Məhkəmə qərarları › İş №2(008)-6982/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6982/2021

19.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6982/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh 4 saylv ASAN xidmət mərkəzində notariat ofisinə qarşı vərəsəlik üzrə ötürülmüş müddətin bərpa olunması tələbinə dair iddia ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh 4 saylı ASAN xidmət mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək atası X2 qalmış mirasın vərəsəlik qaydasında qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılması və müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X7 30.09.2018-ci il tarixdə ölmüşdür. O, ölməmişdən əvvəl mülkiyyətində olan əmlakı iddiaçıya bağışlamışdır. Atasından sonra miraçın olmadığını zənn etmişdir. 2021-ci ilin iyul ayında bildiriş göndərilmiş, atasının Azərelektroterm ASC-nin səhmdarı olduğu məlum olmuşdur. Bununla bağlı 4 saylı ASAN xidmət mərkəzində notariat ofisinə müraciət etmiş, müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbindən imtina edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə nümayəndəsini göndərməmiş, səbəbləri barədə məhkəyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuşdur, atası X7, anası X3r (Razin qəsəbə Soveti tərəfindən verilmiş İİİ-JQ seriyalı 263579 №-li doğum haqqında şəhadətnamə). İddiaçının atası X7 30.09.2018-ci, anası X6 04.07.2010-cu il tarixdə ölmüşdülər (AZ-İ seriyalı 969800 №-li və AZ-İ 422706 №-li ölüm haqqında şəhadətnamələr). X7 18.06.2016-cı il tarixdə ona məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzilini qızı İddiaçı bağışlamışdır (4 saylı ASAN xidmət mərkəzində notariat ofisində bağlanmış bağışlanma müqaviləsi). İddiaçı həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li Çıxarış almışdır. İddiaçının atası X1 qismində “Azərelektroterm» ASC-nin 16.08.2021-ci il tarixdə keçiriləcək ümumi yığıncağa dəvət edilmişdir. Milli Depozit Mərkəzindən verilən depozitar haqqında məlumatdan görünür ki, X7 nominal dəyəri 2 manat olan 28 ədəd qiymətli kağızın depozitarıdır. İddiaçının 03.09.2021-ci il tarixli müraciəti əsasında 4 saylı ASAN xidmət mərkəzində notariat ofisində X4 adına V-518/2021-ci il tarixli vərəsəlik işi açılmış, lakin altı ayın keçdiynə görə müddətin uzadılması barədə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı dərhal, 10.09.2021-ci il tarixdə məhkəmə müraciət etmişdir. Hazırda iddiaçı atası X2 qalmış mirasın vərəsəlik qaydasında qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılmasını və müddətin uzadılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunu və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.. 1243.1-ci maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-ci maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə hesab edir ki, X7 tərəfindən ona məxsus mənzilin iddiaçıya bağışlaması, səhmlər barədə iddiaçının yalnız 2021-ci ilin təxmini iyul ayında xəbər tutması müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılması və müddətin uzadılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. X2 qalmış mirasın vərəsəlik qaydasında qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü sayılsın və müddət uzadılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar