Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-565/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Maraqlı şəxs2 cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Maraqlı şəxs2 cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1965-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X5 anadangəlmə psixi xəstəlikdən əziyyət çəkir və öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Eyni zamanda, bacısı X5 birinci qrup əlildir və Bakı şəhəri Binəqədi rayon 9 saylı şəhər poliklinikasında psixiatriya kabinetində qeydiyyatdadır. Hazırda isə Respublika Psixiatriya Xəstəxanasında müalicədədir. Bacısı ruhi xəstəlikdən, daha dəqiq şizofreniya paranoid formasından əziyyət çəkdiyindən bir sıra problemlər yaranır. Hesab edir ki, onun xəstəliyi fəaliyyət qabiliyyətini istisna edən xəstəlikdir və bacısına qəyyum tələb olunur. Hesab edir ki, bacısının qəyyumu özü olmalıdır. Belə ki, o, fəaliyyət qabiliyyətlidir, müəllimə işləyir, heç vaxt məhkum olunmamışdır, ev şəraiti yaxşıdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Belə olan halda məhkəmə, işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Respublika Psixiatriya Xəstəxanası phş tərəfindən verilmiş 11583 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X5 1986-cı ildən Respublika Psixiatriya Xəstəxanasında bir neçə dəfə stasionar müalicədə olub. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. Diaqnoz: şizofreniya paranoid forma. - Bakı şəhəri Binəqədi rayonu 9 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 470 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 poliklinikanın psixiatriya kabinetində qeydiyyatdadır. - 075720 nömrəli xx.xx.2006-cı il tarixli vəsiqənin surətindən görünür ki, X5 1-ci qrup əlildir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - İ-ЗЖ seriyalı 865127 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1965-ci il tarixdə doğulmuşdur, atası X7, anası X3r. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1968-ci il tarixdə doğulmuşdur, atası X7, anası X3r. - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 və X4 nikahı haqqında 26 yanvar 1988-ci il tarixdə 70 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Alıyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024cü il tarixli 1859 saylı rəyindən görünür ki, X2 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1965-ci il təvəllüdlü bacısı X2 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəlik aşkar olunmuş, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə xx.xx.2024-cü il tarixli 1859 saylı rəy verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə bacısı Ərizəçi məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-565/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-565/2024
11.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver