Məhkəmə qərarları › İş №2(008)-6752/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6752/2024

02.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6752/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Ərizəçi ″mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi″ barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı şəhəri 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/1/2024-00352 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qeyd olunan saziş bağlandıqdan sonra Maraqlı şəxs könüllü şəkildə əmək haqqından tutulma edə bilməyəcəyini bildirmişdir. Yalnız əmək haqqına icra sənədinin yönələcəyi təqdirdə həmin sazişin icra edilməsi ilə bağlı razı olduğunu bidirmişdir. Buna görə də Maraqlı şəxs əmək haqqından aliment məbləğinin tutulması üçün barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunduqdan sonra icra şöbəsinə göndərilməsi zərurəti yaranmışdır. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Bakı 1 saylı Mediasiya Təşkilatında “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə uyğun tərəflər arasında barışıq sazişi bağlanmışdır. Hər iki tərəfin qarşılıqlı razılığı ilə bağlanmış sazişin təsdiq olunması barədə məhkəməyə verilmiş ərizəni müdafiə etdiyini bildirmişdir. Belə ki, Ərizəçi himayəsində olan 2 uşağının saxlanması üçün hazırda aliment almır. 1 uşağının xəstə olmasına görə həmin aliment məbləğinə çox ehtiyacı var. Bununla bağlı Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən aliment ödəməyə razılıq vermişdir. Həmin aliment barədə icra sənədinin onun əmək haqqına yönəlməsi barədə sazişə özü bənd əlavə etməyi xahiş etmişdir. Eyni zamanda təyin olunmuş məhkəmə iclasında üzurlü səbəblərə görə iştirak edə bilməyəcəyini bildirmiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/1/2024- 00352 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs razılaşmırlar, sazişdə Ərizəçi birinci tərəf, Maraqlı şəxs ikinci tərəf adlandırılmışdır. Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: 1.Tərəflər razılaşırlar ki, ikinci tərəf (ata) - yəni, Sədiyev X1 tərəfə (anaya) - yəni, Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X3 adlı övladın və xx.xx.2015-ci il təvəllüdlü X2 adlı övladın ananın himayəsində maddi və yaşayış xərclərini qarşılamaq üçün hər övlada 235 manat olmaqla, ümumulikdə 470 manat aliment ödəyəcəkdir. 2.Tərəflər razılaşırlar ki, yuxarıda göstərilən aliment məbləğinin yəni, 470 manat məbləğin hesablanmasına 01 sentyabr 2024-cü il tarixdən hesablanmağa başlanacaqdır.

3. Tərəflər razılaşırlar ki, yuxarıda göstərilən aliment məbləği - yəni 470 manat məbləğ ödənməsi Maraqlı şəxs rəsmi iş yeri üzrə əmək haqqısına avtomatik yönəldilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə görə, ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən edir ki, barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2024-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə, valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. Tərəflər razılaşırlar ki, ikinci tərəf (ata) - yəni, Sədiyev X1 tərəfə (anaya) - yəni, Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X3 adlı övladın və xx.xx.2015-ci il təvəllüdlü X2 adlı övladın ananın himayəsində maddi və yaşayış xərclərini qarşılamaq üçün hər övlada 235 manat olmaqla, ümumulikdə 470 manat aliment ödəyəcəkdir.

2. Tərəflər razılaşırlar ki, yuxarıda göstərilən aliment məbləğinin yəni, 470 manat məbləğin hesablanmasına 01 sentyabr 2024-cü il tarixdən hesablanmağa başlanacaqdır.

3. Tərəflər razılaşırlar ki, yuxarıda göstərilən aliment məbləği - yəni 470 manat məbləğ ödənməsi Maraqlı şəxs rəsmi iş yeri üzrə əmək haqqısına avtomatik yönəldilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar