Məhkəmə qərarları › İş №2(008)-742/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-742/2024

14.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-742/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin cəmiyyətin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin cəmiyyətin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 39T 415988.79; 4479045.00 koordinatlar üzrə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş özbaşına tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsini İddiaçı MMC-nin istifadəsinə qaytarılması, ödənilmiş 100(bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-nin (AZ67İBAZ********************) bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyamın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviləyə əsasən 1994-cü ildə İddiaçı yaradılmışdır. ARDNŞ İddiaçı MMC-nin fəaliyyətini həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. İddiaçı MMC isə öz fəaliyyətini həyata keçirmək üçün ARDNŞnin təqdim etdiyi əsas vəsaitləri, ərazini və xarici investorların qoyduğu sərmayələrdən istifadə edir və hər il fəaliyyət barədə təsisçiləri qarşısında hesabat verir. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarımızı pozur və mənafelərimizə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. Belə ki, xx.xx.2023-cü il tarixdə şirkətin nəzarətçiləri tərəfindən “Azgerneft" MMC-nin qanuni istifadəsində olan Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 39T 415988.79; 4479045.00 koordinatlar üzrə yerləşən torpaq sahəyə baxış keçirilərkən vətəndaş Cavabdeh tərəfindən torpaq sahəsi zəbt olunaraq qeyri-qanuni tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh mübahisəli torpaq sahəsinə dair heç bir mülkiyyət hüququnu təstiq edən sənəd təqdim etməmiş və bu barədə akt tərtib eilmiş, zəbt olunmuş torpaq sahəsinin fotoşəkili çəkilmişir. Cavabdehə mübahissə qanuni yolla həll olunana qədər tikintinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməşdir və hal-hazırda həmin ərazidə cavabdeh tərəfindən tikinti işləri davam etdirilir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan səhələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. -İş materiallarında olan Azərbaycan-Almaniya birgə müəssisəsinin yaradılması haqqında müqavilədən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyamın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviləyə əsasən 1994-cü ildə İddiaçı yaradılmışdır. ARDNŞ İddiaçı MMC-nin fəaliyyətini həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. X1 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli, 138 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdehnın 2-ci sahədə 39 T 415988.79: 4479045.00 koordinatlar üzrə yerləşən torpaq sahəsində apardığı özbaşına tikililər İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materaillarında olan 22 iyul 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin istifadəsində olan sənaye təyinatlı ərazidə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 39T 415988.79; 4479045.00 koordinatlar üzrə yerləşən torpaq sahə vətəndaş Cavabdeh tərəfindən zəbt olunaraq orada, qeyri-qanuni tikinti işlərinin aparılması aşkarlanmışdır. Vətəndaş nə torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, nə də müvafiq icra orqanlarından tikiliyə aid heç bir qərar təqdim etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaş xəbərdarlıqlara məhəl qoymadan özbaşına tikinti işlərini davam etdirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən X1 və Ekspertiza Mərkəzi MMC-nin hesabına 300 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən İddiaçı MMC–nin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 39T 415988.79; 4479045.00 koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikinti sayıldığından və mövcud neft quyularının istismarında, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin həyata keçirilməsi işlərində iddiaçı üçün maneə yaratmaqla onun maraqlarına toxunduğundan, həmin tikili özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməli və sahə iddiaçının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda hazırki işdə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat mütəxəssis rəyi üçün pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 39T 415988.79; 4479045.00 koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikili özbaşına tikili sayılmaqla Cavabdeh sökülsün, həmin ərazi İddiaçı MMC-nin qanuni istifadəsinə qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat məhkəmə xərci Cavabdeh tutularaq iddiaçının hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar