Məhkəmə qərarları › İş №2(008)-4885/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4885/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4885/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Vəkil1, Cavabdeh və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 35.000 manat kompensasiya ödənilməklə Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında 03 may 2021-ci il tarixindən qeydiyyatda olmaqla nəvəsi ilə birgə yaşayır. Sözügedən evi çoxdan şəxsi vəsaiti hesabına almışdır. Qeyd edir ki, oğlu X3 və həyat yoldaşı Cavabdeh heç vaxt onunla birgə yaşamayıb, lakin X3 17 fevral 2021-ci ildə vəfat etdikdən sonra gəlini Cavabdeh tərəfindən ona qarşı yaşayış evinə dair müxtəlif növ iddialar qaldırmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11225/2021 nömrəli icra sənədinə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. Hazırda cavabdehin onunla yaşaması mümkün deyildir. Belə ki, cavabdeh onu dəfələrlə təhqir etmiş, onun məqsədi iddiaçının heyatına qəsd etməyə təhrik etmək və mülkə sahib çıxmaqdır. Bu səbəbdən də onun sözügedən mənzildən çıxarılması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək, iddiaçının hazırda həmin mənzildə yaşadığını, caavdehin həmin məzildə yaşamadığını deyərək, iddiaçı ilə aralarında heç bir hörmət qalmadığını və cavabdehin iddiaçı ilə bir mənzildə yaşamaq istəməsinin məqsədi tam başqa olduğunu deyərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfin dediyi Bakıxanovda yerləşən evi birinci ailəli olduğu vaxt satılmış, lakin Saray qəsəbəsində olan 2 ev isə ərinin olduğunu o evləri sataraq, hazırki Sabunçu rayonu ərazisində yerləşən evi aldıqlarını dedi. Cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiklərini, cavabdehin əri Saraydakı evlərini satıb hazırki mübahisıəli evi aldıqlarını, iddiaçının həmin evə onlarla birlikdə köçmədiyini, hazırda iddiaçının həmin mənzildə yaşamasına etiraz etmədiyini dedi. Cavabdeh və onun nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanı özbaşına tikili olduğundan, evin mülkiyyətlə bağlı hər hansı sənədi olmadığından İddiaçı hazırda belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığını əsas gətirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkədən xahiş etmişdir. Məhkəmə tərəflərin və nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamənin sürətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X4 və X1 qarşı “yaşayış evinə köçürülmə və cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, iddiaçı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 3Q ünavında yerləşən fərdi yaşayış evinə köçürülməsi və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın sürətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilib, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. İddiaçı ünvan 3 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun tələbindən göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna xitam ilə bağlı razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbi əsasında xitam verilir. İş materiallarından da göründüyü kimi mübahisə predmeti özbaşına tikilidir və İddiaçı hazırda belə bir iddia ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Qanun tələbindən də göründüyü kimi bu hüquq mülkiyyətçiyə məxsusdur. Məhkəmə araşırılması zamanı işin mübahisəsiz halı ondan ibarət olduğu müəyyən edilir ki, İddiaçı ünvan 3 ünvanındakı fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından onun həmin ev ilə bağlı yəni belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddia bu əsasla rədd edilməlidir. Belə ki, Azərbay Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 35000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 35000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar