Məhkəmə qərarları › İş №2(008)-661/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-661/2023

27.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-661/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X8 xx.xx.1973-cü ildə Bakı şəhəri Zirə kəndində doğulmuşdur. Qardaşı heç vaxt ailə qurmamış, Qarabağ müharibəsi dövründə Qubadlı rayonunda gedən döyüşlərdə aldığı travma nəticəsində ruhi xəstə olmuşdur. O, mütəmadi olaraq psixatriya xəstəxanasında müalicə olunur. Qardaşı “şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” diaqnozu ilə qeydiyyatdadır. Qardaşı müharibə veteranı və ikinci dərəcəli əlildir. Qardaşı psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. O, xəstəliyi ilə bağlı hərəkətini və davranışını dərk etmir. Onun daim kənar şəxsin qulluğuna ehtiyacı var. Qardaşını nəzarətsiz qoymaq mümkün deyildir və onun üzərində daim nəzarət olmalıdır. Göstərilənlərə əsasən xx.xx.1973-cü ildə Bakı şəhəri Zirə kəndində doğulmuş qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İV-ЖГ seriyalı 275492 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1973-cü il tarixdə doğulmuşdur, atası X6, anası X1r. - İV-ЖГ seriyalı 275491 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1970-ci il tarixdə doğulmuşdur, atası X6, anası X1r. - AZE seriyalı 09242467 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatdadır. - Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1809 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Sabunçu rayonu Balaxanı qəsəbəsi Dirçəliş küçəsi 59 nömrəli evdə yaşayır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X11 Şəxsi tərəfindən verilmiş 7722 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1973cü il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasına stasionar müalicəyə qəbul olunub, hal-hazırda müalicəsi davam edir. Diaqnoz: şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 81 nömrəli xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X8 müharibə veteranıdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023cü il tarixli 352 saylı rəyindən görünür ki, X8 onda qeyd olunan “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1973-cü il təvəllüdlü qardaşı X4 şizofreniya paranoid forma xroniki psixi xəstəlik aşkar olunmuş, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə xx.xx.2023-cü il tarixli 352 saylı rəy verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə, bacısı Ərizəçi yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar