Məhkəmə qərarları › İş №2(008)-5326/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5326/2021

09.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5326/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürülmə və cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürülmə və cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi evdə köçürülməyi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bağırova X5 Seyran Şirvan oğlu ilə (Cavabdeh1 oğlu) 21.02.2012-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, həmin vaxtdan 2021-ci ilin fevral ayınadək yəni, həyat yoldaşının ölümünədək birgə yaşamışlar. İlk vaxtlar onunla birlikdə ünvan 2 ünvanında yaşamamışlar. Əri ilə birgə yaşadıqları dövrdə bir neçə daşınar və daşınmaz əmlak əldə etmişlər. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsində 6 sot torpağın içərisində ayrı-ayrılıqda tikilmiş 2 evləri olmuş, həmin evin birində yoldaşı ilə birgə yaşamışlar. Digər evi isə yoldaşı sex kimi istifadə etmişdir. 2020-ci ilin axırlarına doğru yoldaşı ilə birgə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evi satmağı qərara almış, həmin evi satdıqdan sonra 16 noyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini almışlar. 04 dekabr 2020-ci il tarixində əri X7 yeni evlərində, yəni ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da, əri Seyran Nüsrətovla birlikdə orada yaşamağa başlamışlar. Yaşamaq ücün lazım olan əşyaları və ərinin iş ləvazimatlarınıda ora köçürmüşlər. Həmçinin, evin müəyyən dərəcədə təmirə ehtiyacı olduğu üçün evi təmir etdirməyə başlamışlar. Lakin, 06 yanvar 2021-ci il tarixdə həyat yoldaşı X1 yaranmış problem ilə əlaqədar olaraq (sümük yeyilməsi xəstəliyi) Avrasiya klinikasına yerləşdirilmişdir. Orda məlum olmuşdur ki, yoldaşının ürəyində problemlər var və buna görə də, o, Bakı Sağlamlıq klinikasına köçürülmüşdür. 10 gün orada müalicə olunsa da, sonradan yoldaşı müalicədən imtina etmiş, 17 yanvar 2021-ci il tarixdə komaya düşmüşdür. Bir ay komada qalmış, daha sonra onda vərəm xəstəliyi aşkar olunduğu üçün Vərəm xəstəxanasına köçürülmüşdür. 17 fevral 2021-ci il tarixdə həyat yoldaşı X7 “ürəyin dəqiqləşdirilməmiş kəskin işemik” xəstəliyi səbəbi ilə vəfat etmişdir. X12 özü dəfn etdirmiş, yas mərasimini özü təşkil etmiş, qəbr üstünü də, o düzəltdirmişdir. Həyat yoldaşının yas mərasimi başa çatdırdıqdan sonra 2021-ci ilin aprel ayının əvvəllərində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3Q ünvanındakı fərdi yaşayış evinə normal şəraitdə yaşamaq ücün yeni əşyalar yerləşdirmiş və orada yaşamağa davam etmişdir. 17 iyul 2021-ci il tarixdə işdən evə gəldiyi zaman evin giriş qapısının açarlarının dəyişdirildiyini görmüş və evə daxil ola bilməmişdir. Ona məlum olmuşdur ki, ərinin atası Cavabdeh1, onun oğlu Cavabdeh2, yoldaşı Cavabdeh3 ilə birlikdə onun icazəsi olmadan, gizli şəkildə evin giriş qapısını hansısa vasitə ilə açaraq evə daxil olmuş və onun icazəsi olmadan evinin giriş qapısının açarlarını dəyişdirmişlər. Bundan sonra o, bununla bağlı polisə şikayət etmişdir. Hesab edir ki, cavabdehlər kənar şəxslərdir və onun ailə üzvləri deyillər. Onun icazəsi olmadan evinə daxil olduqalarına görə məsuliyyət daşıyırlar. Çünki, o, evinə təzə əşyalar yerləşdirmiş, evinin və həmin əşyaların salamatlığı üçün cavabdehlər məsuliyyət daşıyırlar. Polis idarəsində ona məsəllənin həlli üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsindəki yerləşən evdə onlarla birlikdə yaşasa da, Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3Q saylı evdə onlarla birlikdə yaşamamışdır. Həmçinin Cavabdeh3 da, heç vaxt onunla birgə yaşamamış, onlarla birlikdə qeyd olunan evə köçməmişdir. Hər ikisi əsassız olaraq, eyni zamanda, Cavabdeh1 oğlunun, yəni, onun əri X3isi olmasından istifadə edərək İnzibati məhkəmədə iddia qaldıraraq onun icazəsi olmadan ora qeydiyyata düşmüşdür. Hal-hazırda qapı bağlı olduğu üçün nələrin baş verməsindən məlumatı yoxdur. Cavabdehlər onu evinə buraxmırlar. Həmçinin evdəki əşyalarının salamat olub-olmamasından narahatdır. O, böyük zəhmətlə əldə etdiyi və əri ilə birgə yaşadığı evə köçməlidir. Cavabdehlərin ona qarşı maneəçiliyi aradan qaldırılmalı, cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh3 evdən çıxarılmalıdır. Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 3Q saylı fərdi evi X7 16 noyabr 2020-ci il tarixli evlərin alqı-satqı müqaviləsi əsasında X4 almışdır. Bakıxanov Bələdiyyəsinin verdiyi Yerli (Bələdiyyə) vergilərin Ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 026 saylı, 26.04.2021-ci il tarixli Şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsində yerləşən fərdi yaşayış və torpaq sahəsinin vergi ödəyicisidir. (YVÖK-18011xxxxxxx). Azəriqaz İB ilə istehlakçı İddiaçı arasında Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şuşinski-0020-0003-ə dair 01.02.2021-ci il tarixli qazın alqısatqısına dair müqavilə bağlanılmışdır. Yenə həmin ünvan dair Azərsu ASC ilə İddiaçı arasında Su təchizatı və tullantı sularının axıdılmasına dair Müqavilə bağlanılmışdır. Həmçinin Azərİşıq ASC ilə də İddiaçı arasında müqavilə bağlanılmışdır. Yaşayış yeri üzrə qeydiyyata dair arayışdan görünür ki, əri X7 ünvan 4 ünvanında qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası DİN-nin 21.10.2000-ci ildə verdiyi 024992 saylı vəsiqədən də görünür ki, X7 müharibə veteranıdır. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi evdən çıxarılması və onun həmin məzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçıyla eyni məzmunda ifadə verərək idddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, İddia ərizəsində qeyd olunanlar tamamilə əsassızdır. O, öz yaşadığı evi məcbur olub dəyərindən aşağı, yəni 60.000 manata satmış, həmin puldan 30.000 manata Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evini almışdır. Daha sonra isə həmin fərdi yaşayış evini, eyni zamanda, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağ sahəsini və eləcə də, özünə məxsus avtomobili satmış, əldə etdiyi pulla hazırda mübahisə predmeti olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 3Q saylı fərdi yaşayış evini almışlar. Hazırda iddiaçının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 3Q saylı fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Təqdim edilən sənədlər qanunsuz və əsasızdır. Mübahisəli yaşayış evində iddiaçı qeydiyyatda deyildir. Eyni zamanda iddiaçının 9-cu mikrarayon ərazisində evi olduğundan orada yaşamasının mümkün olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 hüquqlarını təmsil etdiyi şəxslə eyni məzmunda izahat verərək, iddia tələbinin qanuni əsası olmadığının, habələ iddiaçının sözügedən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığından iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlu məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 noyabr 2020-ci il tarixli müqavilədən görünür ki, X7 ilə X9 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı fərdi evinə dair tərəflərin razılığı ilə yazılı şəkildə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli, 026 nömrəli yerli (bələdiyyə) vergilərin ödəyici olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsində yerləşən fərdi yaşayış və torpaq sahəsinin vergi ödəyicisidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X7 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 05 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 17 fevral 2021-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyindən Bakı şəhərində ölmüşdür. İş matriallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə İddiaçı 21.02.2012ci il rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 22 iyun 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 24 iyun 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AKX-0273054/02-2021 nömrəli, 01 fevral 2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında Bakı şəhəri Sabunçu rayonu, Seyid Şuşiniski ünvanında yerləşən fərdi yaşayışı evinin qazla təmin edilməsi ilə bağlı qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. İş materiallarında olan 43825593 nömrəli, 29 yanvar 2021-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, ünvan 8 ünvanına dair Azərsu ASC ilə İddiaçı arasında Su təchizatı və tullantı sularının axıdılmasına dair müqavilə bağlanılmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının köçmək isdədiyi və cavabdehər Cavabdeh2 və Cavabdeh3 çıxardılmasını tələb edilən yaşayış evi özbaşına tikilidir və həmin ünvana dair hər hansı bir hüquq müəyyənedici sənədlər mövcüd deyildir. Məhkəmə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3 “Q” saylı evə köçürülməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə iddiaçının mənzilə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinin əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı 2020-ci il noyabr ayından 2021-ci ilin iyul ayının 17-i tarixindək ünvan 10 ünvanındakı fərdi yaşayış evində yaşamış. Həmin ünvanda yaşamaına dair aktiv hərəkətlər edərək yaşadığı dövr ərzində sözügedən ünvanla bağlı vergi ödəyicisi kimi uçota alınmış və qazın alqı-satqısına dair müqavilə bağlamışdır. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X2 həmin dövürlər ərzində ünvan 10 ünvanında yaşamsını cavabdehlər tərərfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı uzun müddət yaşadığı mübahisəli evə köçürülməlidir. Məhkəmə iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli evdən çıxarılmasına dair hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı və tərəflərin də vermiş olduğu izahatlardan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3 “Q” saylı evə dair hər hansı hüquqmüəyyənedici sənədin olması müəyyən edilmədi. Belə ki, cavabdehlərin həmin evdən qanunsuz olaraq istifadə etməsinə dair dair hər hansı mötəbər, təkzibolunmaz sübutunu təqdim edə bilmədi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3 “Q” saylı evdən çıxarılmasına barədə iddia tələbi təmin oluna bilməz. Məhkəmə bir daha qeyd etməyi zəruri sayır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması mənasına gəlmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşiniski küçəsi, “3Q” saylı evə köçürülməli, iddia digər hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fədi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar