Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-807/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsinə dair Cavabdeh3 istifadəsinə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi, eyni zamanda Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlərin mübahisəli torpaq sahəsindən və qeyri-yaşayış sahələrindən məcburi qaydada öz hesablarına çıxarılması və iddiaçının həmin sahəyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti X3 ilə iddiaçının mərhum atası X7 arasında bağlanmış “Stasionar xidmət obyektinin təşkili haqqında” xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə atasının icarəsinə verilmiş və Sabunçu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli qətnaməsi ilə atasının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin atası həmin qətnamə əsasında 2000 kv metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamış vəfat etmişdir. X11 qeyd edilən torpaq sahəsində dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 74 kv metr, 21 kv.metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. Atam xx.xx.2015-ci ildə vəfat etmiş və iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. Eyni zamanda, Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini atası vəfat etdikdən sonra iddiaçı işlətmişdir. Vərəsəlik işi ilə bağlı olaraq notarius tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilsə də bu qurum cavab verməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə qərarının icrası həmin quruma göndərilsə də, bu qurum belə bir öhdəlik müəyyən edilmədiyi səbəbini əsas gətirməklə qərarın icrasından yayınmışdır. Hal-hazırda Reyestr Xidmətinin arayış verməməsi nəticəsində iddiaçı sözü gedən torpaq sahəsinə dair vərəsəlik hüququnu rəsmiləşdirə və faktiki olaraqaq mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilmir. Bu azmış kimi faktiki olaraq da öz mülkiyyətindən məhrum edilir. Belə ki, Sabunçu rayon icra Hakimiyyəti tərəfindən məhz zor güc işlədilməklə iddiaçıya məxsus qeyri-yaşayış sahələrindən çıxarılmışdır. Sonradan ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi heç bir səbəb olmadan Cavabdeh3 ayrılmışdır. Bu zaman torpaq sahəsinin üzərində olan obyketlərə iddiaçının mülkiyyət hüququnun olması nəzərə alınmamışdır. Eyni zamanda Cavabdeh3 sonradan bu ərazini digər Cavabdeh1 satmışdır. Halbuki torpaq üzərində iddiaçının obyektrlərinin olması bu sahənin üçüncü şəxslərə deyil, ona verilməsi ilə bağlı iddiaçının üstünlük hüququm vardır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələlərinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsinə X4 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş, lakin bu günədək icra edilməmişdir. X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür (751211 №-li ölüm haqqında şəhadətnamə). Onun oğlu, hazırki iş üzrə iddiaçı olan İddiaçı Bakı şəhəri 39 saylı notariat kontoruna etdiyi müraciəti əsasında vərəsəlik işi açılmış, İddiaçı atasının vərəsəsi kimi tanınmış, adıçəkilən torpaq sahəsinə dair Çıxarışın verilməsi üçün notarius tərəfindən DƏDRX-yə müraciət edilmişdir (notariusun xx.xx.2017-ci il tarixli, 286 №-li məktubu). Çıxarış bu günədək verilməmişdir. İddiaçını inzibati qaydada başqa bir məhkəmə çəkişməsi olmuşdur. Belə ki, İddiaçı cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldlıraraq, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdeh tərəfindən sökülməsi nəticəsində kompensasiyanın ödənilməsini istəmişdir. Bakı İnzibati Məhkəməsin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qərar Azərbaycan Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının iddiasının məhkəmələr tərəfindən rədd edilməsinin hüquqi əsası ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə olan hüququnu təsdiq edə bilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu İcra hakimiyyəti başçısının 34 №-li, xx.xx.2018-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 №-li, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolu, sağ tərəfində 0,29 ha torpaq sahəsi 49 il müddətinə icarəsinə verilmişdir (1262077 №-li Çıxarış, reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il). Cavabdeh3: üç notarial qaydada təsdiq edilmiş hüquqların alqı-satqı müqaviləsi (xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli) əsasında adıçəkilən torpaq sahəsinin 0,223 ha hissəsinə olan icarə hüququnu digər Cavabdeh1; xx.xx.2019-cu il tarixli müqavilə əsasında qalan 0,067 ha hissəsinə olan icarə hüququnu iş üzrə tərəf olmayan X1. Torpağın bölgü sxemi koordinatlar göstərilməklə DƏDRX tərəfindən təsdiq edilmişdir. Hazırda iddiaçı hesab edir ki, həmin torpağın 2000 kv metr hissəsinə dair onun mərhum atasının mülkiyyət hüququ tanınmışdır, həmin torpaq sahəsi qanunsuz olaraq Cavabdeh3 verilmiş və bunun da nəticəsi olaraq Cavabdeh3 tərəfindən qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Bu əsasdan 2000 kv metr torpaq sahəsinə dair Cavabdeh3 istifadəsinə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi, eyni zamanda Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlərin mübahisəli torpaq sahəsindən və qeyriyaşayış sahələrindən məcburi qaydada öz hesablarına çıxarılması və iddiaçının həmin sahəyə köçürülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edildiyi kimi, iddiaçının iddia etdiyi 2000 kv metr torpaq sahəsinə dair yalnız məhkəmə qətnaməsi olmuşdur, həmin qətnamədə torpaq sahəsinə iddiaçının atasının mülkiyyət hüququ tanınmış və torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Həmin mülki iş üzrə cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinin X2muşdur. «Torpaq sahəsinin X4 adına rəsmiləşdirilməsi» qət edilərkən, həmin torpaq sahəsinin cavabdeh X3 tərəfindən hansı qaydada rəsmiləşdirilməsi qət edilməmişdir. Qeyd edildiyi kimi, adıçəkilən qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmamış və mülkiyyət hüququna dair Çıxarış verilməmişdir. Bunun əksi olaraq, Cavabdeh3 0,29 ha torpaq sahəsinə dair olan icarə hüququ dövlət qeydiyyatına alınmış və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Bundan başqa, iddiaçının iddia etdiyi torpaq sahəsinin ünvanı «ünvan 1 kv metr torpaq sahəsi», Cavabdeh3 0,29 ha torpaq sahəsinin ünvanı «Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolu, sağ tərəfində 0,29 ha torpaq sahəsi» kimi qeyd edilmişdir. Həmin torpaq sahələrinin eyni sahə olmasının müəyyən edilməsi qeyrimümkündür. Belə ki, iddiaçı iddia etdiyi torpaq sahəsini mücərrad ünvanı var, cavabdehə isə ayrılmış torpaq sahəsinin koordinatları göstərilməklə səlahiyyətli orqan tərəfindən bölgü sxemi tərtib edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Bakı İnzibati Məhkəməsin xx.xx.2021-ci, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarları ilə də iddiaçının iddia etdiyi torpaq sahəsinə olan hüququnu təsdiq edə bilmədiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən belə bir iddia qaldırmağa onun subyektiv hüququ olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-807/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-807/2023
26.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver