Məhkəmə qərarları › İş №2(008)-7514/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7514/2025

13.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7514/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Əzizbəyov RİH Başçısının “fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” hüquq sahibi kimi X1 adına qeyd edilmiş 18 may 1992-ci il tarixli, 377/24 saylı sərəncamın Sabunçu rayon Qeydiyyat Şöbəsi, Maştağa qəsəbə bölməsi tərəfindən 02 oktyabr 2015-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə qeyd olunan “X4”na məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi maraqlı şəxslə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədən məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş notariusun imtinası isə əsaslı olmuşdur və sərəncamdakı ad uyğunsuzluğu ilə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-cı maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırda ərizəçi sərəncamın atası X2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını istəyir. Lakin, ərizəçi ərizədə maraqlı şəxs qismində Bakı şəhər 17 saylı Notariat Ofisini qeyd etmişdir. Məhkəmə onu vurğulamağı zəruri hesab edir ki, ərizəçi ilk növbədə sərəncamın atasına məxsus olması və ya sərəncamda atasının adına düzəliş edilməsi ilə bağlı sərəncamı verən təşkilat olan Bakı şəhər Xəzər rayon (keçmiş Əzizbəyov rayonu) İcra Hakimiyyətinə müraciət etməli, həmin təşkilatın imtinasını aldıqdan sonra ərizədə maraqlı şəxs qismində Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətini qeyd etməklə həmin təşkilatın imtina məktubunu da hazırki ərizəyə əlavə edib məhkəməyə müraciət etməli idi. Belə olan halda hazırki ərizəyə baxıla bilər. Çünki, iş materialına əlavə edilmiş Bakı şəhər 17 saylı Notariat Ofisinin notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 05 iyul 2025-ci il tarixli qərarında sərəncamdakı adla şəxsin adının uyğun gəlməməsindən bəhs edilmişdir. İmtina qərarındakı səbəblərdən biri də ərizəçi tərəfindən mirasın qəbulu üçün müddətin buraxılmasıdır. Lakin, ərizəçi ərizəsində sərəncamın atasına məxsus olmasını xahiş etdiyindən yuxarıda göstərilən tələblər yerinə yetirildikdən sonra məhkəməyə müraciət etməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Yuxarıda göstərilən qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, ərizə ərizəçiya geri qaytarılmalı, ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar