Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5441/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçınsn nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək onun və ailəsinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ərazisində yerləşən 0,10 ha topaq sahəsindəki fərdi yaşayış evindəki ona məxsus ev və məişət əşyaları evdə saxlanılmaqla evə köçürülməsinə və Cavabdeh həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiası tələbi onunla əsaslandırmışdır ki, ona fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında verilmiş Abşeron rayon icra hakimiyyəti üzrə 23/İİİ-99-cu il tarixli 074 №-li sərəncamdan çıxarışa əsasən Maştağa subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında 0,10 hektar hesabı ilə həyatyanı torpaq sahəsi verilməsi haqqında subtropik sovxozunun 13/İİİ-99-cu il tarixli 03 №-li qərarı, 15/İİİ-99-cu il tarixli 15 №-li məktubu və 15/İİİ-99-cu il tarixli 05 №-li əmri nəzərə alınmaqla torpaq sahəsi ayrılmış və rəsmi olaraq həmin tarixdən istifadəsinə verilmişdir (əsas 23/İİİ-99-cu il tarixli 074 saylı Sərəncamdan Çıxarış). Hazırda həmin torpaq sahəsi onun sahibliyi və istifadəsindədir və Maştağa Bələdiyyəsinə əmlak vergisi ödəyir. Orada özlərinə görə min bir çətinliklə fərdi yaşayış evi tikmişdilər. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən qanunsuz olaraq yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, iki il bundan öncə uzaq qohumlarımdan olan X2 öz həyat yoldaşı Cavabdeh (sonradan iki övladları dünyaya gəlmişdir) Gədəbəy rayonundan onlara qonaq gəlmişdirlər. Söhbət əsasında onlar Bakı şəhərinə işləmək adı ilə gəldiklərini bildirdilər. Daha sonra münasib iş və kirayə ev tapana kimi qısa müddətli olaraq iddiaçı gildə müvvəqəti qalmaqları üçün ondan icazə istədilər. İddiaçı da öz növbəsində yeni ailə və uzaq qohumum olmasına baxmayaraq onlara dəstək durmaq üçün humanist addım ataraq öz razılıqını bildirmişdir. Üstündən təxmini bir müddət keçəndən sonra ailə arasında elə ilk günlərdən söz-söhbət və dava-dalaş olduğunu mütamadi olaraq eşidirdi. Jalə bir müddət də möhlət verməyini xahiş etdi. Daha sonra hamilə olduğunu, bir müddət sonra uşaq dünyaya gətirəcəyini, bir sözlə müxtəlif bəhanələr gətirərək israrla evdən çıxmamağa çalışırdı. Bir müddət sonra isə Jalə həyat yoldaşını da evdən qovdu. İddiaçı, Jaləyə bütün bu söz-söhbətlərə və dava-dalaşlara son qoyaraq evini tez bir zamanda boşaldmasını bildirəndə, Jalə nalayiq sözlər deyərək iddiaçını qonşular və qohumlar yanında hörmətdən salmağa başladı. Bundan sonra isə iddiaçını ona məxsus evdən qovmuş, özü isə həmin evdə qalmaqla evini qanunsuz olaraq zəbt etmişdir. Sonradan o, evinə baxmağa gələrkən evdə ona məxsus ev və məişət əşyalarının mənimsənildiyini, onların bir hissəsinin talan edildiyini, ümumiyyətlə evini bərbad vəziyyətə saldığını aşkar etdi. Bir sözlə evə heç bir haqqı və hüququ olmayan, evin tikiliməsində və abadlaşdırılımasında heç bir iştirakı olmayan cavabdeh iddiaçı gili evlərinə buraxmır. Qeyd edilən fərdi yaşayış evində iddiaçıya məxsus ev və məişət əşyaları mövcuddur. İddiçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, mübahisəli evi onun qaynatası onlar üçün inşa etdirmiş, həmin ev 10 sotun içində deyil, 10 sotun içində qaynatası öz qızı Şölə üçün dörd otaqlı ev inşa etdirmişdir. O, əri və uşaqları ilə birlikdə bir neçə il bundan əvvəl Gədəbəydən Bakıya köçmüş, ev tam hazır olmadığından bir müddət həmin həyətdə baldızının evində yaşamış, evi əri ilə birlikdə tamamladıqdan sonra öz evlərinə köçmüşlər, həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur, iddiaçı bir gün olsa belə həmin evdə yaşamamış, evin içində heç olmamış, bu mübahisə yaranandan sonra bir dəfə gəlib qonaq otağında oturub getmiş, iddiaçı heç evin quruluşunu düz-əməlli bilmir. Bu mübahisənin yaranma səbəbi ondan ibarətdir ki, onun əri öz xalası qızını qaçırtmış, bütün ailənin məqsədi ərinin təzə arvadı ilə bu evə yaşaması, cavabdehin isə azyaşlı uşaqları ilə birlikdə Gədəbəydəki qaynatasının evinə qaytarılmasından ibarətdir. Onun əri könüllü olaraq iddiaçının tələbi ilə deyil, cavabdeh tərəfindən qovulduğundan evi tərk etmişdir. Cavabdeh eyni zamanda Gədəbəy rayon Məhkəməsində nikahın pozulması barədə iddia qaldırmışdır. İddiaçı evə olan hüququnu sübut edə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Mübahisəli ev özbaşına tikilidir. İddiaçı tərəfindən təqdim edilmiş Abşeron rayon icra hakimiyyəti üzrə «Maştağa subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında» 23/İİİ-99-cu il tarixli 074 №-li sərəncamdan çıxarışa əsasən Maştağa subtropik sovxozunun xx.xx.1999-cu il tarixli 03 №-li qərarı, 15.03. 1999-cu il tarixli 15 №-li məktubu və 15.03. 1999-cu il tarixli 05 №-li əmri nəzərə alınaraq İddiaçı 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi verilmiş, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivindən təqdim edilmiş həmin sərəncam iddiaçı tərəfindən təqdim edilmiş çıxarışdan fərqli olmuşdur. Belə ki, arxivdən təqdim edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 074 №-li xx.xx.1999-cu il tarixli «Maştağa subtropik sovxozunun Həmkarlar Komitəsinin və Əmlak Kollektivi Şurasının xx.xx.1999-cu il tarixli 03 №-li qərarına baxılması haqqında» sərəncamına əsasən Maştağa subtropik sovxozu özünün xx.xx.1999-cu il tarixli 15 №-li məktubu ilə həmin ərazidə yaşayan, evi, torpağı olmayan 18 ailəyə fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Abşeron rayon İcra Hakimiyyəti başçısı qarşısında məsələ qaldırmış, qərarda göstərilən ərazidə yaşayan, evi və torpağı olmayan, hər ailə üçün 0,10 ha hesabı ilə 206 ailəyə 30,0 hektar həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Abşeron rayon İcra Hakimiyyəti başçısı sovxoz tərəfindən istifadə edilməyən, qərarda göstərilmiş sahədən hər ailə üçün 0,10 ha hesabı ilə 206 ailəyə 30,0 ha həyətyanı torpaq fondunun ayrılması, həmin torpaqların növbəlik əsasında Maştağa Subtropik sovxozunun direktorunun əmri ilə paylanması qərar alınmışdır (arxiv tərəfindən təqdim edilmiş sərəcama Maştağa Subtropik sovxozunun direktorunun əmri əlavə edilməmişdir). Göründüyü kimi, sərəncamın arxiv nüsxəsində vətəndaşların adları qeyd edilməmiş, həmin adların Maştağa Subtropik sovxozunun direktorunun əmrində göstərilməsi nəzərdə tutulmuşdur. Sərəncam kiril alfaviti ilə icra edilmişdir. Torpağa dair sənəd 1999-cu ilə təsadüf etsə də, iddiaçı Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 139 №-li xx.xx.2023-cü il tarixli arayışı təqdim etmişdir. Həmin arayışa əsasən İddiaçı Maştağa Subtropik adlanan ərazidə 1000 kvadrat metr torpaq sahəsini və 200 kvdarat yaşayış sahəsi-əmlakı vergi qeydiyyatına alınmışdır (qeydiyyata alındığı tarix göstərilməmişdir). İddiaçı tərəfindən eyni zamanda 2023-cü ilə hesablanmış əmlak vergisi 54,4 manat, torpaq vergisi 6 manat hesablanması, ötən dövlər üzrə (dövrlər göstərilməmişdir) 132,8 manat vergi borcu, 41,95 manat faiz məbləği, ödəniləcək məbləğ 235,15 manat olması barədə Maştağa Bələdiyyəsi vergi ödənişləri şöbəsinin tədiyyə bildirişi təqdim edilmişdir. Yəni, iddiaçı iddia verməyə hazırlaşan zaman əmlak və torpaq vergisi ödəməyə başlamışdır. İddiaçı cavabdehin ərinin əmisi arvadıdır. Cavabdeh Həsənova (İsmayılova) Jalə Nəcəf qızı X2 ilə xx.xx.2018-ci il tarixdə nikahlarını bağamışlar (Gədəbəy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 236981 №-li nikah haqqında şəhadətnamə). Onların yetkilik yaşına çatmamış iki uşaqları var – xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 (Gədəbəy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 180673 №-li doğum haqqında şəhadətnamə) və xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 (5 salyı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 578254 №-li doğum haqqında şəhadətnamə). «Bakı Baş Səhiyyə Mərkəzi» X11 21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan 29 və 30 №-li Çıxarışlardan görünür ki, hər iki uşağa xx.xx.2023-cü il tarixdə xəstəlikləri ilə əlaqədar göndəriş verilmişdir. Cavabdehin oğlu Məmməd 2023-cü ildə Bakı şəhəri Sabunçu rayonu 22 №-li tam orta məktəbə birinci sinifə gedib (məktəbin direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4486 №-li arayış). "xxxx" ASC və «Azəriqaz» İB-də mübahisəli ev üzrə abonent kimi qeydiyyata cavabdehin əri Həsənov Cavid alınmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı izahat verərək qeyd etmişdir ki, iddiaçı onun qaynı oğlunun arvadıdır, ona ayrılmış torpaq sahəsində o, ev inşa etdirmiş, lakin orada heç yaşamamış, eyni zamanda həmin 10 sot torpaq hüdudlarında qaynı, yəni iddiaçının qaynatası qızı Şöləyə ev inşa etdirmiş, cavabdeh və əri iki il əvvəl Gədəbəy rayonundan müvəqqəti olaraq Bakıya gəlmiş, bir müddət həyətdəki baldızının evində yaşamış, sonradan onun evinə kömüş, bəlkə yüngülvari evə əl gəzdirmiş, işığı, qazı qaynı oğlu öz adına çəkdirmiş, lakin onlar əvvəldən həmin evdə müvəqqəti yaşadıqlarını və onun tələbi ilə evi boşaltmalı olduqlarını bilmiş, qaynı oğlu onun tələbi ilə evi tərk etmiş, lakin iddiaçı uşaqları ilə birlikdə evdən çıxmır, iddiaçının yaşamağa evi olsa da, o, oğlunu evləndirib həmin evə yerləşdirmək istəyir. O, heç bir zaman Maştağa Subtropik sovxozunda işləməmiş, mübahisəli torpaq sahəsini hamı kimi pul müqavibilində almışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən Maştağa Subtropik bitkilər sovxozu direktoru H.Y.Seyidovun xx.xx.1999-cu il tarixli 05 №-li əmrinin latın alfaviti ilə yazılmış arxiv çıxarışı təqdim edilmişdir (həmin dövrdə icra edilmiş orijinal əmr təqdim edilməmişdir). Həmin əmrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 074 №-li xx.xx.1999-cu il tarixli sərəncamı rəhbər tutularaq sovxozun fəhlə və mütəxəssis ailəsindən biri olan İddiaçı 0,10 ha hesabı ilə fərdi evin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı sovxozda işləməyəni təsdiq edən əmək kitabçasını məhkəməyə təqdim etməmişdir. Məhkəmədə şahid qismində ifadə verən cavabdehin əri X2 aşağıdakıları bildirdi. Jalə ilə nikah pozulma ərəfəsindədilər, o, boşanmaq istəmir, evlənməmişdən əvvəl Bakıya gəlmiş və Binə ticarət mərkəzində araba xidməti göstərmiş, yaşamağa yeri olmamış, bir müddət əmisi gildə qalmış, əmisinin arvadının evi olduğu üçün onun razılığı ilə həmin evə köçmüş, işığı, qazı öz adına rəsmiləşdirmiş, 7-8 ay o evdə yaşadıqdan sonra 2011-ci ildə hərbi xidmətə getmiş, xidmətdən rayona qayıdıb orada yaşamış, evlənmiş, 9 il ərzində evdə yaşamadığına görə işığın, qazın ödənişlərini etməmiş, 9 ildən sonra ailəsi ilə birlikdə Bakıya gəlmiş, həmin ev hazır vəziyyətdə olmadığına görə (mətbəxi, hamamı yox idi) bacısı gildə ailəsi ilə birlikdə yaşamış, həmin müddətdə əmisinini arvadı, yəni iddiaçı, həmin evi hazır etmiş və onlar evə köçmüşdülər. Hazırda iddiaçı oğlanlarını evləndirib həmin evə yerləşdirmək istəyir və evdən çıxmaqlarını tələb edir, lakin Jalə çıxmır. Məhkəmə tərəfindən mübahisəli evin yerləşdiyi torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir, müəyyən bir ərazidə sıra ilə Jalənin baldızının evi, sonra Jalənin qaynatası tərəfindən yeni inşa edilmiş, tamamlama işləri gedən ev, sonra mübahisəli ev yerləşir. Evin içinə girilməmiş, iddiaçıya evi təfsir etmək təklif edilmiş, iddiaçı bunu edə bilməmişdir. Hazırda iddiaçı Jalənin uşaqları ilə evdən çıxarılması, ev əşyalarının orada saxlanılması və özünün oraya köçürülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız və qanunsu olduğu qənaətinə gəlmişdir. Qeyd edildiyi kimi, mübahisəli ev özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə olan hüququnu sübut edə bilməmişdir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron rayon icra hakimiyyəti üzrə «Maştağa subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında» 23/İİİ-99cu il tarixli 074 №-li sərəncamı ilə məhkəmənin sorğusu əsasında təqdim edilmiş arxiv nüsxəsi fərqli olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş nüsxədə iddiaçının adı qeyd edilmiş, halbuki vətəndaşların adlarını müəyyən etmək Maştağa Subtropik sovxozunun direktorunun səlahiyyətində olmuşdur. Sonradan təqdim edilmiş Maştağa Subtropik sovxozunun direktorunun əmrinin arxiv çıxarışında iddiaçı sovxozun işçisi kimi göstərilmiş, halbuki iddiaçı heç bir zaman həmin sovxozda işləməmişdir. Odur ki, bu torpağın iddiaçıya qanuni əsaslarla ayrılması şübhə doğurmuşdur. Bundan başqa, hətta torpaq qanuni əsaslarla ayrılmış olsaydı belə, torpaq sahəsinin koordinatları, ayrıc aktı təqdim olunmadığından həmin torpağın yerini, mübahisəli evin məhz həmin torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün deyil. Bundan başqa, mübahisəli evin məhz iddiaçı tərəfindən inşa edildiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddia ərizəsində və iddiaçının məhkəmə hazırlıq iclasında verdiyi izahatında, şahidin ifadəsində ziddiyətlər mövcuddur. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh iddiaçını da, öz ərini evdən qovmuşdur. Məhkəmə hazırlıq iclasında isə iddiaçı onun tələbi əsasında Jalənin ərinin evi könüllü tərk etməsini, lakin Jalənin bunu etməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının heç bir vaxt həmin evdə yaşamadığı müəyyən edilmişdir. Evin kommunal xidmətləri üzrə abonentinin cavabdehin əri olması, uşaqların həmin ərazidəki poliklinikada qeydiyyatda olması, uşağın həmin rayonda yerləşən məktəbə getməsi mübahisəli evin məhz cavabdehin və onun ailəsinin istifadəsində olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, iddiaçı həmin evə köçürülməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Mənzilə köçürülməsi üçün üç əsas mövcud olmalıdır: şəxsin həmin mənzildə yaşaması, onun mənzildən zorla çıxarılması və son olaraq mənzilə qayıtmaq istəməsi faktı. Qeyd edildiyi kimi, iddiaçı həmin mənzildə heç bir zaman yaşamamış, bunun da nəticəsi olaraq, oradan qovulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı həmin mənzilə qayıtmaq belə istəmir, hazırki iddiada daha çox Jalənin ərinin ailəsinin marağı olduğu görünür. Belə ki, ailənin birmənalı niyyəti Jaləni və azyaşlı uşaqlarını Gədəbəy rayonuna köçürdərək mənzili boşaltmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququnu sübuta yetirmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5441/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5441/2023
20.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver