Məhkəmə qərarları › İş №2(008)-8237/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8237/2025

06.01.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8237/2025 06.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “Barışıq Sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə (dəqiqləşdirilmiş ərizə) ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MSB/11/2025-00237 nömrəli barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsinə və 100 manat dövlət rüsumu məbləğinin Maraqlı şəxs tutularaq ona ödənilməsi dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 4 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə, 587 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə olan münasibəti dəyişdiyindən münasibətləri pisləşmiş, ailə münasibətlərinə son qoymuşdur. Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-2932/2025 saylı qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs ilə 4 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə, 587 nömrəli akt qeyd edilmiş nikah pozulmuşdur. Mediasiya prosesi dövründə aralarında Bakı 11 saylı Mediasiya təşkilatında MŞB/11/2025-0037 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişi imzalanmışdır. Aralarında barışıq sazişinin bağlanmasının üzərindən 8 aydan artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Belə ki, birgə nikahdan doğulmuş azyaşlı övladı xx.xx.2023cü il təvəllüdlü X1 üçün hər ay 250 manat məbləğində alimentin ödənilməsinə dair öhdəlik Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Çox ağır maddi sıxıntılarla yaşayır. Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş azyaşlı övladının saxlanılması üçün hazırki vaxtadək heç bir maddi dəstək olunmamışdır. Azyaşlı övladının bütün qayğıları, habelə maddi tələbatı onun tərəfindən ödənilmişdir. Maddi imkanı zəif olduğu üçün övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Odur ki, hazırda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək sazişi icra etdiyini, sadəcə bəzən gecikmələr olduğunu, bununla bağlı qəbzlərinin olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında 11 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MSB/11/2025-00237 nömrəli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs arasında birgə nikahım pozulması, uşağın anada qalması, aliment və uşaqla ünsiyyətlə bağlı aşağıdakı qaydada razılığa gəldilər:

1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi-Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, Nigahın bağlanması haqqında akt qeydləri kitabında 587 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar.

2. İkinci Tərəf övladları xx.xx.2023-cu il doğum tarixli X2 Biririci Tərəfin himayəsində qalmasına etiraz etmir.

3. X5 Tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, 250 (iki yüz əlli) manat olmaqla, sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.

4. X6 Tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2932/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 587 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin 3-cü bəndi təsdiq olunmalıdır. Belə ki, saziş bağlandığı andan tərəflər üçün məcburi qüvvəyə malik olur. Sadəcə tərəflərdən biri olan Maraqlı şəxs sazişin icrasından yayındığından ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin ərizə təmin edildiyindən və maraqlı şəxsdən tələb edildiyindən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 11 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MSB/11/2025-00237 nömrəli Barışıq sazişinin “Maraqlı şəxs Ərizəçi xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cu il doğum tarixli X2 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, 250 (iki yüz əlli) manat olmaqla, sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.” məzmunda verilmiş 3-cü bəndi təsdiq edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar