Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7605/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürasiət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7809 manat əsas, 1483,63 manat faiz, 2342,7 manat cərimə, cəmi 11635,33 manat və 30 manat dövlət rüsumunun əvəzinin tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 14 iyun tarixli lizinq müqaviləsinin ləğv edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14.06.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC –dən «Lada Niva» markalı **-PC-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 40 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu ilin iyul ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 411 manat icarə haqqı ödəməlidir. Lizinq alan cavabdeh 2020-ci ilin mart ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. 14.10.2021-ci il vəziyyətinə Cavabdeh 7809 manat əsas, 1483,63 manat faiz, 2342,7 manat cərimə, cəmi 11635,33 manat borcu vardır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14.06.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC–dən «Lada Niva» markalı **-PC-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə icarəyə götürmüş və ödəniş cədvəli tərtib edilmişdir. Həmin müqavilənin 1.7-ci maddəsinə əsasən lizinqin müddəti 40 ay müəyyən edilmişdir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445,7-ci maddəsinə müvafiq olaraq, lizinq predmetinin qalıq məbləğinin illik 5 faizi həcmində faiz borcunu ödəməlidir. Müqaviləyə 2 №-li əlavədə müəyyən edilmiş təhvil-təslim aktından görünür ki, lizinq müqaviləsinin icrası olaraq lizinq obyekti olan «Lada Niva» markalı **-PC-*** dövlət nömrə nişanlı avtomobili 14.06.2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 14.10.2021-ci il tarixə 7809 manat əsas, 1483,63 manat faiz, 2342,7 manat cərimə, cəmi borcu 11635,33 manat təşkil edir. Hazırda iddiaçı cavabdehdən 7809 manat əsas, 1483,63 manat faiz, 2342,7 manat cərimə, cəmi 11635,33 manat borcun tutulması, aralarında bağlanmış 2019-cu il 14 iyun tarixli lizinq müqaviləsinin ləğv edilməsini istəyir. İddiaçı ASC tərəfindən cavabdehə borc tələbi və lizinq müqaviləsinin ləğvi haqqında 16.08.2021-ci il tarixli məktub ünvanlanmış və həmin məktub cavabdehə 24.08.2021-ci il tarixdə çatmışdır. İş materiallarından yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə üzrə öhdəliklər yaranmış, iddiaçı həmin öhdəliklərini lazımınca yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımınca icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 2342,7 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq, cavabdehdən 234 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Eyni zamanda iddiaçı müqavilənin ləğv edilməsini istəyir. Azərbaycan Respublikası 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı tərəfindən cavabdehə müqavilənin ləğvinə dair 16.08.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 14 iyun tarixli lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7809 manat əsas, 1483,63 manat faiz, 234 manat cərimə, cəmi 9526,63 manat borc və 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 14 iyun tarixli lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7809 manat əsas, 1483,63 manat faiz, 234 manat cərimə, cəmi 9526,63 manat borc və 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7605/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7605/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver