Məhkəmə qərarları › İş №2(008)-689/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-689/2023

03.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-689/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi İddiaçı-cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh-iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi”, İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun tərəfindən 13.000 manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, 141 saylı evin 100 saylı mənzilindən (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11 m2)-dən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, m2 M11 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7644/2022 nömrəli 02 dekabr 2022-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçın qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(008)-6375/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, 141 saylı evin 100 saylı mənzilindən (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11 m2 onun xüsusi mülkiyyətindədir. Bu barədə adına xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarış vardır. Cavabdeh onun atasıdır. Atası onun mənzilində onunla birlikdə yaşamışdır, lakin hal-hazırda yaşamır, həmin mənzilə cavabdehi pasport qeydiyyata aldırmışdır. Atası mənzildə yaşayan zaman onunla kobud danışmış, onu döymüş, söymüş, təhqir etmiş, onu öldürməklə hədələmişdir, onu mənzildə yaşamağa qoymur. Cavabdeh xx.xx.2022-ci il tarixdə 00-30 radələrində onu yaşadığı mənzildən qovmuşdur. Bir müddətdən sonra o, birtəhər mənzilə köçüb yaşamağa başlamışdır. Cavabdeh tərəfindən döyülməsi barədə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə şikayət etmiş, iş üzrə araşdırma aparılmış və cavabdehin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilmişdir. O, hal-hazırda həmin mənzilin xüsusi mülkiyyətçisidir, onun mülkiyyət hüquqları məhkəmə tərəfindən müdafiə edilməlidir. O, öz mənzilindən sərbəst surətdə istifadə edə bilmir, sərəncam və sahiblik hüquqları pozulur. Cavabdeh ona öz xüsusi mənzilində yaşamağa imkan vermir. Ona görə də o, belə qərara gəlmişdir ki, cavabdehə kompensasiya versin və onu mənzildən çıxarsın. Onların bir mənzildə yaşamaları qeyri-mümkündür. Hal-hazırda Bakıxanov qəsəbəsində onun mənzili ilə eyni şəraitdə olan mənzilin kirayə haqqı 300-350 manat təşkil edir. Cavabdehə 13.000 manat kompensasiya verməklə onun mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Daha sonra İddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh onun tərəfindən 15.000 manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, 141 saylı evin 100 saylı mənzilindən (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11 m2-dən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsi ev 22, 7 saylı mənzil (3 otaq və 1 otaq artırma) onun adına olmuşdur. Qeyd edilən mənzil dövlət tərəfindən plana düşdükdən sonra həmin mənzilə dair onlara 190.000 manat kompensasiya ödənilmiş və adına Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən "xxxx" ASC-nə köçürülmüşdür. Daha sonra cavabdeh həmin pulu bankdan çıxararaq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, 141, 100 saylı evi almışdır (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, m2, M11). Həmin mənzilə dair cavabdehin adına xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh yeni mənzili 120.000 manata almış, yerdə qalan məbləği öz adına "xxxx" ASC-nin Bakıxanov filialına qoymuşdur. Üç aydır ki, cavabdeh həmin evə köçmüş, lakin həmin mənzilə onu buraxmamışdır. Hal-hazırda cavabdeh öz rəfiqəsi ilə həmin mənzildə yaşayır və onun mənzilə köçüb yaşamasına maneə yaradır. Özü yaşlıdır, ikinci qrup əlildir. Səhhətində kifayət qədər problemləri var. Cavabdehin etdiyi hərəkətlər səbəbindən səhhətindəki vəziyyət get-gedə daha da dözülməz hal alıb. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, Cavabdeh iddia tələbini etiraf etmədi və etirazını onunla əsaslandırdı ki, cavabdeh dəfələrlə mənzilinin qapısını, damofonu sındırmış, hər dəfə onları dəyişməyə məcbur olmuşdur. Cavabdeh onu mənzilə buraxmır, işığı, suyu kəsir, onu döyür. O, mənzilində günlərlə ac qalmışdır, qonşuları balkondan ona su, yemək vermişlər. Cavabdeh xuliqanlıq hərəkətlərindən əl çəkmir, o artıq bunlara dözə bilmir, hər gün qorxu içində yaşayır, dəfələrlə cavabdehin qanunsuz hərəkətləri barədə 102 xidmətinə zəng etmişdir, lakin cavabdehin barəsində heç bir tədbir görülmür. Göstərilənlərə əsasən Cavabdeh iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, ilkin iddianın təmin, Cavabdeh iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək öz iddiasının təmin, İddiaçı iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. Belə ki, o, yaşlı olmaqla yanaşı, ikinci qrup əlildir, işləyə bilmir. Təklif olunan məbləğə də özünə başqa yaşayış sahəsinin alınması mümkün deyildir. Mübahisəli mənzildən başqa, yaşayış sahəsi yoxdur. Həmin mənzil ona məxsus olmuş, 1994-cü ildə işlədiyi idarə tərəfindən ona verilmişdir. O da mənzilini tək övladı olan qızı Zoyaya bağışlamışdır. Hazırda həmin mənzildə qeydiyyatdadır. Qızı onun yeganə vərəsəsidir, arvadı vəfat etmişdir. Yaşlı vaxında qızı ona qulluq etmək əvəzinə, onu illərlə yaşadığı mənzildən çıxarır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin, İddiaçı iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, İddiaçı onun rəfiqəsidir, iddiaçını və onun atasını 4 ildir tanıyır. İddiaçı və atası əvvəllər Razində köhnə binada yaşayırdılar, daha sonra həmin ev plana düşdüyü üçün söküldüyündən yeni ev alıb orada yaşamağa başlamışlar. O, iddiaçının evinin yaxınlığında yaşayır. İddiaçının atası dəfələrlə İddiaçı küçədə döymüş, bu səbəbdən iddiaçı hazırda onunla birlikdə yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı iddiası rədd, Cavabdeh iddiası isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/6-5044 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir. - xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsi ev 139, 141, mənzil 100 (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11, m2) İddiaçı mülkiyyətindədir. - Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş A04-004/22 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsi ev 139, 141, mənzil 100 (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11, m2-nin orta aylıq kirayə dəyəri yuvarlaq olaraq 350 manat təşkil edir. Həmin rəydən görünür ki, qeyd olunan mənzil ictimai nəqliyyat və sosial infrastrukturu əlverişli, yolları asfalt, ekoloji durumu yaxşı, mərkəzi yola yaxın çoxmənzilli yaşayış binasında yerləşir. Mənzilin yaxınlığında orta məktəb, uşaq bağçası, ictimai iaşə obyektləri vardır. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-715/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum edilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 002851 nömrəli xx.xx.2017-ci il tarixli vəsiqənin surətindən görünür ki, Cavabdeh ikinci qrup əlildir. - “Balaxanıneft” NQÇİ-nin MKT İdarəsinin 11 nömrəli xx.xx.1994-cü il tarixli əmrinin və xx.xx.1994-cü il tarixli qərarın surətindən görünür ki, Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi 22 ünvanında yerləşən ümumi sahəsi 49.21 kv.m, yaşayış sahəsi 35 kv.m olan 2 otaqlı 7 nömrəli mənzil xüsusi mülkiyyət kimi Cavabdeh verilmişdir. - xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49.21 kv.m, yaşayış sahəsi 35 kv.m olan 2 otaqlı 7 nömrəli mənzili İddiaçı bağışlamışdır. Məhkəmə, iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarından göründüyü kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil əvvəllər Cavabdeh mülkiyyətində olmuş, sonuncu mənzilini yeganə övladı İddiaçı bağışlamışdır. Tərəflər mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Hazırda tərəflər arasındakı münasibətlər gərginləşmişdir. Cavabdeh ikinci qrup əlildir, mübahisəli mənzildən başqa yaşayış sahəsi yoxdur. Hazırda məhkəmədə Cavabdeh istifadə hüququnun olub-olmaması mübahisələndirilmir. İşin mübahisəli halı istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiya ilə bağlıdır. Bununla bağlı məhkəmə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə nəzər yetirməyi zəruri hesab edir. Belə ki, qeyd olunan qərarda məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin qərarda qeyd edilmişdir ki, «Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir». Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüquqları mövcud olduğundan, mülkiyyətçi İddiaçı tərəfindən ona Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətinə uyğun kompensasiya ödənilməli idi. Belə ki, məhkəmə iclasında tərəflər mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif olunan kompensasiya məbləği ilə bağlı razılığa gələ bilməmişlər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, «yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar». Məhkəmə hesab edir ki, İddiaçı kompensasiyanın məbləğini təklif edərkən mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini, bundan başqa, mənzilin ictimai nəqliyyat və sosial infrastrukturu əlverişli, yolları asfalt, ekoloji durumu yaxşı, mərkəzi yola, orta məktəb, uşaq bağçası, ictimai iaşə obyektlərinə yaxın ərazidə yerləşməsini nəzərə almamışdır. Bu səbəbdən məhkəmə, 15.000 manat məbləğində kompensasiyanın təklif edilməsini ağlabatan və reallığa uyğun qiymət hesab etmir. Belə ki, təklif olunan məbləğ Cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə yaşamaq imkanı vermir. Bundan başqa, məhkəmə, Cavabdeh mübahisəli mənzilin keçmiş mülkiyyətçisi olmasını, həmin mənzildə uzun illər qeydiyyatda olmaqla yaşamasını, mənzilini yeganə övladı olan İddiaçı bağışlamasını, ikinci qrup əlil olmasını, işləməməsini, başqa yaşayış yerinin olmamasını nəzərə alaraq, 15.000 manat məbləğində kompensasiya verilməsi müqabilində onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini ədalətli hesab etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən aşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh İddiaçı ailə üzvü olmaqla mübahisəli mənzildə uzun illərdir ki, qeydiyyatda olmaqla yaşayır. Ailə münasibətlərinin gərginləşməsinin nəticəsi olaraq, Cavabdeh mübahisəli mənzildə yaşamasına İddiaçı tərəfindən maneçilik törədilmiş və Cavabdeh başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli mənzil tərəflərin yaşayış yeridir, Cavabdeh həmin mənzildən istifadə hüququ vardır. Cavabdeh İddiaçı Cavabdeh həmin mənzildə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və sonuncunun hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Cavabdeh qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsi ev 139, 141, 100 nömrəli mənzilə (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11, m2) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsi ev 139, 141, 100 nömrəli mənzilə (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11, m2) köçürülsün. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar