Məhkəmə qərarları › İş №2(008)-49/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-49/2022

15.12.2022 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-49/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, texnoloji avadanlığın saz vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək 241187,0 manat əsas borcun, 248 874,0 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 490091,0 manatın cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi, müqavilənin ləğv edilərək lizinq obyekti olaraq texnoloji avadanlıqların və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qayda!arı»na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 05- LA/11 №-li və xx.xx.2012-ci il tarixli 19-LA/12 №-li müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1-ci müqavilə üzrə dəyəri 410109 manat olan 500 ton tutumlu soyuducu kamera avadanlıqlarını və 2-ci müqavilə üzrə dəyəri 48800,0 manat olan 2 ha istixana üçün 3000 kkal gücə malik 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh texnoloji avadanlığın dəyərindən Cəmiyyətə ilkin ödəniş aparmamış və 609.530,0 manat məbləği lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə xx.xx.2018-ci il tarixədək 256887,0 manat ödənilməli olduğu halda cavabdeh tərəfindən 15700,0 manat məbləğində ödəniş aparılmış və həmin tarixədək 241187,0 manat borcu qalmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş pretenziyalar və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borclu olduğu məbləği ödəməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Məhkəmənin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş, işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 356287,0 manat əsas borcun, 693538,0 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 1049855,95 manat məbləğində vəsaitin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsiı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2018-ci il tarixə olan 241187,0 manat əsas borcun, 248874,0 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 490091,0 manatın cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsini istəmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsasnadırılmışdır ki, İddiaçı ASC tərəfindən cavabdehə 2 əşya lizinqə verilmişdir: 500 ton tutumlu soyuducu kameranın avadanlıqları, 2 ha istixana üçün 3000 kkal gücə malik 1 ədəd qazan və onun qaz püskürdücüsü. 500 ton tutumlu soyuducu kameranın avadanlıqları ilə bağlı ilkin olaraq İddiaçı ASC ilə X4 arasında xx.xx.2008-ci il tarixdə ilkin müqavilə bağlanmışdır. İlkin müqavilə üzrə 82022 manat ödəniş edilib. İlkin müqavilənin qüvvədə olduğu müddətdə xx.xx.2010cu il tarixdə İddiaçı ASC tərəfindən soyuducu anbara baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktda da göstərilmişdir ki, soyuducu anbarın 1 kamerasının qapısı tam bağlanmır, bəzi qapılar hermetik bağlanmır, divardan etilenqlikol sızır, meyvə olan kameralarda temperatur rejimi alınmır, kameradakı evaparatorlar buz bağlayıb və uzun müddət də ərimir (terlər yoxdur), nəmləşdiricilər su sisteminə qoşulmadığından onları istismar etmək mümkün deyil, etilenqlikol sistemi keyfiyyətsiz yığıldığından boruların birləşmə yerindən qlikol damcılayır, dam hissəsinin qlikol sistemi birləşmə yerindən axıdır, qlikol sistemində 2 nasos nəzərə alındığından yalnız biri quraşdırılıb, qlikol boruları dama qalxan hissəsi izolyasiya edilməsinə baxmayaraq daxili hissəsindən qlikol axıdır və çölə çıxır. xx.xx.2008-ci il tarixli ilkin müqaviləyə xitam verilməmiş, xx.xx.2011-ci il tarixdə cavabdehlə iddiaçı arasında 05-LA/11 №-li müqavilə bağlanmışdır. Belə ki, İddiaçı ASCnin müqavilənin bağlanması tarixindən 2 gün sonra yəni xx.xx.2011-ci il tarixli əmrinə əsasən, ilkin müqaviləyə xitam verilməsi, 410109 manat məbləğində 500 ton tutumlu soyuducu kameranın avadanlıqlarının 10 il müddətinədək lizinqə verilməsi əmr edilmişdir. Yəni həmin əmr imzalananda artıq iddiaçı ilə aralarında müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 2.2.1-ci bəndinə əsasən, lizinqverən bu müqavilədə göstərilən avadanlığın satan şirkət tərəfindən tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Soyuducu kameranın “Lizinq alana” təhvil-təslim barədə xx.xx.2011-ci il tarixli aktda göstərilmişdir ki, qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları dondurur. "xxxx" MMM-ə tapşırılsın qısa müddətdə yuxarıda göstərilən nöqsanlar aradan qaldırılsın. Göründüyü kimi, əşya iddiaçıya tam işlək vəziyyətdə təhvil verilməmişdir. Bununla bağlı, imza hissəsində də qeydə baxmaq lazım olduğunu bildirir. Soyuducu cavabdehə işlək vəziyyətdə təhvil verilmədiyinə görə o, dəfələrlə şifahi və yazılı qaydada İddiaçı ASC-yə müraciət etmiş, soyuducunun düzgün işləmədiyini, məhsullarımın xarab olduğunu və cavabdehə ziyan dəydiyini bildirmiş, müraciətləri əsasında da soyuducu anbara müxtəlif vaxtlarda baxış keçirilmiş və aktlar tərtib edilmiş, İddiaçı ASC tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, soyuducu anbara yığılmış məhsulları uzun müddətə saxlamaq mümkün olmadığı üçün avadanlığın (41/12 nömrəli, 29 iyun 2012-ci il tarixli müqavilədə göstərilən texniki təsnifata uyğun olaraq) atmosfer kontrol hissəsinin bir hissəsi gətirilib və soyuducu anbarın həmin avadanlıqlarının yenidən quraşdırılması işləri aparılır, hazırda soyuducu anbar nasaz vəziyyətdədir, məhsul vurulmayıb, bütün kameralar boşdur, 2012-ci ilin İV rübün axırına borcun 40,087 olduğu və bu borcu soyuducu işə düşdükdən sonra ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, həmin aktda da soyuducunun işləmədiyi öz əksini tapır. Bundan başqa, soyuducuya zəruri avadanlığın quraşdırılması üçün xx.xx.2012-ci il tarixdə müqavilə bağlandığı qeyd edilir. Soyuducu cavabdehə təhvil verilən zaman da qüsurların olduğu göstərilmiş, soyuducu cavabdehə xx.xx.2012-ci il tarixdə təhvil verilibsə, bəs nəyə görə soyuducuya zəruri avadanlıqların quraşdırılması ilə bağlı müqavilə 5 ay sonra, yəni xx.xx.2012-ci ildə bağlanıb?! Həmin aktda göstərildiyi kimi yeni avadanlıqların quraşdırılması işləri aparılırsa, həmin avadanlıqların təhvil verilməsi ilə bağlı akt mövcuddurmu?! Bundan başqa, İddiaçı ASC tərəfindən 23.11. 2013-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, soyutma sistemi avadanlığı faktiki işləyir, lakin sistemə mayeni nəql etdirən 2 ədəd nasosdan birinin aşağı hissəsində boru xəttinə qoşulan hissədə buzlaşma aşkar olunur. Həmin akta cavabdeh də qeydlərini verərək soyuducu işləmədiyindən məhsulların xarab olduğunu və cavabdehə ziyan dəydiyini bildirmişdir. Bundan başqa, elə həmin tarixdə (xx.xx.2013-cü il) tərtib edilmiş başqa aktda göstərilir ki, soyuducu kamera üçün avadanlıqların bir hissəsi xx.xx.2012-ci il tarixli müqavilə üzrə montaj olunsa da, işə salınmayıb. Həmin akta da tərəfindən qeyd verilərək soyuducu anbar işləmədiyinə görə cavabdehə işlək vəziyyətdə təhvil verilməsini, bundan sonra ödənişləri edəcəyini bildirmişdir. Bundan başqa, İddiaçı ASC tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, soyuducu kameralarda qurulmalı olan atmosfer kontrol hissələr quraşdırılmayıb, müqavilədə göstərilən 8 ədəd nəmləndirici qurğu yenilənməmiş, əvvəlki müqavilə şərtlərinə nəmləndiricilər olduğu kimi saxlanılmış, müqavilədə göstərilən 9 ədəd qapı yenilənməmiş, zəruri avadanlıqlar gətirilmiş, lakin hələ quraşdırılmamışdır. Ümumilikdə, kameralarda müqavilə üzrə görüləcək işlər tam başa çatdırılmadığı üçün avadanlıqlar tam gücü ilə işə salınaraq sahibkara təhvil verilməmişdir. Quraşdırılma işləri tam başa çatdıqdan sonra təhvil təslim işləri aparıla bilər. 500 ton tutumlu soyuducu kameranın texniki nəzarət jurnalından görünür ki, xx.xx.2014-cü, xx.xx.2014-cü, xx.xx.2015-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş, nöqsan və qüsurlar müəyyən edilməklə qeyd edilmişdir. Həmin göstəricilərlə də soyuducunun işləməməsi, qüsurlu olması öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı ASC üzərinə düşən öhdəlikləri icra etməmiş, cavabdehə işlək olmayan əşya təqdim etmiş, əşyadan təyinatına uyğun istifadə etmək mümkün olmamış, nəticədə cavabdehə külli miqdarda ziyan dəymişdir. Aralarında bağlanmış müqavilənin 6.3-cü maddəsində də qeyd edilmişdir ki, tərəflət bu müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. İddiaçı üzərinə düşən öhədlikləri lazımi qaydada icra etmədiyinə görə, cavabdehdən borc məbləği və cərimə tələb edə bilməz. Onun bu hissədə iddia tələbi əsassızdır. 2 ha istixana üçün 3000 kkal gücə malik 1 ədəd qazan və onun qaz püskürdücüsü barədə iddiaçı ilə aralarında xx.xx.2011-ci il tarixdə ilkin müqavilə bağlanmış, xx.xx.2012-ci il tarixli aktla isə təhvil verilmişdir. xx.xx.2012-ci il tarixdə iddiaçı ilə aralarında istixana üçün istilik qızdırıcı avadanlıqlarının lizinqə verilməsi barədə müqavilə bağlanmış, dəyəri 48800 manat olan 2 ha istixana üçün 3000 kkal gücə malik 1 ədəd qazan və onun qaz püskürdücüsü cavabdehə lizinqə verilmişdir. Lakin həmin müqavilə üzrə cavabdehin dəqiq olaraq hansı məbləğdə borcunun olduğu, nə qədər ödəniş etməyi göstərilməyərək ondan şişirdilmiş məbləğdə borc hesablamaqla əsassız pul tələb edirlər. İş materiallarında olan pretenziya məktubunda isə bu müqavilə üzrə onun 234000 manat borcunun yarandığı qeyd edilir. Odur ki, bu müqavilə üzrə ödənişlər nəzərə alınmaqla borc məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Çünki, bu məsələnin müəyyən edilməsi xüsusi bilik tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil yalnız ikinci müqavilə üzrə borcu qəbul etdiklərini, tərəfəlrindən edilən ödənişlərin yalnız ikinci müqavilə üzrə olduğunu bildirdilər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işina faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1137 №-li Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki İddiaçı ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında iki müqavilə bağlanmışdır: 1. xx.xx.2011-ci il tarixli 05-LA/11 №-li (sonradan – birici müqavilə);

2. xx.xx.2012-ci il tarixli 19-LA/12 №-li (sonradan – ikinci müqavilə). Birinci müqavilə üzrə dəyəri 410109 manat olan 500 ton tutumlu soyuducu kamera avadanlıqlarını 10 il müddətinə lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən avadanlığın dəyərindən İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2008-ci il tarixli ilkin müqavilə üzrə ödənilmiş 82022 manat ilkin ödəniş kimi nəzərə alınmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, lizinqverən müqavilədə göstərilən avadanlığın satan şirkət tərəfindən tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin eməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən ödənişlərin 2 №-li əlavəyə uyğun həyata keçirilməsi, 4.2-ci bəndində ödənişin vaxtında bir dəfədən artıq yerinə yetirilmədiyi təqdirdə gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,1 faizi həcmində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC, "xxxx" MMM və Cavabdeh arasında tərtib edilmiş soyuducu kameranın “lizinq alana” təhvil-təslim barədə xx.xx.2011-ci il tarixli akta əsasən qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları dondurur, "xxxx" MMM-ə qısa müddətdə yuxarıda göstərilən nöqsanlar aradan qaldırılması tapşırılmışdır. Sonradan İddiaçı ASC və cavabdeh tərəfindən aşağıdakı aktlar tərtib edilmişdir. İlkin müqavilənin qüvvədə olduğu müddətdə xx.xx.2010-cu il tarixli akta əsasən soyuducu anbarın 1 kamerasının qapısı tam bağlanmır, bəzi qapılar hermetik bağlanmır, divardan etilenqlikol sızır, meyvə olan kameralarda temperatur rejimi alınmır, kameradakı evaparatorlar buz bağlayıb və uzun müddət də ərimir (terlər yoxdur), nəmləşdiricilər su sisteminə qoşulmadığından onları istismar etmək mümkün deyil, etilenqlikol sistemi keyfiyyətsiz yığıldığından boruların birləşmə yerindən qlikol damcılayır, dam hissəsinin qlikol sistemi birləşmə yerindən axıdır, qlikol sistemində 2 nasos nəzərə alındığından yalnız biri quraşdırılıb, qlikol boruları dama qalxan hissəsi izolyasiya edilməsinə baxmayaraq daxili hissəsindən qlikol axıdır və çölə çıxır. xx.xx.2012-ci il tarixdə tərtib edilmiş akta əsasən soyuducu anbara yığılmış məhsulları uzun müddətə saxlamaq mümkün olmadığı üçün avadanlığın (41/12 nömrəli, xx.xx.2012-ci il tarixli müqavilədə göstərilən texniki təsnifata uyğun olaraq) atmosfer kontrol hissəsinin bir hissəsi gətirilib və soyuducu anbarın həmin avadanlıqlarının yenidən quraşdırılması işləri aparılır, hazırda soyuducu anbar nasaz vəziyyətdədir, məhsul vurulmayıb, bütün kameralar boşdur. Aktda qeyd edilmişdir ki, 2012-ci ilin İV rübün axırına cavabdehin borcu 40087 manat təşkil edir və o, həmin borcu soyuducu işə düşdükdən sonra ödəməyi öhdəsinə götürür. Soyuducu anbara yığılmış məhsulları uzun müddət saxlamaq mümkün olmadığı üçün xx.xx.2012-ci il tarixdə müqavilədə göstərilən əlavə avadanlığın quraşdırılması işlərinin aparıldığı qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli akta əsasən soyutma sistemi avadanlığı faktiki işləyir, lakin sistemə mayeni nəql etdirən 2 ədəd nasosdan birinin aşağı hissəsində boru xəttinə qoşulan hissədə buzlaşma aşkar olunur (akta cavabdeh qeydlərini verərək soyuducu işləmədiyindən məhsulların xarab olduğunu, cavabdehə ziyan dəydiyini bildirmişdir). xx.xx.2013-cü il tarixli digər akta əsasən soyuducu kamera üçün avadanlıqların bir hissəsi xx.xx.2012-ci il tarixli müqavilə üzrə montaj olunsa da, işə salınmayıb (akta cavabdeh qeydlərini verərək, soyuducu anbar işləmədiyinə görə cavabdehə işlək vəziyyətdə təhvil verilməsini, bundan sonra ödənişləri edəcəyini bildirmişdir). xx.xx.2014-cü il tarixli akta əsasən soyuducu kameralarda qurulmalı olan atmosfer kontrol hissələr quraşdırılmayıb, müqavilədə göstərilən 8 ədəd nəmləndirici qurğu yenilənməmiş, əvvəlki müqavilə şərtlərinə nəmləndiricilər olduğu kimi saxlanılmış, müqavilədə göstərilən 9 ədəd qapı yenilənməmiş, zəruri avadanlıqlar gətirilmiş, lakin hələ quraşdırılmamış, kameralarda müqavilə üzrə görüləcək işlər tam başa çatdırılmadığı üçün avadanlıqlar tam gücü ilə işə salınaraq sahibkara təhvil verilməmişdir, quraşdırılma işləri tam başa çatdıqdan sonra təhvil təslim işləri aparıla bilər. "xxxx" ASC Şəmkir regional nümayəndəliyi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixlli məktubdan görünür ki, soyuducu anbardan sökülən əlavə avadanlıqlar "xxxx" ASC Şəmkir regional nümayəndəliyinin anbarında saxlanılır. İddiaçı ilə «Bermtech» LTD arasında soyuducu anbar üçün əlavə avadanlıqların satın alınması barədə xx.xx.2012-ci il tarixli müqavilə bağlanmış, lakin həmin avadanlıqlar alınmamış və cavabdehlə həmin avadanlıqlara dair lizinq müqaviləsi bağlanmamışdır. İddiaçı tərəfindən tərtib edilmiş 500 ton tutumlu soyuducu kameranın texniki nəzarət jurnalına əsasən xx.xx.2014, xx.xx.2014, xx.xx.2015-ci, xx.xx.2018-ci, xx.xx.2019cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş, nöqsan və qüsurlar müəyyən edilməklə qeyd edilmişdir. İkinci müqavilə üzrə dəyəri 48800,0 manat olan 2 ha istixana üçün 3000 kkal gücə malik 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlarını lizinqə götürmüşdür. xx.xx.2012-ci il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti cavabdehə təhvil verilmişdir. Həmin lizinq obyekti işlək vəziyyətdədir və cavabdehin ona dair hər-hansı bir iradı yoxdur. Məhkəmə tərəfindən iki növ ekspertiza təyin edilmişdir – mühəndis-texniki və mühasibatlıq. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş: xx.xx.2022-ci il tarixli mühəndis-texniki ekspert rəyinə əsasən 500 ton tutumlu soyuducu kameranın hər-iki kompressor çıxışlarında yağ buraxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın içərisində olan 2 ədəd yağ açarlarının salniklərinin tamamilə sıradan çıxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın kondinser sisteminin daxili pətəklərində sızmalarin olduğu, sistemin çıxış xətti qara metal boru olduğundan izolyasiya altında paslanıb çürüdüyü, yağ ayırıcından kondinserə çıxış xəttinin birləşmələrində sızmalar olduğu, metal hissələri korroziyaya uğradığı, 2 ədəd su nasosunun yararsız halda olduğu, çıxışlar və birləşmələrin paslandığı, 18 ədəd buzxanalarin hamısında əsas paylayıcı balonlardan və kalaşlardan buraxdığı, qeyri-işlək vəziyyətdə olduğu, Şoklama otağı üçün 2 ədəd kopeland “15 hp” kompressorunun dolaq sisteminin yandığı, istifadəyə yararsız vəziyyətdə olduğu, nəmliyi ölçən qurğuların işləmədiyi, yer izolyasiya olunmadığı, beton örtüyün dağıldığı, qapıların atmosfer tənzimləyicilərinin düzgün işləmədiyi, hava buraxdığı, germetikliyi olmadığı, rezinləri çürüdüyü və yararsız olduğu, bununla da, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış birinci müqavilə əsasında cavabdehə lizinqə verilmiş və hazırda Şəmkir rayonu, Keçili kəndində quraşdırılan 500 ton tutumlu soyuducu kameranın istifadəyə yararlı olmadığı müəyyən edilmişdir; xx.xx.2022-ci il tarixli 9/3401 №-li mühasibatlıq rəyinə əsasən cavabdeh tərəfindən iki kassa mədaxil orderi üzrə 4700 manat ödəniş edilmiş, həmin ödənişlərin hansı müqaviləyə aid olması müəyənn edilməmişdir. Kassa mədaxil orderləri məlumatları, ikinci müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2018-ci il tarixədək (iddia ərizəsi verildiyi tarix) "xxxx" ASC-yə olan gecikdirilmäş ödəniləcək borcu aşağıdakı kimi müəyyən edilmişdir: Ödənilməli borc 25400,00 manat Ödənilən borc 4700,00 manat Qalıq borc 20700,00 manat Ümumi borc 20700,00 manat (xx.xx.2018-ci il tarixə gecikdirilmiş, ödənilməyən borc). Kassa mədaxil orderləri nəzərə alınmamaqla, ikinci müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 06 iyun 2018-ci il tarixədək "xxxx" ASC-yə olan gecikdirilmiş ödəniləcək borcu aşağıdakı kimi müəyyən edilmişdir: Ödənilməli borc 25400,00 manat Ödənilən borc 0,00 manat Qalıq borc 25400,00 manat Ümumi borc 25.400,00 manat. Tərəflər arasında bağlanmış ikinci lizinq müqaviləsi ödəniş qrafikində əsas lizinq məbləği və lizinq faizi (mükafatı) məbləğləri ümumi göstərildiyindən tədqiqatla hesablanmış borc məbləği də ümumilikdə müəyyən edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir; 749.1-ci maddəsinə əsasən, kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi lizinq obyekti işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb iddiaçının Şəmkir filialına yığıldığından və bu günədək lizinq obyekti işlək vəziyyətdə cavabdehə təhvil verimədiyindən, birinci müqavilə üzrə borc tələb edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə ikinci müqavilə üzrə əsas borc 20700,00 manat borc tutulmalıdır (ekspert rəyinə əsasən). Belə ki, ödənilmiş və tələb edilən məbləğlər iddiaçı tərəfində müqavilələr üzrə bölünməmiş, cavabdeh isə ödənişləri yalnız ikinci müqavilə üzrə etmişdir. İddiaçı iddia tələbində əsas borcla yanaşı cərimə borcunun da tutulması istəmişdir (əsas borca nisbətdə 103 % cərimə). İddiaçının mövqeyi nəzərə alınarsa 20700,00 manat əsas borca 21321 manat məbləğində cərimə hesablanmalıdır. Lakin məhkəmə hesab edir ki, belə əsas məbləğə nisbətdə 103 % cərimənin hesablanması tənasübsüz surətdə yüksəkdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə 20700,00 manat əsas borca nisbətdə 2000 manat cərimə pulu, yəni əsas məbləğin 10 faizi miqdarında tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 302 manat Cavabdeh tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixə olan 20700,00 manat əsas borc, 2000 manat cərimə, cəmi 21700 manat borc və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməli, ekspertiza tədqiqatlarının dəyəri 302 manat cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2012-ci il tarixli 19-LA/12 №-li müqavilə üzrə xx.xx.2018-ci il tarixə olan 20700,00 manat əsas borc, 2000 manat cərimə, cəmi 22700 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 302 manat Cavabdeh tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar