Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-69/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü X3 onun bacısıdır. Bacısı ruhi əsəb xəstəliyindən əziyyət çəkir. O, ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, daim kənar şəxsin ümumi qulluğuna ehtiyacı vardır. Hazırda bacısına qulluq və nəzarəti özü yerinə yetirir. Maddi imkanı olmadığına görə onun müalicəsi üçün ödənişlər etməkdə çətinlik çəkir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, ona qulluq etdiyinə görə təqaüd ala bilmir. Habelə qəyyumu kimi onun adından çıxış edə bilmir. Ərizəçi və maraqlı şəxs Sabunçu rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında tərəflər təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş AZE seriyalı 16176410 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3940 nömrəli rəyindən görünür ki, X2 "isterik tipli şəxsiyyət pozuntusu” (F60.4) aşkar olunur. Bunu anamnestik məlumatlar - xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas, affektiv reaksiyalara meylli olması, 2001-ci ildən başlayaraq əvvəl Bakı şəhər RƏXD-in, sonralar isə 11 saylı Şəhər Poliklinikasının psixiatrik kabinetində “şəxsiyyətin isterik tipli pozuntusu tez-tez təkrarlanan dekompensasiya halları funksional tutmalarla” diaqnozu ilə qeydiyyatda olması, 2012-ci ildə kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasından keçərkən “isterik tipli şəxsiyyət pozuntusu” diaqnozunun bir daha təsdiq olunması, anamnestik məlumatlara əsasən SN Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər, davranışının nümayişkarlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional labilliyi və sair təsdiq edir. X1 psixiatriya müəssisələrində müayinə və müalicəsi zamanı ona “isterik tipli şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuş, yəni təfəkkür, yaddaş, intellekt funksiyalarının kobud pozulmaları ilə müşayiət olunan xroniki psixi xəstəlik, yaxud kəmağıllıq əlamətləri aşkar edilməmişdir. Qeyd edilməlidir ki, hər hansı “şəxsiyyət pozuntusu” diaqnozu (konkret halda “isterik tipli şəxsiyyət pozuntusu”) xasiyyətin patologiyasını əks etdirir. Belə patologiya zamanı təfəkkür, yaddaş, intellekt kimi ali psixi finksiyalarda pozuntular qeydə alınmır. X2 qeyd olunan "isterik tipli şəxsiyyət pozuntusu” psixi (ruhi) xəstəlik hesab olunmur. X4, qızı hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. X2 isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. X2 qeyd olunan “isterik tipli şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətindən məhrum etmir. X3 hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas yoxdur. X1 psixi vəziyyəti onun məhkəmə iclasında iştirakına yol verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3321 nömrəli rəyindən görünür ki, X2 İsterik tipli şəxsiyyət pozuntusu (F6Q.4) aşkar olunur. Bunu anamnestik məlumatlar - xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas, affektiv reaksiyalara meylli olması, 2001-ci ildən başlayaraq əvvəl Bakı şəhər RƏXD-in, sonralar isə 11 saylı Şəhər Poliklinikasının psixiatrik kabinetində “şəxsiyyətin isterik tipli pozuntusu tez-tez təkrarlanan dekompensasiya halları; funksional tutmalarla” diaqnozu ilə qeydiyyatda olması, 2012-ci ildə kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasından keçərkən “isterik tipli şəxsiyyət pozuntusu” diaqnozunun müəyyən edilməsi, anamnesttk məlumatlara əsasən SN Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, həmçinin hazırki müayinə zamanı davranışında nümayişkarlıq əlamətləri biruzə verməsi, özünü ağır xəstə kimi təqdim etməyə səy göstərməsi, əhvalı bir qədər dəyişkən olması, emosional çılğınlığı biruzə verməsi və sair təsdiq edir. X1 psixiatriya müəssisələrində müayinə və müalicəsi zamanı onda “isterik tipli şəxsiyyət pozuntusu" diaqnozu müəyyən edilmişdir. Onda xroniki psixi xəstəlik, kəmağıllıq əlamətləri aşkar edilməmişdir. X2 qeyd olunan "isterik tipli şəxsiyyət pozuntusu” psixi (ruhi) xəstəlik hesab olunmur. X2 müəyyən edilən "isterik tipli şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətindən məhrum etmir. Buna görə də X3 fəaliyyət qabiliyyətli hesab edilir. X1 psixi vəziyyəti onun məhkəmə iclasında iştirakına yol verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməli, X1 psixiatriya müəssisələrində müayinə və müalicəsi zamanı onda “isterik tipli şəxsiyyət pozuntusu" diaqnozu müəyyən edilsə də, onda xroniki psixi xəstəlik, kəmağıllıq əlamətləri aşkar edilməmişdir. X2 qeyd olunan "isterik tipli şəxsiyyət pozuntusu” psixi (ruhi) xəstəlik hesab olunmur. X2 müəyyən edilən "isterik tipli şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətindən məhrum etmir. Buna görə də, fəaliyyət qabiliyyəti olmayan hesab edilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı xx.xx.1963-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-69/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-69/2025
07.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver