Məhkəmə qərarları › İş №2(008)-4618/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4618/2021

02.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4618/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Hakim Əsədova Tahirə Əlif qızıNın sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Pirşağı Bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi müstəqlil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə qanunsuz inşa edilən tikililərin sökülməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Pirşağı Bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi müstəqlil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi X16 və Elbəy Rzaquliyev küçələrinin kəsişməsində yerləşən “Əmirxəlil Market” adlandırılan qanunsuz inşa edilən, fəaliyyət göstərən tikilinin, onun önündə sütunlardan inşa edilən talvarın, habelə həmən tikilinin yanında inşa edilən 2 ədəd təndir, onun üzərində taxta talvarın və təndirlərin arxasında yerləşən onun qanuni torpağına giriş çıxışı təmin edən darvaza qapısının önünə qanunsuz olaraq inşa edilən hasarın sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və məhkəməyə müraciət etmək üçün ödənilən 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu Pirşağı qəsəbəsi, 489a saylı bağ sahəsi iddiaçının şəxsi mülkiyyətindədir. Bağ sahəsi yolun kənarında yerləşdiyindən, hasarın bir hissəsinin arxasında ictimai nəqliyyatın dayanacağı olmuşdur. Bir müddət sonra həmin dayanacağı cavabdeh zəbt edib “Əmirxəlil Market” adlı birmərtəbəli dükan inşa etmişdir. Dükanın yanında, iddiaçının darvaza qapısının yerində 2015-ci ildə təndir inşa etdirmişdir. Halbuki həmin darvaza DƏDRX tərəfindən təsdiqqlənmişdir. Təndirdən çıxan qığılcım iddiaçının ərazisini 4 dəfə yandırmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən təndirin fəaliyyəti dayandırılmışdır. Cavabedhin obyekti zəbt olunmuş torpaq sahəsində inşa edilmiş, heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq obyekt bu günə kimi sökülməmişdir. Bundan başqa, dükanın ərazisi avara və işsiz adamların yığıncaq yerinə çevrilir. Sözü gedən ərazi üç yol ayrıcında olduğundan və 173 №-li ümumi istifadədə olan ictimai nəqliyyat avtobusunun rahat, təhlükəsiz dönmə əməmliyyatına mane olur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, üçüncü şəxslər Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Pirşağı Bələdiyyəsi məhkəməyə nümayəndələrini göndərməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə bu maddəninin tələblərini rəhbər tutaraq həmin üçüncü şəxslərin iştirakı olmadan işə baxmağı məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, darvazanı 2021-ci ilin aprel ayından inşa etdirmişdir. O, mülkiyyətçidir və istədiyi yerdə davarza quraşdıra bilər. Hazırki iddia tələbinin giriş ilə əlaqəsi yoxdur, qanunsuz tikilinin sökülməsinə yönəlib. 489 №-li bağ sahəsi onun anasına mülkiyyət hüququ üzrə məxsus olmuşdur. Anası rəhmətə getdiyindən o, öz miras payından bacısının xeyrinə imtina edəcək və aradan hasar çəkdirəcək. Bacısı ilə bir vahid sahədə olmaq niyyətində deyil. İddianın təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək qeyd etdi ki, cavabdehə məxsus obyektin onun hansı subyektiv hüquqlarını pozması faktını iddia ərizəsində və məhkəmə iclasları zamanı bildirmədi, yaxud bununla əlaqədar hər hansı məzmunda məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin 5-ci səhifəsində qeyd edir ki, eskiz layihəsində qeyd olunan yerdən darvaza qapının yerini açmışdır. Məhkəməyə təqdim etdiyi “torpaq sahəsinin sxemi” dediyi sənəd özəl qurum "xxxx" MMC-nin çəkdiyi və heç bir hüquqverici sənəd olmayan layihədir. İddiaçı özü tərəfindən məhkəməyə təqdim olunan sənədlər iddia tələbinin əsassız olduğunu təsdiq edir. Belə ki, bütün sənədlərdə marketin və təndirxananın 1999-cu ildən mövcudluğu, onların iddiaçıya hər hansı maneə törətmədiyi qeyd olunur. Bundan əlavə 489a saylı bağın mövcud giriş-çıxışından əlavə ümumi istifadədə olan küçəyə giriş-çıxış üçün əlavə qapı açmaq üçün bütün imkanlar mövcuddur. Yerli baxış zamanı iddiaçı öz niyyətini gizlətmədən münaqişə qaydasında marketin sökülməsini qərəzli formada tələb etdiyini bildirdi. İddiaçı qeyd edri ki, o hazırda torpağın mülkiyyətçisi olaraq heç bir başqa variantı müzakirə etmədən Cavabdeh kommersiya məqsədilə istifadə etdiyi marketi sökdürməklə, marketin mövcud olduğu yerdən qapı açmağa israrlıdır. İddiaçının iddia tələbi qanunsuz və əsassız olduğundan, iddia rədd olunmalıdır. Eyni zamanda məhkəmədən xahiş edir ki, məhkəmənin 04.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. Bu qərardad cavabdehin hüquqlarını məhdudlaşdırır. Çünki iddiaçı həmin qərardadın surətini ərizə əsasında “Qaz” İdarəsinə təqdim etməklə, sayğaca dair “qaz kartı” deaktiv edilmişdir. 05 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X13 ifadə verərək qeyd etdi ki, o, iddiaçını da, cavabdehi də tanıyır, onun yaşadığı bağ sahəsi iddiaçının bağından 1 ev aralıqda yerləşir, o orada 1960-cı illərdən yaşayır, market orada 1999-cu ildən mövcuddur. Marketin iddiaçının giriş-çıxışına heç bir maneəsi yoxdur. Həmin iclasda iştirak etmiş digər şahid X11 öz ifadəsində qeyd etdi ki, onun anasına məxsus olan bağ sahəsi iddiaçının bağına perpendikulyar yerləşir, uşaqlıqdan orada böyümüş, mübahisəli market orada 1999-2000-ci illərdən mövcuddur. İddiaçının bağ sahəsi marketdən çox aralıqda yerləşdiyindən onun giriş-çıxış qapısına heç bir maneəsi yoxdur. 15 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X12 öz ifadəsində qeyd etdi ki, o, iddiaçının bacısı olmaqla bağ qonşusudur. Market çox sonra inşa edilib, 1999-cu ildə orada market deyil, kiçik su butkası olub. 489 №-li bağ sahəsi onun anasına mülkiyyət hüququ üzrə məxsus olmuşdur. Anası rəhmətə getdiyindən o, həmin sahəni bütövlükdə öz adına rəsmiləşdirəcək və aradan hasar çəkdirəcək. O, öz bağ sahəsindən iddiaçının bağına yol ayıra bilməz. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X8 qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığı bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi, 0,12 ha torpaq sahəsindən ibarət 489a saylı bağ İddiaçı mülkiyyətindədir (DƏDRX tərəfindən 12.01.2016-cı il tarixdə verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li Çıxarış). Həmin bağ sahəsi iddiaçının mülkiyyətinə aşağıdakı qaydada keçmişdir. 0,25 ha torpaq sahəsindən ibarət olan 489 saylı bağ Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 21.04.1981-ci il tarixli, 6305 №-li uzunmüddətli icarə müqavilə əsasında X7 məxsus olmuşdur. X1 və X5 ərizələri əsasında həmin bağ sahəsi iki yerə bölünmüş və onların adlarına sənədləşdirilmişdir. Belə ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə 14.07.1999-cu il tarixdə 0,12 ha torpaq sahəsindən ibarət olan 489 №-li bağa dair X1 arasında 6305 №-li, 0,12 ha torpaq sahəsindən ibarət olan 489a №-li bağa dair X9 arasında 22723 №-li icarə müqavilələri bağlanmışdır. X1 iddiaçının anası, X9 iddiaçının babasıdır. Bu hallar mübahisəsiz olduğundan məhkəmə buna dair sənəd tələb etməmişdir. X1 həmin 489 №-li bağ sahəsinə 13.07.2017-ci il tarixdə ******* №-li, X10 489a №-li bağ sahəsinə 24.12.2015-ci il tarixdə ******* №-li daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar almışlar. X10 489a №-li bağ sahəsini beş gün sonra 29.12.2015-ci il tarixdə İddiaçı bağışlamışdır (Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş bağışlanma müqaviləsi). Həmin bağışlanma müqaviləsi əsasında iddiaçı yuxarıda qeyd olunan Çıxarışı almışdır. Pirşağı Bələdiyyəsi tərəfindən vergilər idarəsinə verilmiş arayışdan görünür ki, Cavabdeh 1999-cu ildən 141 kv metr qeyri-yaşayış sahəsində Əmirxəlil Market və təndirxana kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Dövlət orqanları tərəfindən iddiaçının şikayətləri ilə əlaqədar göndərilmiş cavab məktublarında sökülməsi tələb edilən təndirlərin ən azından 2015-ci ildən mövcudluğu barədə məlumat əks olunmuşdur. Cavabdeh vergi ödəyicisidir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağ massivində yerləşən ərzaq mağazası təsərrüfat subyekti kimi cavabdehin adına vergi orqanında uçota alınıb. Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən cavabdehin əmlak və torpaq borcu yoxdur. Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir. 489a və 489 №-li bağ sahələri vahid bir sahə kimi mövcuddur. Həmin ümumi sahənin geniş girişi var. İki bağ sahəsi arasında divarın hörüldüyü təqdirdə iddiaçıya məxsus 489a №-li bağ sahəsinin mövcud vəziyyətdə yola müstəqil girişi olmayacaq. Cavabdehə məxsus obyekt 489a №-li bağ sahəsinin divarının arxasında yerləşir. Obyektin sağında iki təndir yerləşir. İddiaçı həmin təndirlərin arxasında darvaza quraşdırıb. Cavabdeh isə təndirlərlə iddiaçının divarı arasında divar inşa etdirib və talvarla örtüb. Təndirlərin və cavabdeh tərəfindən inşa edilən divarın, talvarın möcudluğu iddiaçı tərəfindən darvazadan istifadə etməyini istisna edir. İddiaçıya məxsus torpaq sahəsinin bir divarı ümumi istifadədə olan yola çıxır. Həmin divar boyu aşağıdan qaz trubası keçir. İddiaçının şikayət ərizəsi əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin 14.05.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, iddiaçı Polis orqanına yazdığı ərizədə qeyd olunan ərazidə 23.04.2021-ci il tarixdə darvaza qapı inşa etdiyini bildirib. Bundan başqa həmin qərarda qeyd olunur ki, aparılan təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus “Əmirxəlil” market və təndirxana 1999-cu ildən etibarən fəaliyyət göstərir, iddiaçının "xxxx" MMC-nin tərtib etdiyi layihə sənədləri müvafiq Dövlət orqanında qeydiyyatdan keçməmişdir. Hazırda iddiaçı marketin və cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçıya məxsus torpaq sahəsi dövlət qeydiyyatına alınmış, cavabdehin isə tikilələri qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin, məhkəmə hesab edir ki, iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüquq mövcud deyil. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququnun olmamasının iki əsası var. Birinci, qeyd edildiyi kimi, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi ilkin olaraq 0,25 ha torpaq sahəsinin bir hissəsi olmuş, həmin 0,25 ha torpaq sahəsinin cavbadehə aid olmayan, tam əks tərəfdən sərbəst geniş və rahat girişi olmuşdur. İddiaçının babası həmin 0,25 ha torpaq sahəsindən 0,12 torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini istəyərək, eyni zamanda iddiaçı həmin torpaq sahəsini babasından hədiyyə alaraq bu hal barədə xəbərdar olmuş və bu halı, yəni iki torpaq sahəsinin bir girişinin olmasını qəbul etmiş olmuşdular. İddiaçı tərəfindən açılmasını istədiyi darvaza isə son zamanlarda inşa edilmişdir. Cavabdeh isə təndirləri həmin darvazadan izolyasiya etmək məqsədilə sökülməsi tələb edilən divarı inşa etmişdir. Həmin divarı inşa etməklə, cavabdeh faktiki olaraq iddiaçıya məxsus divarın bütövlüyünü bərpa etmişdir. İkinci, torpaq sahəsi iddiaçının mülkiyyətinə 12.01.2016-cı il tarixdə keçmiş, cavabdehə məxsus obyekt və təndirxanalar isə bundan xeyli əvvəl fəaliyyət göstərir. Hətta, iddia ərizəsinə əsasən təndirlər 2015-ci ildə inşa edilmişdir, yəni iddiaçı tərəfindən Çıxarışın alınmasından və darvazanın quraşdırılmasından əvvəl. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsini hədiyyə şəklində öz mülkiyyətinə qəbul edərək, bu halı bilmiş və qəbul etmişdir. İddiaçı həmin tikililərin sökülməsini tələb edə bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının öz torpaq sahəsinə sərbəst girişi mövcuddur. Belə ki, qeyd edildiyi kimi, 489 №-li bağ sahəsinin mülkiyyətçisi olan iddiaçının anası öldüyündan, iddiaçı onun üç birinci dərəcəli vərəsənin biridir, o, öz miras payından hazırda kiminsə xeyrinə imtina etməmişdir. Belə olan halda, 489 №-li bağ sahəsinin bir hissəsi faktki olaraq iddiaçının mülkiyyətində olduğundan, o, özünə məxsus həmin sahədən sərbəst şəkildə mövcud olan girişdən istifadə edə bilər. İddiaçı keçirilirən məhkəmə iclaslarında niyyətinin özünə giriş-çıxışın təmin edilməsindən deyil, qanunsuz tikilinin sökülməsindən ibarət olduğunu açıq şəkildə nümayiş etdirmiş, lakin bu zaman öz subyektiv hüququnun mövcudluğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar