Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5736/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.09.2020-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən ödənilmiş 10.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh arasında bağlanmış 16.09.2020-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yaşayış sahəsi 17.3 kv.m olan bir otaqdan ibarət, X3 02.01.2002-ci il tarixli, 14 saylı qərarına əsasən, mülkiyyət hüququ əsasında sifarişçi İddiaçı 24.06.2015-ci il tarixdə ölmüş əri X1 adına qeydə alınmış yaşayış evinə dair vərəsəlik işinin aparılması və həmin ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin özəlləşdirilməsi üçün ƏMDK yanında DƏDRX Ərazi İdarəsinə müraciət etmək, X1 adına qeydə alınmış yaşayış evinin qeydiyyatı ləğv olunmaqla, yalnız həmin ünvanda yerləşən 0.12 torpaq sahəsinə mülkiyyət növü xüsusi olmaqla, torpaq sahəsinin planını, ölçüsünü və çıxarışı almağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin 2.1, 2.2-ci bəndlərində nəzərdə tutulan işləri yerinə yetirməsi müqabilində 10.000 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüş və həmin məbləği müqavilə bağlanan tarixdə "xxxx" ASC-nin Ulduz şöbəsində cavabdehin hesabına tam olaraq ödəmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən, cavabdeh həmin işləri 3 ay ərzində tamamlamağı öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin "Qeyd" hissəsində nəzərdə tutulmuşdur ki, müqavilə vaxtından əvvəl sifarişçinin təşəbbüsü ilə ləğv edilərsə, sifarişçi tərəfindən ödənilən xidmət haqqı geri qaytarılmır. Xidmət göstərən xidmətin göstərilməsindən imtina edərsə və ya 3 ay ərzində tamamlaya bilməzsə xidmət haqqı geri qaytarılır. Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə imtina edərək, pulu qaytarmaqdan yayınır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16.09.2020-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilədə nəzərdə tutulmuş məbləğdən əlavə, iddiaçı tərəfindən 23.09.2020-ci il tarixdə 1200 manat, 06.10.2020-ci il tarixdə 800 manat cavabdehə ödənildiyindən, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh 16.09.2020-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən ödənilmiş 12.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iddia tələbinə qiyabi icraat qaydasında baxılıb, qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçı tərəfin fikrini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin direktoru Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” 16.09.2020-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 17.3 kv.m olan bir otaqdan ibarət, X3 02.01.2002-ci il tarixli, 14 saylı qərarına əsasən, mülkiyyət hüququ əsasında sifarişçi İddiaçı 24.06.2015-ci il tarixdə ölmüş əri X1 adına qeydə alınmış yaşayış evinə dair vərəsəlik işinin aparılması və həmin ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin özəlləşdirilməsi üçün ƏMDK yanında DƏDRX Ərazi İdarəsinə müraciət etməyi, X3 02.01.2002-ci il tarixli 14 nömrəli qərarına əsasən mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmış yaşayış evinin qeydiyyatı ləğv olunmaqla, yalnız həmin ünvanda yerləşən 0.12 torpaq sahəsinə mülkiyyət növü xüsusi olmaqla, torpaq sahəsinin planını, ölçüsünü və dövlət reyestrindən çıxarışı almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, yuxarıda qeyd olunan işləri yerinə yetirməsi müqabilində “sifarişçi” 10.000 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüş, 3.1-ci bəndinə əsasən, “xidmət göstərən” həmin işləri 3 ay ərzində tamamlamağı öhdəsinə götürmüşdür. Həmçinin, həmin müqavilənin "Qeyd" hissəsində nəzərdə tutulmuşdur ki, müqavilə vaxtından əvvəl “sifarişçi”nin təşəbbüsü ilə ləğv edilərsə, “sifarişçi” tərəfindən ödənilən xidmət haqqı geri qaytarılmır. “Xidmət göstərən” xidmətin göstərilməsindən imtina edərsə və ya 3 ay ərzində tamamlaya bilməzsə xidmət haqqı geri qaytarılır. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16.09.2020-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən həmçinin müəyyən olunur ki, həmin müqavilənin son səhifəsində “23.09.2020-ci il 1200 m ödənildi əlavə. imza Cavabdeh”, 06.10.2020-ci il 800 m. imza” qeydləri aparılmışdır. İş materiallarında olan 16.09.2020-ci il tarixli, TT**********97710020 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı xidmət haqqı ilə birlikdə"xxxx" ASC-nin Ulduz şöbəsində 10.020 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsində qeyd olunmuşdur ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (777.2-ci maddə). Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh arasında Xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra edərək, 10.000 manat məbləğində xidmət haqqını cavabdehə ödəmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh “Xidmətlərin göstərilməsi haqqında” 16.09.2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia təmin edilməli, iddiaçı tərəfindən həmin müqaviləyə əsasən ödənilmiş 12.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməklə, əvəzi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh 12.000 (on iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5736/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-5736/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver