Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8178/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X5, Ərizəçi "Ərizəçi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3ndə verilmiş və adının X2 yerinə Ərizəçi kimi olması faktının müəyyən edilməsi" barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi "Ərizəçi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3ndə verilmiş və adının X2 yerinə Ərizəçi kimi olması faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizədə Maraqlı şəxs qismində göstərilmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsində deyilir ki, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Ərizəçi müraciətinə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabda göstərilmişdir ki, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrinə əsasən, X1 fərdi mənzil tikintisi üçün 2-1314 nömrəli həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Ərizəçinin Arxivə təqdim etdiyi sənədlərdə Ərizəçi qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Göründüyü kimi, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrində torpaq sahəsi ayrılmış şəxsin adı ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmir. Ərizəçi həmin əmrdə torpaq sahəsinin məhz ona ayrıldığını iddia edirsə, o, məhkəməyə əmrin özünə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, Ərizəçi hazırkı ərizəsində müəyyən olunmasını xahiş etdiyi "Ərizəçi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3ndə verilmiş və adının X2 yerinə Ərizəçi kimi olması faktı" isə məhkəmə tərəfindən müəyyən edilə bilən faktlara aid deyil, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Eyni zamanda, məhkəmə bunu da qeyd edir ki, "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 1.7-ci bəndinə görə, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Hazırkı ərizədə maraqlı şəxs qismində Maraqlı şəxs göstərilmişdir, halbuku nə həmin orqanın hüquqlarına aid məsələ həll edilir, nə də çıxarılacaq qətnamənin qanuni qüvvəyə minməsi ilə həmin orqanın müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranması ehtimalı vardır. Ona görə də Ərizəçi məhkəməyə ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçiliksüdçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrinin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə verəcəyi halda, ərizədə maraqlı şəxs qismində Maraqlı şəxs deyil, hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxsləri və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxsləri göstərə bilər. Bundan başqa, ərizənin baxılmaq üçün qəbul olunmasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qaytarılmalı olsa da, ərizəçi rüsumun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyinə görə hazırkı qərardadda həmin məsələ həll edilməməlidir. Qeyd olunanlara əsasən, qərara aldım: Ərizəçi "Ərizəçi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3ndə verilmiş və adının X2 yerinə Ərizəçi kimi olması faktının müəyyən edilməsi" barədə ərizəsinin yolverilməzliyinə görə həmin ərizənin qəbul edilməsindən imtina olunsun. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron Məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X8.
Məhkəmə qərarları › İş №2(008)-8178/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8178/2023
01.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver