Məhkəmə qərarları › İş №2(008)-4931/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4931/2023

01.08.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4931/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisi cəlb edilməklə “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisi cəlb edilməklə “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisində reyestrdə 3M-453 nömrə ilə qeyd edilmiş 30 aprel 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödədiyi 14.000 manat, torpağın ölçü və planının alınması üçün verdiyi 180 manat, evin cizgi-planının çəkilməsi üçün verdiyi 250 manat, kommunal sayğacların çəkilməsi və quraşdırılması üçün verdiyi 500 manat (Cavabdeh2 kartına köçürülüb) və daş hasarın hörülməsi üçün çəkilmiş 500 manat xərcin, ümumilikdə 15.430 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında 30 aprel 2022ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləni Cavabdeh1 adından etibarnamə əsasında digər Cavabdeh2 imzalamışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh1 DƏDRX-nin Abşeron rayon ərazi idarəsi tərəfindən ona verilmiş 12 mart 2009cu il tarixli MH-0029240 saylı çıxarışa əsasən Abşeron rayonu X8 ünvanında yerləşən torpaq sahəsinin 300 kv.metrinin icarə hüquqlarını 14.000 manat qarşılığında ona verməyi, eyni zamanda da Cavabdeh1 satılan əmlakın sənədlərini toplayıb onunla əsas alqı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Müqavilənin müvafiq bəndlərinə uyğun olaraq o, öz öhdəliyini tam olaraq yerinə yetirərək müqavilədə qeyd edilən 14.000 manat pulu ödəsə də Cavabdeh1 öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, torpaq sahəsi verilsə də onun adına sənəd düzəltdirib verə bilməmiş və artıq dörd aya yaxındır bu barədə addım atmamışdır. Bu isə onun hüquqlarını pozur və müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən ilkin alqı-satqı müqaviləsinin ləğv olunaraq dəymiş ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, iddiaçını tanımır, iddiaçıdan heç bir məbləğdə pul almamışdır. İddia tələbindən də görünür ki, iddiaçıdan pulu digər Cavabdeh2 almışdır. Onun iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. O, torpaq sahəsinin mülkiyyətçisi olmamış, torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə onun arasında heç bir razılaşma olmamışdır. İddiaçını ümumiyyətlə tanımır və görməmiş, iddiaçıya torpaq sahəsi ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Digər Cavabdeh2 tərəfindən verilmiş etibarnamə tamamilə başqa məqsəd üçün verilmişdir, bu torpaq sahəsinin satılması ilə bağlı deyil, qaz xəttinin çəkilməsi ilə bağlı verilmişdir. Həmin etibarnamə də tərəfindən verilmiş ərizə əsasında ləğv edilmişdir. Bu etibarnamə X2 xahişi ilə verilmişdir. Belə ki, həmin torpaq sahələri faktiki olaraq ona məxsus olmuşdur, bu barədə E.Babayev iltizam yazaraq vermişdir, torpaq sahələrinin ona aidiyyətinin olmadığını göstərmişdir. O, iddiaçıdan heç bir məbləğdə pul almamış, aralarında heç bir sövdələşmə olmamışdır. Göründüyü kimi o, heç bir cavabdehlik daşımır, əsl cavabdeh X3r. E.Babayev və Cavabdeh2 bir-birlərini tanımışlar, iş birliyi qurmuşlar və iddiaçının onlarla hansısa razılaşma əldə etməsi, hansı miqdarda pul verməsindən məlumatı olmamışdır. Qeyd olunanlara əsasən iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 və üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh2 və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 139 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Cavabdeh1 (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış 30 aprel 2022ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər Abşeron rayonu X8 ünvanında yerləşən torpaq sahəsinin 300 kv.metrinin icarə hüquqlarının İddiaçı verilməsi barədə alqısatqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. İkinci tərəf – alıcı İddiaçı 14.000 manatı notariusun depozit hesabı vasitəsi ilə birinci tərəf – satıcı Cavabdeh1 ödəmiş, sonuncu həmin məbləği almışdır. Birinci tərəf əmlakın sənədlərini toplayıb ikinci tərəflə əsas alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşdür. Müqaviləni Cavabdeh1 əvəzinə Cavabdeh2 imzalamışdır. - 16 iyul 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 3 iş günü müddətində müqavilənin tələblərinə riayət edilməsinə dair xəbərdarlıq edilmiş, əks təqdirdə ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 30 aprel 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisinin depozit hesabına 14.000 manat məbləğində pul ödənilmişdir. - 30 aprel 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisinin depozit hesabına 28 manat məbləğində xidmət haqqı ödənilmişdir. - AR-İİ seriyalı, 654702 nömrəli 27 aprel 2022-ci il tarixli etibarnamədən görünür ki, Həsənov X5 rayonu X8 ünvanında yerləşən 1.0 ha torpaq sahəsindən 300 kv.metr torpaq sahəsinə olan icarə hüququnu təyinatı üzrə istifadə və idarə etməyi, lazımi sənədləri toplamağı, almağı, təqdim etməyi, tikinti işləri aparmağı, vergi və kommunal xərclərini ödəməyi və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. - 05 may və 07 may 2022-ci il tarixli qəbzlərdən görünür ki, “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə 150 və 500 manat məbləğində pul ödənilmişdir. - MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu X8 ərazisində yerləşən 1.0 ha torpaq sahəsinə dair icarə hüququ xx.xx.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə Cavabdeh1 xeyrinə yüklü edilmişdir. - X7 və Cavabdeh1 tərəfindən yazılmış əlyazmanın surətindən görünür ki, X1 rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda olan 99 illik icarə torpağın Cavabdeh1 aidiyyətinin olmadığını, Cavabdeh1 isə Abşeron rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda olan 1 hektar icarə torpağın X4 məxsus olduğunu imzası ilə təsdiq etdiyini bildirmişdir. - Cavabdeh1 tərəfindən ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə həmin notariat ofisində Cavabdeh2 verdiyi etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi əsasında Həsənov X5 rayonu X8 ünvanında yerləşən torpaq sahəsinin 300 kv.metrinin icarə hüquqlarını İddiaçı verməyi, sonuncu bunun müqabilində 14.000 manat məbləğində pulu Cavabdeh1 ödəməyi, Cavabdeh1 əmlakın sənədlərini toplayıb İddiaçı ilə əsas alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşdür. İlkin alqı-satqı müqaviləsini Cavabdeh1 adından etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Lakin iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf müqavilə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi İddiaçı ilə Cavabdeh1 ilə arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisində reyestrdə 3M- 453 nömrə ilə qeyd edilmiş 30 aprel 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında mübahisələndirilən ilkin alqı-satq müqaviləsinin bağlanmasından əvvəl və sonra heç bir danışıq aparılmamış, ümumiyyətlə, onlar bir-birilərini tanımamış, bütün danışıqlar iddiaçı ilə Cavabdeh2 arasında olmuş, sonuncu Cavabdeh1 İlyas oğlunun verdiyi etibarnamə əsasında hərəkət edərək, ilkin alqı-satqı müqaviləsini imzalamış və 14.000 manat pulu iddiaçıdan almışdır. Həmin pul vəsaitinin Cavabdeh2 tərəfindən Cavabdeh1 İlyas oğluna verilməsi faktı öz təsdiqini tapmamışdır. Cavabdeh1 İlyas oğlu xx.xx.2022-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək, Cavabdeh2 verdiyi etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia Cavabdeh1 İlyas oğluna münasibətdə rədd edilməli, müqavilə üzrə ödənilmiş 14.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, torpağın ölçü və planının alınması üçün verdiyi 180 manat, evin cizgiplanının çəkilməsi üçün verdiyi 250 manat, kommunal sayğacların çəkilməsi və quraşdırılması üçün verdiyi 500 manat pulun və daş hasarın hörülməsi üçün çəkilmiş 500 manat xərcin tutulması ilə bağlı iddiaçının tələbini əsassız hesab edir. Belə ki, iddiaçı qeyd olunan hissələrdə iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etməmişdir. Eyi zamanda, məhkəmə, 05 may və 07 may 2022-ci il tarixlərdə “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə ödənilmiş 150 və 500 manat məbləğində pul vəsaitlərinə münasibət bildirərək qeyd edir ki, həmin məbləğlərin kim tərəfindən və kimə ödənilməsini, ödənişin təyinatını müəyyən etmək mümkün deyildir. Odur ki, məhkəmə həmin ödəniş qəbzlərini sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisində reyestrdə 3M-453 nömrə ilə qeyd edilmiş 30 aprel 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh2 14.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisində reyestrdə 3M-453 nömrə ilə qeyd edilmiş 30 aprel 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh2 14.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar