Məhkəmə qərarları › İş №2(008)-458/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-458/2025

16.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-458/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2 LTD” Şirkətinin Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilərək sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 LTD” Şirkəti Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilərək sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410599.03 m B - 4478925.08 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin özbaşına tikili sayılaraq, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "xxxx" Ortaq Neft Şirkəti (ONŞ) arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə müvafiq olaraq Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmişdir. Nəzərə çatdırılır ki, hal-hazırda istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması bizim qanunla qorunan hüquqlarınızı pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə şifahi xəbərdarlıq edilsə də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. xx.xx.2024-cü il tarixdə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410599.03 m B - 4478925.08m C koordinatlar üzrə yerləşən ərazidə özbaşına tikinti aşkarlanmışdır. Tikintini aparan şəxs, vətəndaş Cavabdeh nə torpaq sahəsinə, nə tikintiyə dair heç bir sənəd təqdim etməmişdir. Belə ki, dərhal Cavabdeh tikintinin qanunsuz olduğu izah edilərək, mübahisə qanuni yolla həll olunana qədər tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda qeyd edək ki, İddiaçı Şirkətinin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi texnikayla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini, həmçinin, iş üzrə ödənilmiş 300 manat xərcin Cavabdeh iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “X5 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli 169 nömrəli və xx.xx.2025-ci il tarixli 147 nömrəli mütəxəssis rəylərindən görünür ki, “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı NQÇS-nin 39T 410599.03 m B – 4478925.08 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikili “X2 LTD” Şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarında olan BD6 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı mütəxəssis rəyinin verilməsinə görə “X5 və Ekspertiza Mərkəzi” MMCnin hesabına 300 manat xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410599.03 m B - 4478925.08 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili inşa olunmuşdur. Həmin özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. Zəbt olunmuş torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsi olmaqla “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410599.03 m B - 4478925.08 m C koordinatları üzrə hüdudları daxilindədir. Cavabdehin həmin torpaq sahəsinə və tikiliyə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410599.03 m B - 4478925.08 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş özbaşına tikili sökülməli və zəbt olunmuş torpaq sahəsi “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 300 manat xərcin əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə onu da vurğulayır ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsinin təsiri altına düşdüyündən, bu tələbə iddia müddəti şamil edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410599.03 m B - 4478925.08 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş özbaşına tikili sökülsün, zəbt olunmuş torpaq sahəsi “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat xərcin əvəzi Cavabdeh tutularaq “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar