Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4647/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sökülmüş daş hasarın cavabdeh tərəfindən və onun hesabına bərpası barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında sökülmüş daş hasarın Cavabdeh tərəfindən və onun hesabına bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 iki qardaşın İddiaçı və X1 ümumi paylı (1/2 hissə hər birində) mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2017-ci qeydiyyat tarixli ******* Nq-İİ Çıxarışa əsasən həmin evin sahəsi 182,8 kv metrdir. Hər bir qardaşın mülkiyyətində təxminən 91,40 kv metr sahə vardır. Həmin Çıxarışda mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinin dövlət torpağı olmaqla 0,02334 ha olması görünür. Evə dair 1963-cü ildə tərtib edilmiş texniki pasportda torpağın ümumi sahəsinin 476,6 kv metr göstərilmişdir. X4 xx.xx.2016-cı il tarixdə ölmüş, lakin payı hələ də onun adında qalmışdır. Cavabdeh X1 arvadıdır. Tərəflərə məxsus evlərin arasında mişar daşlardan ibarət hasar olmuşdur. Həmin hasarı İddiaçı öz maliyyə vəsaitləri hesabına inşa etmişdir. Lakin sonradan Cavabdeh tərəfindən heç bir əsas göstərilmədən özbaşına və qanunsuz olaraq hasar sökülmüşdür. Cavabdeh hərəkətləri tamamilə özbaşınalıq olmaqla, mülki hüquqlardan sui istifadə edilməsi halıdır. İddiaçının pul xərcləyərək inşa etdiyi hasarı özbaşına sökməklə cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, qeyd etdi ki, adıçəkilən hasar vaxtilə onun əri X4 tərəfindən çəkilmişdir. Əri öləndən sonra iddiaçı qanunsuz olaraq əlavə tikililər inşa etmiş və onun pəncərələrinin önünü bağlamışdır. Cavabdeh məcburən əri tərəfindən inşa edilmiş qeyd olunan hasarın bir hissəsini sökmuşdur. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. ünvan 1 İddiaçı və X1 ümumi paylı (1/2 hissə hər birində) mülkiyyətindədir (Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2017-ci qeydiyyat tarixli ******* N-İİ Çıxarış). Həmin evin evin ümumi sahəsi 182,8 kv metr, mülkiyyətçilərin istifadələrində olan 0,02334 ha torpaq sahəsi isə dövlət mülkiyyətidədir. İddiaçı və X4 qardaşdılar, X4 ölmüşdür, Cavabdeh onun arvadıdır. Bu hallar mübahisə edilməyən hal olduğundan məhkəmə tərəfindən bunun təsdiqinə dair sənədlər tələb edilməmişdir. İddiaçı tərəfindən bir hissəsi sökülmüş hasarın fotoşəkilləri iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı hesab edir ki, həmin hasar onun tərəfindən və ona məxsus torpaq sahəsində inşa edildiyindən və cavabdeh tərəfindən söküldüyündən cavabdehin hesabına bərpa edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı adıçəkilən hasarın onun tərəfindən və ona məxsus torpaq sahəsində inşa edildiyini sübut edə bilməmişdir. Belə ki, qeyd edildiyi kimi, torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə Çıxarış mövcud deyil, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla tərəflərin ümumi istifadəsindədir, torpaq sahəsinə dair tərəflər arasında hər-hansı bir bölgü sxemi tərtib və təsdiq edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslandırılmadığından rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4647/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4647/2022
06.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver