Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-733/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Abdurəhim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyəti Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli MAS- 4076 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 5913,23 manat əsas, 60,45 manat gecikdirilmiş mükafat, ümumilikdə 5973,68 manat borc və ödənilmiş 79,74 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4076 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Kazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 16.800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 518,71 manat, ümumilikdə isə 22074 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22.074 manatın 16.800 manatı əsas məbləğ təşkil edir. xx.xx.2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-4076 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixli MAS-4076 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Kazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçı ərizə ilə müraciət edərək iddiaya iştirakları olmadan baxılıb, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsindən, həmin müqaviləyə 3 saylı əlavədən görünür ki, lizinq verən İddiaçı MMC “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 23% olmaqla 36 ay müddətinə lizinq alan X1 müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə müqavilənin ayrılmaz hissəsi olan 3 saylı əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 9-cu bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verən müqaviləni lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən birtərəfli qaydada xitam verə bilər. - Qeyd olunan 3 saylı əlavədən və daxili lizinq müqaviləsindən görünür ki, lizinq alan cavabdeh X3 aldığı lizinq obyektinə görə lizinq verənin hesabına ödəniş qrafikinə əsasən, xx.xx.2021-ci il tarixdən başlayaraq 36 ay müddətində, hər ay 518,71 manat (sonuncu ay 518,87 manat) ödəməlidir. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil alıcı İddiaçı MMC-yə və lizinq alan X2 təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış MAS- 4076 saylı “öhdəliklərin ötürürülməsi” barədə müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli MAS-4076 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəliklər Cavabdeh ötürülmüşdür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən Cavabdeh təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobil servis mərkəzində ilkin texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobilin ehtiyyat hissələri tam yararsız vəziyyətdədir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4076 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 5913,23 manat əsas, 60,45 manat gecikdirilmiş mükafat, olmaqla cəmi 5973,68 manat borcu vardır. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcları barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.3-cü maddəsində göstərilir ki, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.2-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-13.4-cü maddəsinə əsasən, lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə, lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12-ci maddəsindən görünür ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-yə ödənilməmiş 5913,23 manat əsas, 60,45 manat gecikdirilmiş mükafat olmaqla, ümumilikdə 5973,68 manat məbləğində borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İş materiallarında olan ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 79,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 79,74 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq iddia tələbi təmin edilməli, İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Kazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322518 ban nömrəli, qara rəngli avtomobildən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 5913,23 manat əsas borc, 60,45 manat mükafat borcu olmaqla, cəmi 5973,68 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 79,74 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin xeyrinə, Cavabdeh 5913,23 (beş min doqquz yüz on üç manat, iyirmi üç) manat əsas borc, 60,45 (altmış manat, qırx beş qəpik) manat mükafat borcu olmaqla, cəmi 5973,68 (beş min doqquz yüz yetmiş üç manat altmış səkkiz) manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 79,74 (yetmiş doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-733/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-733/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver