Məhkəmə qərarları › İş №2(008)-734/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-734/2024

31.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-734/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri 16 saylı notariat ofisinin notariusu X5 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 16 saylı Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 16 saylı Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2nın mirasını qəbul etmək üçün vərəsəliyin qəbuluna dair müddətin bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Bildirir ki, AZ-1468285 nömrəli doğum haqqında şəhadətnaməsində ata adı X14, ana adı X15 qeyd olunmuşdur. X1 xx.xx.1966-cı il tarixində anadan olmuşdur. Atasının X4, anasının adı isə X10r. ünvan 1 ünvanındakı mənzilin 1/6 hissəsi atasının anasının (nənəsinin) yəni, X8 mülkiyyətində olmuşdur. X2 xx.xx.2017-ci il tarixində, X1 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. X2 vəfat etdikdən sonra nənəsinin varisləri nənəsindən miras qalan ünvan 1 ünvanındakı mənzilin 1/6 hissəsinə münasibətdə vərəsəlik şəhadətnaməsi almışlar. Lakin X1 nənəsindən qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi almamış və atasının miras payı açıqda qalmışdır. Hal-hazırda anası və o nənəsindən miras qalan ünvan 1 ünvanındakı mənzildə yaşayırlar. X1 xx.xx.2022-ci il tarixində vəfat etdikdən sonra, onun vəfatı ağır iztirab və sarsıntı verdiyi üçün anası X15 və o, nənəsindən qalan və atasına düşən miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 17 saylı notariat ofisinə gec müraciət etmişdir. xx.xx.2023-cü il tarixində Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək mərhum X2ndan mərhum X1na miras qalmış, mərhum X1ndan isə ona miras qalmış ünvan 1 ünvanındakı mənzilin 1/6 hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəsə də, müddətinin buraxılması ilə əlaqədar ona vərəsəlik şəhadətnaməsi verilə bilməyəcəyi bildirilmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması ilə əlaqədar müddətin bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, iddiaçı tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, doğulduğu vaxtdan miras əmlak olan ünvan 1 ünvanındakı mənzildə valideynləri ilə birlikdə yaşamışdır. Belə ki, X1 vəfat etdiyi xx.xx.2022-ci il tarixindək həmin mənzildə yaşamışdır. Atasının vəfatından sonra da anası ilə birlikdə həmin mənzildə yaşamağa davam edirlər, kommunal və digər ödənişləri vaxtlı-vaxtında ödəyirlər. Həmin mənzildə onlardan başqa heç kim yaşamır. Qeydiyyat ünvanı həmin mənzildir. Atası da sağlığında həmin mənzildə qeydiyyatda olmuşdur. Atası həmin ünvanda qeydiyyatda olmaqla və yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Lakin atasının vəfat etdikdən sonra 18 yaşına çatmasını gözləmiş, yalnız bundan sonra həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etsə də, müddəti ötürməsi səbəbindən ona imtina cavabı verilmişdir. Bir daha qeyd edir ki, notariat ofisinə gec müraciət etməsinin səbəbi müvafiq müraciət üçün yetkinlik yaşına çatmasını gözləməsi, anasının gec müraciət etməsinin səbəbi isə, atasının qəfil ölümünün ona ağır iztirab və sarsıntı verməsi olmuşdur. Göstərilənlərin nəzərə alınaraq, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 16 saylı notariat ofisinin notariusu X5 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz etməyərək, tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X17 xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Bakı şəhəri Sabunçu rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə doğulmuş, X1, anası X11r - 4 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə ölmüş və bu barədə xx.xx.2017-ci il tarixli, 585 nömrəli akt qeydi tərtib edilmişdir. - Bakı şəhəri 16 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi X12 miras əmlakdan 10/12 hissədə pay almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 296,78 kv.metr olan fərdi yaşayış evindən X13 məxsus olan 2/6 hissədən bir otaqdan ibarətdir. Göstərilən miras əmlakın qalan 1/12 hissə açıq qalır. - Bakı şəhəri 16 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi X19 miras əmlakdan 1/12 hissədə pay almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 296,78 kv.metr olan fərdi yaşayış evindən X13 məxsus olan 2/6 hissədən bir otaqdan ibarətdir. Göstərilən miras əmlakın qalan 10/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - 4 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə ölmüş və bu barədə xx.xx.2022-ci il tarixli, 80 nömrəli akt qeydi tərtib edilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı 006083 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi, ümumi sahəsi 296,78 kv.metr olan, 95 saylı fərdi yaşayış evi X16 adına, digər paylar üzrə X19, X20 və X7 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 01 saylı reyestr kitabında xx.xx.1989-cü il tarixdə qeydiyyatı aparılmışdır. - Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, X14 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. X4, anası X10r. - Bakı şəhəri 16 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakın verilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün vərəsəlik hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151.1-ci və 1153-cü maddələrinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Normaların məzmunundan göründüyü kimi, vərəsəlik hüququ şəxsin ölümündən sonra onun əmlakının vəziyyətini və bununla bağlı yaranan münasibətləri tənzimləyir. Qanunda miras əmlak kimi, miras qoyandan qalmış və başqalarına özgəninkiləşdirilə bilən miras kütləsi (əmlakın aktivi və passivi) nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, vərəsəlikdə miras qoyana məxsus əmlak xələfiyyət (varislik) qaydasında onun vərəsələrinə keçir və sonuncular həmin əmlak üzərində mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddiaçı, mirasın qəbulu ilə bağlı notariat ofisinə gec ərizə verilməsinin səbəbi kimi, özünün müvafiq müraciət üçün yetkinlik yaşına çatmasını gözləməsi, anasının gec müraciət etməsinin səbəbi kimi isə, atasının qəfil ölümünün ona ağır iztirab və sarsıntı verməsi ilə izah etmişdir. Məhkəmə hesab edir ki, həmin hallar mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin iddiaçı tərəfindən ötürülməsinin üzrlü səbəbləri kimi qəbul edilməli və həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka (ünvan 1 ünvanında yerləşən mənzil) dair İddiaçı tərəfindən mirasın qəbulu müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar