Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6223/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizənin məzmunundan görünür ki, ərizəçi “Alik” ilə “Əli Rzanın” eyni şəxs olması, yuxarıda qeyd edilmiş doğum aktı qeydlərinin ölən şəxs “X1” mənsub olması faktı müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə həmçinin qeyd edir ki, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3№-li Qərarının: 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur, 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, hazırkı tələblə bağlı müvafiq inzibati orqana və ya inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6223/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6223/2024
28.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver