Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-591/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.08353 ha torpaq sahəsi və üzərində tikili olan 3556.5 kv.m sahəsi olan qeyriyaşayış binasının sol tərəfində qanunsuz olaraq tikilmiş tikilinin sökülməsi və binanın təhlükəsizliyinin mühafizəsi üçün çəkilmiş torlu hasarın yenidən bərpa edilməsinə yaradılan maneənin cavabdehlər tərəfindən aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.08353 ha torpaq sahəsi və üzərində tikili olan 3556.5 kv.m sahəsi olan qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2018-ci il tarixli seriya RX № ******* nömrəli çıxarış verilmişdir. Qeyri-yaşayış binası bütün texniki şərtlər və təhlükəsizlik qaydaları nəzərə alınaraq tikilmişdir. Bina beş mərtəbə və mansard hissədən ibarət olmaqla, hazırda otel kimi fəaliyyət göstərir. Bütün elektrik generatorları, qazanxanalar və digər təhlükəli avadanlıqlar binanın arxa hissəsində yerləşir. Eyni zamanda, binanın arxa tərəfinə daxildən çıxış qapısı mövcuddur. Cavabdehlər qeyri-yaşayış binasının sol tərəfində qanunsuz olaraq dövlət torpağını zəbt edərək yaşayır. Lakin cavabdehlər qanunsuz olaraq sonradan özlərinin əvvəl yaşadıqları özbaşına tikilini eni 0.90 metr, uzunluğu 15 metr məsafədə irəli çəkərək tikili tikmişdir ki, bu da iddiaçının qeyri-yaşayış binasına və fəaliyyət göstərən otelə maneə yaradır. Belə ki, əvvəllər binanın arxa hissəsinə su maşınları və yanğınsöndürən maşınlar rahat keçsə də, hazırda keçə bilmir. Yanğın və digər bədbəxt hadisənin qarşısının alınması mümkün olmayacaq. Eyni zamanda, binanın arxa hissəsində istifadədə olan generatorların, digər təhlükəli avadanlıqların insanların, oteldə olan qonaqların, əsasən azyaşlı uşaqların və iaşə obyektində digər bədbəxt hadisədən qorunmaq üçün mühafizə xətti olaraq heç kəsin maraqlarına toxunmadan qapı qoyularaq setka hasar çəkilmişdir. Cavabdehlər olan qonşular həmin setka hasarı qanunsuz olaraq sökmüşlər. Hesab edir ki, cavabdehlərin hazırda qanunsuz olaraq evinə bitişik eni 0.90 metr uzunluğu isə 15 metr olan qanunsuz tikili cavabdehlərin hesabına sökülməli, mühafizə üçün çəkilmiş setka hasarın bərpasına yaradılmış maneə cavabdehlər tərəfindən aradan qaldırılmalıdır. Bütün bunları nəzərə alaraq, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Fövqəladə vəziyyət zamanı insanların rahat və təhlükəsiz təxliyə edilməsi üçün yanğınsöndürən maşınların, təcili tibbi yardım maşınlarının binanın həyətinə maneəsiz girişini təmin etmək üçün lazımi şərait yaradılmalıdır. Lakin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində bu mümkün deyildir. Cavabdehlərin qanunsuz olaraq hasarın üzərinə qoyduqları dəmir hissələr və setka az qala 4 metrə yaxındır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.4-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, cavabdehlərin yaşadığı tikililinin iddiaçıya məxsus qeyri-yaşayış binasına və fəaliyyət göstərən otelə maneələrin yaratması barədə iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, cavabdehlərin yaşadığı tikili sözügedən oteldən daha əvvəl tikilmişdir. Binanın arxa hissəsinə su maşınlarının və yanğınsöndürən maşınların rahat keçə bilməməsinə görə, çıxış yolu cavabdehlərin yaşayış evinin sökülməsi deyil. Təhlükəsizlik sahəsindəki mövcud texniki imkanlar müasirləşdirilmiş və dövrün tələblərinə cavab verən hala uyğunlaşdırılmışdır. Beləliklə, göstərilənlərə əsasən, nümayəndə, iddianın əsassız olması və sübuta yetirilməməsi səbəbindən təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.08353 ha torpaq sahəsi və üzərində tikili olan 3556.5 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin tikinti-texniki ekspertizası barədə qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/7718 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasının girişə nisbətdə sağ hissəsində, həmin qeyri-yaşayış binasından 3.26 metr aralıda 2 mərtəbədən ibarət, ümumi sahəsi 133 kv.m olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunur. Lakin, qeyd olunan 2 mərtəbədən ibarət fərdi yaşayış evinin X1 öz əmlakından təyinatı üzrə istifadə və üzərində sahiblik hüquqlarının həyata keçirilməsinə maneə yaradıb-yaradmamasının müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid deyildir. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının ətrafında hasar aşkar edilməmişdir. Lakin qeyd olunan qeyri-yaşayış binasının arxa hissəsinin giriş-çıxışının metal tor ilə əhatə olunduğu müşahidə olunmuşdur. Qeyd olunan qeyri-yaşayış binasının ətrafının hasarlanması müvafiq icra orqanları ilə razılaşdırılmaqla həyata keçirilə bilər. ünvan 1 ünvanında yerləşən 0.08353 ha torpaq sahəsi və üzərində tikili olan 3556.5 kv.m sahəsi olan qeyri-yaşayış binasının ətrafında yerləşən fərdi yaşayış evinin mövcudluğunun İddiaçı öz əmlakından təyinatı üzrə istifadə və üzərində sahiblik hüquqlarının həyata keçirilməsinə maneə yaradılıb-yaradılmamasının müəyyən edilməsi məqsədilə qəbul edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında ekspertiza aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sual Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığı bildirilmiş və bu əsasla ekspertiza aparılmasından imtina edilmiş, qərardad icrasız geri qaytarılmışdır. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında beş mərtəbəli və mansard hissədən ibarət, otel kimi fəaliyyət göstərən, arxa tərəfində çıxış qapısı olan qeyri-yaşayış binası var. Həmin binanın arxa hissəsində generatorlar, qazanxanalar və digər təhlükəli avadanlıqlar yerləşdirilmişdir. Həmin binanın sağ tərəfində qısa ara məsafəsində cavabdehlərin yaşadığı ikimərtəbəli tikilinin mövcudluğu, binanın arxa hissəsində yerləşən torpaq sahəsinin ümumi istifadədə olduğu müəyyən edildi. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddia tərəfi cavabdehlər tərəfindən qanuni əsas olmadan inşa edilmiş özbaşına tikilinin onun mülkiyyətində olan qeyri-yaşayış binasının avadanlıqar yerləşdirilmiş hissəsinə giriş-çıxışı məhdudlaşdırdığı ərazidə yerləşməsi səbəbindən sökülməsini məhkəmədən xahiş edir, cavabdeh tərəf isə iddianı əsassız hesab edir və iddianın sübuta yetirilmədiyini bildirib, rədd olunmasını məhkəmədən xahiş edir. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi yeganə sübut ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı mülkiyyətdə olduğunu təsdiq edən çıxarış və həmin qeyri-yaşayış binasının texniki pasportudur. İş üzrə xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilsə də, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/7718 saylı rəydə, eləcə də ekspertiza aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatda ekspert cavabdehlərin yaşadığı fərdi yaşayış evinin mövcudluğunun İddiaçı öz əmlakından təyinatı üzrə istifadə və üzərində sahiblik hüquqlarının həyata keçirilməsinə maneə yaradılıb-yaradılmaması məsələsinin Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığı bildirib, bu sualı mahiyyəti üzrə tədqiq edib rəy verməmişdir. Elə bununla əlaqədardır ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisəli əraziyə yerində baxış keçirilmiş, baxış zamanı beş mərtəbəli və mansard hissədən ibarət, otel kimi fəaliyyət göstərən, arxa tərəfində çıxış qapısı olan qeyri-yaşayış binasının mövcudluğu, həmin binanın arxa hissəsində generatorlar, qazanxanalar və digər təhlükəli avadanlıqlar yerləşdirildiyi, həmin binanın sağında qısa ara məsafəsində cavabdehlərin yaşadığı iki mərtəbə tikilinin mövcudluğu, binanın arxa hissəsində yerləşən torpaq sahəsinin ümumi istifadədə olduğu müəyyən edilmişdir. Lakin yaşayış evinin mövcudluğunun İddiaçı öz əmlakından istifadə etməsinə nə kimi maneə törətdiyini müəyyən etmək mümkün olmamışdır. Həmin halı təsdiq edən sübut məhkəməyə təqdim olunmadığından (məhkəmənin qəbul etdiyi qərardadlar əsasında əldə edilməsinə çalışılsa da), məhkəmə həmin xüsusatı sübuta yetirilməmiş hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməsi üçün məhkəməyə yetərli və əsaslı sübut təqdim edilmədiyindən, tələb təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, habelə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim olunduğu gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-591/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-591/2023
29.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver