Məhkəmə qərarları › İş №2(008)-8331/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8331/2024

19.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8331/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə Ərizəçi Maraqlı şəxs qeyd edilməklə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək mediyasiya prosesinin nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında MŞB/6-00287 №li, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin mart ayından etibarən hər ay 235 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə barışığın təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, maraqlı şəxs aliment öhdəliyi götürmüş olsa da, alimenti ödəmir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etmirdi. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalı və saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bir uşağı var - xx.xx.2020-ci il tarixdə doğulmuş X3 (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 438154 №-li doğum haqqında şəhadətnamələr). Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəicəsində MŞB/6-00287 №-li, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən tərəflər xx.xx.2019-cu il tarixli nikahın pozulması, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək anasının yannında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 1-dən 10-dək 235 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, eyni zamanda atanın uşağı ilə ünsiyyət günü barədə razılıq əldə etmişdilər. Hazırda ərizəçi həmin barışıq sazişinin aliment hissəsində təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamış Maraqlı şəxs barışıq sazişinin onun tərəfindən icra edilməsinə dair məhkəməyə sübutlar göndərməmişdir. Məhkəmə qeyd etmək istəyir ki, barışıq sazişində alimentin 2024-cü ilin mart ayından başlayaraq ödənilməsi qeyd edilməsə də, bu ehtiva edilmişdir. Belə ki, barışıq sazişi 2024-cü ilin fevral ayının 15-də bağlanmış, alimentin ödənilməsi hər 1-dən 10dək nəzərdə tutulmuş, Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalı olduğu nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, alimentin ödənilməsinin əvvəli məhz 2024-cü ilini mart ayı nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində MŞB/6-00287 №-li, xx.xx.2024-cü il tarixli Ərizəçi oğlu ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir: Maraqlı şəxs 2024-cü ilin mar ayından başlayaraq, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçi eyni zamanda 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfinfən dövlət rüsumu ödənildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin artırılmış məbləği 2820 manat təşkil edir (235 manat x 12 ay = 2820). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediyasiya prosesinin nəticəsində Ərizəçi oğlu ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/6-00287 №-li, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: Maraqlı şəxs 2024-cü ilin mart ayından başlayaraq xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar