə dair X4 adına (sənəddə olduğu kimi) hazırlanmış 1972-ci il tarixli texniki pasportun təsdiqlənmiş surətini təqdim edirik. Məlumat üçün bildiririk ki, sözügedən texniki pasportda göstərilən şəxsin mərhum X12 ilə eynilik təşkil edib-etməməsini müəyyənləşdirmək mümkün olmamışdır”. 1 saylı Bakı Ərazi İdarəsinin qeyd edilən arayışına/cavab məktubuna qoşma olaraq əlavə edilmiş “03” vərəqlik texniki pasportun arxiv nüxsəsinin 1-ci vərəqinin “Ev sahibinin f.a., atasının adı” qrafasının qarşısında “X19/kızı” şəklində qeyd vardır. Qeyddən görünür ki, ilk öncə “oğlı”sözü yazılsa da, üstündən xətt çəkilib. Göründüyü kimi hüquqmüəyyənedici sənəddə müəyyən yanlışlıqlar və ya texniki səhv üzündən yaranmış xəta vardır. Bunun məhkəmə qaydasında araşdırılmasına və qiymətləndirilməsinə zərurət vardır. Çünki bu sənəd onların evi ilə bağlı hüquqmüəyyənedici sənəddir və bu sənəd hüquqlarının qeydiyyatı üçün əsas hesab olunur. Burada adı keçən “X14” onun atasıdır, lakin arxiv nüsxəsində soyadın qadın cinsində, adın isə “r” hərfi olmadan, eləcə də “oğlu” sözünün əvəzinə “qızı” yazılması düşünür ki, ya texniki səhv olaraq yanlış yazılıb, ya da həmin zamanlar mülk sahibi olan atası sovet höküməti nəzarətindən qorxduğu üçün bu cür yazdırıb. Çünki həmin zamanlar adlarına mal-mülk olan vətəndaşlar təqib olunmaqdan qorxurdular və adlarına olan əmlakları gizlədirdilər. Atası da ola bilsin ki, soyadı bu cür yazdırıb, sonradan isə səhlənkarlığı üzündən bu yanlışlığı düzəltdirməyib. Fakt odur ki, onlar 1972-ci illərdən texniki pasportla sənədləşdirdikləri, faktiki olaraq isə 1950-ci illərdən atası tərəfindən əldə edilmiş torpaq sahəsində tikilmiş evin qanuni/faktiki sahibi və qanuni istifadəçisi olmuşlar. Atasının sağlığında burada evləri tikilib, həyətləri, ağacları olub, indi də vardır. Ağsaqqalları-böyükləri atası olub, onu mülkün həqiqi və faktiki/hüquqi sahibi kimi tanımışlar. Texniki pasportda göstərilən şəkildə onun bibisi yoxdur, bu mülk atasına məxsus olub, inventarlaşdırılma qeydiyyatı da onun adına aparılıb. Atası sağlığında bu mülkün sahibi və istifadəçisi, təsərrüfat başçısı olub, onun vəfatından sonra miras əmlak onun sahiblik və istifadəsinə keçib. Bacıları qeydiyyatda olsalar da, ailə qurublar və ər evinə köçüblər. O isə onları qeydiyyatdan çıxarmamışdır. Hal-hazırda həmin əmlakı/fərdi yaşayış evini 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata aldırmaq və rəsmiləşdirmək istəyir. Lakin hüququ sahibi olan atasının texniki pasportda ad-soyadında olan fərqliliklər çıxarış almasına imkan vermir. Bu üzdən həmin texniki pasportun atasına məxsus olması faktı müəyyən olunmalıdır. Keçmiş Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi və nazirliyin X3 Bürosu ləğv olunduğu üçün həmin təşkilata müraciət etmək və sənədlərdə düzəliş etmək mümkün dcyildir. Yaxud da həmin təşkilatı xüsusi icraat qaydasında maraqlı şəxs qismində məhkəməyə cəlb etmək də mümkün deyildir. Bu üzdən maraqlı şəxs qismində 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmalıdır, çünki keçmiş Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin arxiv sənədləri ƏMDX-niıı ərazi idarələrinə verilmişdir. Həmçinin, hüquqmüəyyənedici sənədinin gələcəkdə qeydiyyatı da məhz 1 saylı Bakı Ərazi İdarəsində aparılacaqdır. Göründüyü kimi, texniki pasportdakı ad-soyad fərqi texniki yanlışlıq üzündən baş verib. O üzdən məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi, yəni sözügedən texniki pasportun - hüquqmüəyyənedici sənədin atasına mənsub olması müəyyən edilməlidir. O, əmlakın faktiki sahibidir, buradan istifadə edir. Faktiki sahibliyi və istifadəçiliyi 1997-ci ildən, yəni atasının ölümündən indiyə kimi heç kim tərəfindən mübahisələndirilməmişdir. Həmin əmlakla bağlı nə dövlət orqanı, nə hansısa hüquqi şəxs, nədəki hansısa fiziki şəxslə nə mübahisəsi olub, nə ona qarşı iddia qaldırılıb, nə də ona qarşı hansısa tələb olub. Yəni, sözügedən əmlakın mübahisəsiz sahibi və qanuni istifadəçisidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi, ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X14 və Züleyxa Müzəffər qızının nikahı haqqında xx.xx.1963-cü il tarixdə 353 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Seyidova soyadı verilmişdir. Qeyd: Nikaha Ə.H.Seyidovun xx.xx.1997-ci ildə ölməsi, Z.M.Seyidovanın isə xx.xx.2012-ci ildə ölməsi ilə xitam verilmişdir. - Əmək kitabçasının surətindən görünür ki, həmin sənəddə ərizəçinin atasının adı “X14” qeyd edilmişdir. - AZ-T seriyalı 292190 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X14, anası Züleyxa Müzəffər qızıdır. - Maştağa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1954-cü il tarixli 42 nömrəli iclas protokolundan görünür ki, Maştağa qəsəbəsində yaşayan X10 ev tikmək üçün həyətyanı torpaq verilməsi barədə olan Maştağa qəsəbə sovetinin 29/Y1-53cü il 6 nömrəli iclas protokolu təsdiq edilmişdir. - AЗ seriyalı 010193 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Züleyxa Müzəffər qızı xx.xx.1963-cü il tarixdə evlənmişlər, evlənmə qeyd ediləndən sonra arvada Seyidova soyadı verilmişdir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş 377 nömrəli xx.xx.2004-cü il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İ seriyalı 545789 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 908 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 03 yanvar 1997-ci ildə ölmüş atası - X5 adına vərəsəlik işi açılmışdır və Ərizəçi vərəsə kimi tanınmışdır. Bununla əlaqədar olaraq Bakı şəhəri ünvan 5 ünvanında yerləşən əmlaka dair mərhum X5 adına hüquqmüəyyənedici sənədin və ya arayışın təqdim edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, Bakı şəhəri keçmiş Lenin rayonu Məktəbli küçəsi 54a saylı fərdi yaşayış evinə dair X4 adına (sənəddə olduğu kimi) 1972-ci il tarixdə texniki pasport hazırlanmışdır. Sözügedən texniki pasportda göstərilən şəxsin mərhum X12 ilə eynilik təşkil edib-etməməsini müəyyənləşdirmək mümkün olmamışdır. - Bakı şəhəri Sabunçu RİH-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 109 nömrəli 2014-cü il tarixli arayışın surətindən görünür ki, Seyidov X18 qəsəbəsi B.Bağırov küçəsi ev 54A ünvanında yaşayır. Ev 2 otaqdan ibarətdir, evin yaşayış sahəsi 26.2 kv.m-dir, kommunal şəraitlidir. Ev sahibi mərhum X7r. Evdə qeydiyyatda olan şəxslər: Ərizəçi, X16, X21, X17, X8, X31, X38, X22. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X13 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun barəsində doğum, eləcə də digər akt qeydləri aşkar edilməmişdir. - Maştağa rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin 42 nömrəli xx.xx.1954-cü il tarixli qərarının surətindən görünür ki, Maştağa qəsəbəsində yaşayan X11 Maştağa qəsəbəsində ev tikmək üçün 400 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X14, anası Züleyxa Müzəffər qızıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarının:

6. bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.2. bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı şəhəri keçmiş Lenin rayonu (indiki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X13”nın adına olan 1972-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un “X6 (“X14”na) məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. Bakı şəhəri keçmiş Lenin rayonu (indiki ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X13”nın adına olan 1972-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un “X6 (“X14”na) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar