Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-690/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Ləğv prosesində olan Cavabdeh3 ASC arasında bağlanmış 22 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 may 2004-cü il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 44 saylı mənzili əldə etmişlər. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri mənzili onun razılığı olmadan ipoteka ilə yüklü edərək Ləğv prosesində olan Cavabdeh3 ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) xeyrinə banka girov qoymuşdur. Daha sonra həmin kredit borcu ilə bağlı məhkəmə prosesləri olmuş və borca görə həmin əmlak Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzində hərraca çıxarılmışdır. Hesab edir ki, keçiriləcək hərraclar zamanı onun iştirakı təmin edilməli, əmlakın yarı payı ona aiddir, həmin əmlak həyat yoldaşının borcuna görə o da payından məhrum ola bilməz, onun bu borclardan xəbəri olmamış, ipotekaya qoyulanda onun razılığı alınmamışdır. Eyni zamanda, ipoteka müqaviləsindən onun xəbəri olmamış, razılıq verməmişdir. Bundan başqa, qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən, həmin mənzilin 1/2 hissəsi ona məxsusdur. Cavabdeh1 ipoteka ilə yüklü edilməyə ancaq öz payına nisbətdə razılıq verə bilərdi yaxud ipoteka müqaviləsində o da müqavilə üzrə tərəf kimi göstərilməli idi. Bundan başqa, ipoteka müqaviləsində kredit müqaviləsinin, götürülmüş kreditin şərtləri (kreditin müddəti, illik faiz dərəcəsi) göstərilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin (nümayəndələrini göndərməmələrinin) səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İ seriyalı 039516 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 04 may 2004-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Allahverdi soyadı verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 53986 ABŞ dolları əsas borcun, 8272 ABŞ dolları faiz borcunun, 200 ABŞ dolları cərimənin, cəmi 62458 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110.864 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1, İddiaçı, X1 və X3 mənzildən çıxarılmaları, Cavabdeh1 145 manat məbləğində ekspertiza xərcinin dövlət nəfinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8401/2019 nömrəli 02 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin faiz borcunun məbləği hissəsində dəyişdirilməsi Cavabdeh1 tutulmalı olan faiz borcunun 14103 (on dörd min yüz üç) ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərci olan 145 (yüz qırx beş) manatın cavabdehə aid edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2652/2020 nömrəli 18 avqust 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - İM 01 nömrəli 22 avqust 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 avqust 2014cü il tarixli kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - İPK 01 nömrəli 22 avqust 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə görə cavabdehə 36 ay müddətinə illik 28% olmaqla 64.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında məhkəmənin formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir”. İşin mübahisəsiz halı ondan ibarətdir ki, məhkəmələr tərəfindən ləğv prosesində olan Cavabdeh3 ASC-nin Cavabdeh1, İddiaçı, X2 və X4 qarşı “kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi” tələbinə dair iddiasına baxılarkən kredit və ipoteka müqavilələrinin etibarlılığı müəyyən edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş bu hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-690/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-690/2023
26.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver