Məhkəmə qərarları › İş №2(008)-6385/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6385/2021

29.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6385/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası və Maraqlı şəxs2 başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası və Maraqlı şəxs2 başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilmiş 11.10.1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı 11.10.1981-ci il təvəllüdlü X7 psixi xəstə kimi 2001-ci ildən Mingəçevir şəhər Rayonlararası Psixo-nevroloji Dispanserdə “paranoid şizofreniya” diaqnozu ilə qeydiyyatda olmaqla mütəmadi müalicə almışdır. Ona həmişə anası Afaq Əhmədova qayğı-qulluq göstərmişdir. 2020-ci ilin sonlarında qardaşının səhhəti kəskin pisləşmiş, lakin onu xəstəxanaya yerləşdirmək mümkün olmamışdır. Xəstəliyinin kəskinləşməsi nəticəsində, qardaşı 01.01.2021-ci il tarixdə, saat 15:00 radələrində anası Afaq Əhmədovanı çəkiclə başından vuraraq öldürmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı ilə qardaşı İslam Əhmədovun anasını öldürərkən anlqasız vəziyyətdə olması müəyyən edilmiş və onun cinayət məsuliyyətindən azad edilərək, barəsində tibbi xaraterli məcburi tədbirlər tətbiq edilməsi barədə 27.05.2021-ci il tarixli, 1-(091)-128/2021 saylı qərar qəbul edilmişdir. Həmin qərarın icrası Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilmişdir. Qardaşı hal-hazırda həmin xəstəxanada müalicə alır. Bundan başqa, yaranmış əmlak məsələlərinin həll edilməsi üçün qardaşı X4 üzərində qəyyum təyin edilməli və həmin hərəkətləri Qəyyumluq və Himayəçilik orqanının icazəsi ilə qəyyum həyata keçirməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası və Maraqlı şəxs2 başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixo-nevroloji Dispanser tərəfindən verilmiş 1189 saylı, 03.08.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan X7 13.10.2001-ci ildən həmin dispanserdə “paranoidşizofreniya, qüsur vəziyyəti” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-128/2021 saylı, 27.05.2021-ci il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilmiş hesab olunaraq, cinayət məsuliyyətindən azad olunmuş, barəsində Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicənin təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 14 saylı MİS tərəfindən verilmiş 427 saylı, 03.08.2021-ci il tarixli arayışdan görünür ki, Əhmədov X3 şəhəri, Nizami küçəsi, ev 13, mənzil 5 ünvanında yaşayır. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi Yaşar oğlunun atası X8, anası X6r. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.07.2021-ci il tarixli arayışdan görünür ki, 11.10.1981-ci il təvəllüdlü X4 atası X8, anası X6r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- X2 ambulator məhkəmə-psixiatrik ekspertizasının 30.09.2021-ci il tarixli, 3169 saylı rəyinə əsasən, X5 şizofreniya paranoid forma psixi qüsur əlanətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar - 2001-ci ildə psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, Mingəçevir Ruhi-Əsəb Dispanserində ambulator və stasionar qaydada müalicə olunması, 08.02.2021-ci il tarixdə məhkəmə psixiatrik ekspertizasından keçərkən “paranoid şizofreniya” diaqnozunun təyin edilməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən anlaqsız hesab edilərək X1 məcburi müalicəyə göndərilməsi, hal-hazırda da “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də məcburi müalicədə olması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X5 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X7 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar mövcuddur. X4 psixi vəziyyəti onun məhkəmə baxışında iştirak etməsinə yol vermir. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olundu ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 11.10.1981-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.10.1981-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar