Məhkəmə qərarları › İş №2(008)-505/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-505/2025

04.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-505/2025 04.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 atası olmasının müəyyən olunması, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən xeyrinə tutulması, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək özü üçün hər ay 200 manat alimentin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2023-cü ildə ailə qurmuş, nikahlarını rəsmiləşdirməsələr də faktiki olaraq ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşlər. Faktiki nikah münasibətlərindən xx.xx.2024-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı əkiz övladları doğulmuşdur. Bir müddət münasibətləri normal olsa da, sonradan gərginləşmişdir. 2024-cü ildən isə tamamilə ayrılmışlar. Həmin müddətə qədər və ayrıldıqdan sonra da dəfələrlə cavabdehə müraciət edərək övladlarına atalıq verilməsini xahiş etsə də, hər dəfəsində müxtəlif bəhanələrlə yubatmışdır. Ayrıldıqdan sonra isə ümumiyyətlə, əkiz övladlarının nə yeyib-içdiyi ilə belə maraqlanmamış, aliment də ödəməmişdir. Uşaqların atası cavabdehdir. Həmin fakt birgə təsərrüfat aparmaları, cavabdehin uşaqların tərbiyəsində iştirakı və uşaqların cavabdehdən törəməsini təsdiq edən digər faktlarla təsdiq olunur. Cavabdeh atalığının qeydiyyata alınması iiçiin qeydiyyat orqanına ərizə verməkdən imtina edir və ümumiyyətlə, uşaqlarının saxlanılmaları üçün ona zəruri maddi yardım göstərmir. Bununla bağlı o, qanunvericiliyin tələblərinə görə ilk öncə 8 saylı Mediasiya Təşkilatına atalığın müəyyən edilməsi və aliment tələbi ilə bağlı müraciət etmişdir. Nəticədə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2024-cü il tarixli 9/63 saylı məktubu ilə ekspert rəyi məhkəməyə daxil olmuşdur. Verilmiş ekspert rəyinə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş X5 və X6 adlı uşaqların bioloji atası olması təsdiq edilmişdir. Ekspertiza xərci 2500 (iki min beş yüz) manat tərəfindən ödənilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 atası olmasının müəyyən olunması, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 doğum haqqında akt qeydləri kitabında və doğum haqqında şəhadətnamələrində “atası” qrafasında “Cavabdeh” yazılması, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) manat alimentin və tərəfindən ödənilmiş 2500 (iki min beş yüz) manat ekspertiza xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etdi və izahatında bildirdi ki, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 atası kimi müəyyən olunmasına, uşaqlara soyadının verilməsinə, doğum haqqında şəhadətnamədə ata qrafasında onun adının yazılmasına etiraz etmir. Alimentlə bağlı isə bildirir ki, onun aylıq əmək haqqı 400 manat təşkil edir. Bu onun dolanışığı üçün nəzərdə tutulmuş bir məbləğdir. Aliment ödəmək onun borcudur. Bir halda ki, uşaqlar onundur, onların qayğısına qalmalıdır. Lakin bu birmənalı şəkildə iddiaçının valideynlik öhdəliklərinin icra edilməməsinə səbəb olmamalıdır. O da, uşaqların təminatında iştirak etməlidir. Aliment iki formada müəyyənləşə bilər: könüllü (saziş əsasında) və məcburi (məhkəminin qanuni qüvvəsini almış qərarı) əsaslarla. Hal-hazırda iddiaçı ilə aralarında saziş yoxdur. Məhkəmə qərarı isə 2 formada təyin edir: sabit pul məbləğində və ya aylıq qazancın müəyyən hissəsindən tutulma ilə. Sabit pul məbləğində aliment o halda təyin edilir ki, əgər şəxsin gəliri qeyri-müntəzəm, dəyişənkən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Məhkəmə sabit məbləğin tutulması qətnaməsində mütləq əsaslandırmalıdır. Eyni zamanda, məhkəmə əsaslandırmalıdır ki, o, valideynin aylıq gəliri olduğu halda niyə sabit pul məbləğində aliment təyin edir. Hesab edir ki, onun gəliri qeyri-müntəzəm deyil. Çünki artıq uzun müddətdir ki, işləyir və əməyinin nəticəsi olaraq bəlli bir əmək haqqı əldə edir. Əmək haqqı dəyişkən deyildir. Əmək haqqını xarici ölkənin valyutasında almır. Məhkəmə bilməlidir ki, onun aylıq əmək haqqına nisbətdə aliment təyin etməməsi onu faktiki olaraq acınacaqlı maddi sıxıntıya salcaqdır. Buna artıq Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Plenum qərarında münasibət bildirilmişdir. Belə ki, qeyd edilən qərarda göstərilmişdir ki, əgər valideynlərin gəliri yoxdursa və ya yaşayış minimumunun miqdarından azdırsa, onları artıq qazanc əldə etməyə məcbur etmək neqativ halların baş verməsinə səbəb ola bilər. Belə ki, məhkəmə təcrübəsində aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi hallarına rast gəlinir. Həmin Plenum qərarında qeyd edilir ki, məhkəmə aliment məbləğinin müəyyən edərkən tərəflərin ailə və maddi vəziyyətini araşdırmalıdır və eyni zamanda uşağın əvvəlki təminat səviyyəsinə diqqət etməlidir. Uşaqlar yeni doğulub, onların əvvəlki təminat səviyyəsindən söhbət belə gedə bilməz. Burada əsas diqqət edilməli olan nüans onun ailə və maddi vəziyyətinin məhkəmə tərəfindən nəzərə alınmasıdır. Baxmayaraq ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aylıq qazancın 1/3 hissəsi tutulmalıdır, o, öz təşəbbüsü ilə əmək haqqının tam yarısını ödəməyə hazırdır. Hesab edir ki, bu daha ədalətli bir mövqedir. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZ-V seriyalı 023975 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə doğulmuşdur, atası X1, anası İddiaçıdır. - AZ-V seriyalı 023976 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə doğulmuşdur, atası X1, anası İddiaçıdır. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01949 nömrəli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də menecer vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 832/2024-MTBŞ №-li xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaqlar (C1 və C2) arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X5 və X6 adlı uşaqların bioloji atası olması təsdiq olundu. xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, genetik ekspertizanın aparılması üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı faktiki nikah münasibətində olmuşlar, onların birgə yaşadıqları müddətdə, xx.xx.2024-cü il tarixdə Humay və Cahan adlı əkiz uşaqları doğulmuşdur. Hazırda iddiaçı cavabdehin birgə münasibətdən doğulmuş uşaqlarının atası olmasının müəyyən edilməsi və uşaqların saxlanılmaları üçün aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 832/2024-MTBŞ №-li xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş X5 və X6 adlı uşaqların bioloji atası olması təsdiq olunmuşdur. Məhkəmə iclasında cavabdeh iddia tələbini atalığın müəyyən edilməsi hissəsində etiraf edərək, izahatında xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 atası olmasını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 atası olması faktı müəyyən edilməlidir. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat, xx.xx.2025-ci il tarixli ərizəsində isə hər ay hər uşağa görə 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü ildə yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 05 yanvar tarixli 3708 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən uşaqların və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edilənləri, qanunvericiliyin tələblərini, həmçinin, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarındakı mövqeyi nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 (235:345) misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçının atalığın müəyyən edilməsi və aliment tələbi ilə bağlı iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşı tamam olana qədər özünün maddi tələbatlarının ödənilməsi məqsədilə Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi hissəsində iddiaçının tələbini əsassız hesab edir. Azərbayacan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, tərəflər arasında rəsmi nikah bağlanmamış, qanunvericilikdə nəzərdə tutulmuş ər-arvad statusu əldə etməmişlər. Belə olan halda, iddiaçının Azərbayacan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin tələbinə müvafiq cavabdehdən aliment tələb etmək hüququ yaranmamışdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 atası olması faktı müəyyən edilməli, uşaqların doğum haqqında akt qeydlərində soyadları “Yusifli”, ata qrafasında “Cavabdeh” qeyd edilməli, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməli, Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 2500 (iki min beş yüz) manat ekspertiza xərci tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 atası olması faktı müəyyən edilsin. Uşaqların doğum haqqında akt qeydlərində soyadları “Yusifli”, ata qrafasında “Cavabdeh” qeyd edilsin. xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat ekspertiza xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar