Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7315/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair iddia ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.03.2018-ci il tarixli müqavilənin «Cavabdeh mülkiyyətinə 100 kv. metr qeyri-yaşayış sahə hissəsi onun sökülən 83,19 kv. metr daşınmaz əmlakın əvəzi kimi verilir» şərti, «********** qeydiyyat nömrəli, 22.12.2017ci il tarixli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» Çıxarışla Cavabdeh mülkiyyətində olmuş 66,0 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə, ona 20% əlavə edilməklə, cəmi -79.2 kv.m qeyri-yaşayış sahəsi verilsin» kimi dəyişdirilməsi, Cavabdeh tərəfindən əlavə olaraq öz vəsaiti ilə aldığı 50 kv metr qeyriyaşayış sahə hissəsində 03.03.2018-ci il tarixli müqaviləyə xitam verilməsi və ödədiyi məbləğin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li, 25.02.2016-cı il tarixli qərarına əsasən Bakı şəhərinin bir neçə rayonunda yeni yaşayış binaların tikilməsinə tikinti şirkətlərinin cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi rayon İcra Hakmiyyəti Başçısının 208 №-li, 03.11.2016-cı il tarixli «yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında» sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirlməsi üçün torpaq sahəsi icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.03.2018-ci il tarixli müqaviləyə əsasən yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv metrdən ibarət qeyri-yaşayış sahəsinin verilməsi, həmin sahənin 100 kv metr hissəsinin cavabdehə daşınamaz əmlakın əvəzi kimi, qalan 50 kv metrdən ibarət hissəsinin isə ödənişli əsaslarla verilməsi nəzərdə tutulmuşdur. 1 saylı Əlavəyə əsasən cavabdeh 03.04.2018-ci il tarixdən başlayaraq, 6 ay ərzində ayda 8500 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iki dəfə 8500 manat ödəmiş, hal-hazırda 34000 manat məbləğində borcu qalmışdır. Cavabdehin adına olan Çıxarışa sonradan baxış keçirilən zaman onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 66,0 kv metrdən ibarət olduğu müəyyən edilmişdir. Müqavilənin hansı səbəbdən 66,0 kv. metrə yox, 83,19 kv metrə dair bağlanması anlaşılmazdır. 17,19 kv metrə dair cavabdeh tərəfindən sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, inşa edilmiş binada qeyri-yaşayış sahələrə dair bloklar olmur, cavabdehə təklif olunan qeyri-yaşayış sahəsini qəbul etmir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək qeyd etdi ki, cavabdeh tərəfindən ödənişlərin ödənilməsi o səbəbdən dayandırıldı ki, müqavilədə nəzərdə tutulan yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv metrdən ibarət qeyri-yaşayış sahəsi deyil, başqa qeyri-yaşayış sahəsi cavabdehə təklif edilir, iddiaçı müqavilə şərtlərini pozur, bununla əlaqədar aralarında Nəsimi rayon Məhkəməsində məhkəmə mübahisəsi var. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı MTK ********** nömrə ilə dövlət qeydiyyatına alınmış, qurumun əvvəlki adı İddiaçı MMC olmuşdur (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarış). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li, 25.02.2016-cı il tarixli qərarı ilə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələbəlrinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə bir neçə yaşayış binasının və yararsız halda olan digər binaların, sosial və digər təyinatlı digər qeyriyaşayış obyektlərinin sökülməsi və yenidən qurulması Nəsimi rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin qərarın 1.3-cü bəndində tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və onlara tikiləcək binalarda mənzillərin ayrılması tapşırılmışdır. Adıçəkilən qərar rəhbər tutularaq, Nəsimi rayon İcra hakimiyyəti başçısının 03.11.2016-cı il tarixli, 208 №-li sərəncamı ilə Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirlməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMCnin istifadəsinə verilmişdir. Sərəncamın 2.2-ci bəndində ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və onlara tikiləcək binalarda mənzillərin ayrılması məsələlərinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı MMC-yə tapşırılmışdır. Həmin ərazidə yerləşən 66,0 kv metr sahəsindən ibarət olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olmuşdur (1193737 №-li Çıxarış). İddiaçı MMC ilə Cavabdeh arasında həmin əmlakın sökülməsi və onun əvəzinə yenisinin verilməsinə dair 03.03.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin: 1.1.1-ci bəndində Cavabdeh tərəfindən ******* №-li Çıxarışı ilə öz mülkiyyətində olan 83,19 kv metr qeyri-yaşayış sahəsinin sökülmək üçün İddiaçı MMC-yə təhvil verilməsi, bü müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada yeni inşa ediləcək yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin qəbul edilməsi; 1.1.2-ci bəndində yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv metrdən ibarət qeyri-yaşayış sahəsinin verilməsi, həmin sahənin 100 kv metr hissəsinin cavabdehə daşınamaz əmlakın əvəzi kimi, qalan 50 kv. metrdən ibarət hissəsinin isə ödənişli əsaslarla verilməsi: 1.1.4-cü bəndində tikinti şirkəti tərəfindən cavabdehə ödəniləsi aylıq kirayə haqqı 20 ay müddətində aylıq 1200 manat, cəmi 24000 manat məbləğində müəyyən edilməsi; 1.1.5-ci cavabdehə təhvil veriləcək obyektin ödənişli olan 50 kv metr hissəsi 275000 manat məbləğində qiymətləndirilmiş, 24000 manat məbləğində ödənilməsi nəzərdə tutulan kirayə haqqı həmin məbləğdən çıxılmış və cavabdeh tərəfindən əlavə 50 kv metr olan sahəyə 251000 manat məbləğində müəyyən edilməsi; 1.1.6-cı bəndində əlavə 50 kv metr üçün ödənişin 251000 manat müəyyən edilməsi; 1.1.7-ci bəndində həmin məbləğin 200000 manat hissəsinin nağd şəkildə, qalan 51000 manat məbləğin isə cavabdeh tərəfindən 03.04.2018-ci il tarixdən başlayaraq, 6 ay ərzində ayda 8500 manat olmaqla ödənilməsi; 1.1.8-ci bəndində verilməsi nəzərdə tutulan qeyri-yaşayıs sahəsinin 20 ay ərzində (yəni 03.11.2019-cu il tarixədək) cavabdehə təhvil verilmədiyi halda 21-ci aydan başlayaraq 1200 manat məbləğində kirayə haqqının tikinti şirkəti tərəfindən cavabdehə ödənilməsi; 2.1.1-ci bəndində qeyri-yaşayıs sahəsinin boşaldılması tarixindən ******* №-li Çıxarışın cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi; 6.2-ci bəndində cavabdeh tərəfindən aylıq qrafikə uyğun ödəmələr davamlı olaraq 3 dəfə yerinə yetirmədikdə tikinti şirkətinin bir tərəfli qaydada xəbərdarlıq edilməklə bu müqaviləyə xitam vermək hüququ nəzərdə tutulmuşdur. Müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh qrafik üzrə ödənilməsini öhdəsinə götürdüyü 51000 manatın sonuncu ödənişini 03.12.2018-ci il tarixdə etməli idi. Cavabdeh həmin mələğin 34000 manat hissəsini ödəməmişdir. Müqavilənin 2.1.5-ci bəndində müqavilədə nəzərdə tutulan müddət bitdikdən sonra cavabdehin tikinti şirkətindən qeyri-yaşayış sahəsini tələb etmək hüququ qeyd olunmuşdur. Hazırda, müqavilə bağlandığı gündən 3 ildən çox vaxt keçməsinə baxmayaraq (iddia verilən günə təxminən 43 ay) qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilməmiş, cavabdeh tərəfindən 34000 manat ödənilməmiş, iddiaçı tərəfindən 21-ci aydan başlayaraq hər ay ödənilməli olan 1200 manat cavabdehə ödənilməmişdir. Tərəflər arasında qeyriyaşayış sahəsinin yeri ilə əlaqədar mübahisə var. Belə ki, müqavilədə təhvil veriləcək qeyri-yaşayış sahəsinin yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində inşa edilməsi nəzərdə tutulsa da, cavabdehə təklif olunan qeyri-yaşayış sahəsi bu koordinatlara uyğun deyil. Hazırda iddiaçının iki tələbi var: müqavilənin 83,19 kv metr hissəsinə dair şərti dəyişdirilsin və 66,0 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə, ona 20% əlavə edilməklə, cəmi -79.2 kv.m qeyriyaşayış sahəsi verilsin; müqavilənin 50 kv metr qeyri-yaşayış sahəsinə dair hissəsinə xitam verilsin və ödənilmiş məbləğ cavabdehə geri qaytarılsın. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə birinci tələbin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh azad şəkildə mübahisə predmeti olan müqaviləni bağlamışdılar. Yuxarıda qeyd edildiyi kimi, Nəsimi rayon İcra hakimiyyəti başçısının 03.11.2016cı il tarixli, 208 №-li sərəncamının 2.2-ci bəndinin mənasına görə müqavilələrin məhz Çıxarışlarda göstərilən sahəyə dair deyil, qarşılıqlı razılaşma əsasında bağlanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə Çıxarışa istinad edilmiş, müqavilə şərtlərinə əsasən həmin Çıxarış tikinti şirkətinə təhvil verilmiş və bu zaman cavabdeh tərəfindən hər hansı bir yalnışlığa yol verilməmişdir. İddiaçı tərəfindən müqavilənin dəyişdirilməsinin əsaslarına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə qeyd olunan hüquqi əsaslara görə ikinci iddianın da qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, müqavilə şərtlərini hər iki tərəf pozmuşdur. Qeyd edildiyi kimi, cavabdeh 34000 manatı iddiaçıya ödəməmiş, iddiaçı isə qeyri yaşayış sahəsi təhvil verməmiş və işin hallarından göründüyü kimi, müqavilədə nəzərdə tutulan obyekti könüllü təhvil vermək niyyətində deyi, 21-ci aydan başlayaraq hər ay ödəməli olduğu 1200 manatı cavabdehə ödəməmişdir. Bundan başqa, müqavilədə üç dəfə davamlı ödənişin edilmədiyi halda müqaviləyə bütövlükdə xitam verilməsi nəzərdə tutulmuşdur, müqavilənin bir bəndinə deyil. Bu isə hazırki mərhələdə mümkün olmayan haldır, çünki cavabdehə məxsus qeyriyaşayış sahəsi artıq sökülmüş, yerində yeni bina inşa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7315/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7315/2021
03.12.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver