Məhkəmə qərarları › İş №2(008)-7695/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7695/2024

19.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7695/2024 19.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, Ərizəçi Maraqlı şəxs olmaqla "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs olmaqla "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirir və ərizənin məzmunundan müəyyən olunur ki, ərizəçi barəsində qətnamə çıxarılması tələb edilən şəxsin dayısıdır. Buna görə də təqdim olunmuş ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imza olunduğundan ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıldır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəməyə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə şəxsin yaxın qohumları, müvafiq icra hakimiyyəti orqanı, psixiatriya (psixonevroloji) müəssisə müraciət edə bilər. Hazırki işdən görünür ki, ərizə şəxsin dayısı tərəfindən, yəni səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edilmişdir. Ona görə də ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə görə, həmin Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində pul büdcədən ərizəçiyə geri qaytarılmalıdır. Eyni zamanda ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə səlahiyyəti olan şəxs tərəfindən müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs olmaqla "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra səlahiyyətli şəxs tərəfindən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu büdcədən ərizəçiyə geri qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar