Məhkəmə qərarları › İş №2(008)-846/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-846/2023

26.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-846/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı, X8 maraqlı şəxs qismində göstərildiyi, “cavabdehlərin evdən çıxarılması, evin təhvil verilməsi və evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı, X8 maraqlı şəxs qismində göstərildiyi, “cavabdehlərin evdən çıxarılması, evin təhvil verilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin ona təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar yaşadığı və mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evindən çıxmışdır. Həmin gün axşam saat 19:00 radələrində evə qayıdarkən qapını öz açarı ilə açmaq istəmiş, lakin qapı içəridən bağlandığından bu mümkün olmamışdır. Qapını döymüş və evə icazəsi olmadan daxil olan qızı Cavabdeh1 ona qışqıraraq, “Gəlmə, bura sənin evin deyil” demişdir. Bir saat ərzində içəri daxil olmaq cəhdi baş tutmadıqda məcbur qalıb DİN-in 102 xidmətinə zəng edib şikayət etmişdir. Ondan sonra polis əməkdaşları gəlib nə qədər çalışsalar da, qızı onu içəri buraxmamışdır. Polis sahə müvəkkili ona gecəni polis bölməsində gözləməyi təklif edərək bildirmişdir ki, səhər saat 9-da evə onun daxil olmasını təmin edəcəkdir. Lakin növbəti gün həmin sahə müvəkkilinin bu istiqamətdə heç bir hərəkət etmədiyini görüb onu evə yerləşdirməsi xahişi ilə təkrar sahə müvəkkilinə müraciət etmiş, lakin sonuncu laqeyd şəkildə bildirmişdir ki, qız problem yaratdığından bunu bacarmayacaq. Bundan sonra Sabunçu RPİ-nin rəisinin qəbuluna getsə də, müsbət nəticəsi olmadığından, qonşunun həyətindən öz həyətinə daxil olmaq məcburiyyətində qalmışdır. Həmin vaxt qızı əlində belin sapı tərəfi ilə üzərinə hücüm edərək başına, qollarına zərbələr endirmişdir. Həmin anı dəqiq xatırlamır. Necəsə beli əlindən ala bilmiş, başından hicabını qopardaraq saçlarını yolmağa başlamış və eyni anda ona zərbələr endirmiş, üzərindəki paltarları cırmışdır. Hadisə zamanı qışqıraraq qonşudan polis əməkdaşlarını çağırmasını istəmişdir. Bu an qapı yenidən döyülmüş və qız polislərin gəldiyini görüb evin qabağına qaçıb əlindəki bıçağı pilləkənə qoymuşdur. Hətta bunu sahə müvəkkili və qonşular da görmüşlər. Daha sonra təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib onu müayinə etmişlər. O, dörd dəfə 102 xidmətinə zəng etdikdən sonra gecə saat 23:00 radələrində sahə müvəkkili ilə təhqiqatçı gəlib ondan və evə - qızın yanına daxil olub qızından izahat almışlar. O isə hələ də bayırda qalmış, içəri daxil ola bilməmişdir. Polislər bayıra çıxanda onlardan xahiş etmişdir ki, onunla birlikdə içəri girib paltar götürməyə icazə versinlər. Lakin hər iki polis əməkdaşı onu itələyərək bayıra atmış və qıza qapını bağlamağı bildirmişlər. Hesab edir ki, bu cür halların davam etməsi böyük faciə ilə nəticələnə bilər. Belə ki, bu ilk hal deyil. Oğlu Reyal və keçmiş əri də onu oxşar vəziyyətə salmışlar. Ona xəsarət yetirdiyinə görə, oğlunun barəsində CM-in 128-ci maddəsi ilə cinayət işi açılmışdır. Keçmiş əri Cavabdeh2 ona xəsarət yetirdiyinə görə, barəsində İXM-in 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olsa da, Cavabdeh1 onu buraya gətirmiş, hazırda mübahisəli evdə yaşayırlar. Kiçik oğlu Vəli də bacısının təsiri altındadır, onu küçə sözləri ilə təhqir edərək hədə-qorxular gəlir. xx.xx.2022-ci il tarixdə ona qısamüddətli mühafizə orderi verilsə də, orderin verilməsindən xəbərdar edilməmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 münasibətdə ona qısamüddətli mühafizə orderi verilmişdir. Hazırda cavabdehlər ona məxsus ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evində qanunsuz və icazəsiz yaşamaqla onu evə buraxmadıqlarından, şəxsi əşyalarının heç birini götürə bilmir, küçədə qalmağa məcbur olur. Hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evindən çıxmalı, mənzil ona təhvil verilməli və o, mənzilinə köçürülməlidir. İddiaçı X4, məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı X4 onun anası, Cavabdeh2 isə atasıdır. Ailəvi olaraq uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra onlar Azərbaycana qayıtmış, atası isə orada qalıb işləməyə davam etmişdir. Atası orada işləyib qazandığı pulları anasına göndərmiş, eyni zamanda əmlakların idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Həmin vəsait hesabına Bakı şəhəri, Nərimanov rayonunda bir və üç otaqdan ibarət iki ev alınmışdır. Həmin üç otaqlı mənzili anası atasının xəbəri olmadan satmış və pulunu mənimsəmişdir. Hazırda Nərimanov Rayon Məhkəməsinin icraatında atasının iddiası üzrə birgə nikah dövründə əldə olumuş əmlakın bölünməsi tələbinə dair mülki iş vardır. Belə ki, atası iddia qaldıraraq Nərimanov rayonundakı bir otaqlı və hazırkı iddia predmeti olan Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evinin bölünməsini və üç otaqlı evin satışından əldə edilmiş vəsaitin yarısını tələb edir. İddia predmeti olan Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evi ilə bağlı qeyd edir ki, həmin ev heç kimin adına qeydiyyatdan keçməmiş, özbaşına tikilidir. Həmin evin yerləşdiyi torpaq sahəsinin alınması barədə müqavilədə tərəf anası olsa da, əslində həmin əmlakın alınması üçün pulun böyük hissəsi onun qazancı, vəsaiti hesabına ödənilmişdir. Belə ki, anası heç vaxt heç yerdə işləməmiş, o isə, 18 yaşından “part-time” işləməkə ailəyə qazanc gətirmiş, hazırda da “Sea Breeze” kimi tanınan "xxxx" MMC-də çalışır. Torpağı alarkən ev də üzərində hazır tikilmiş vəziyyətdə olmuşdur. 2021-ci ilin oktyabr ayında həmin evə köçmüş, bir müddət anası ilə birlikdə orada yaşamışlar. Lakin sonradan anasının başqa kişi ilə münasibətinin olması və üçotaqlı evi də birlikdə satmaları ona məlum olduqdan sonra atasını Azərbaycana çağırıb, baş verənləri ona danışmışdır. Atası və qardaşları da məsələdən xəbər tutduqdan sonra artıq onların eyni evdə birgəyaşayışları mümkün olmamış, aralarında böyük münaqişə yaşanmış və bundan sonra anasını həmin evdən çıxarmışlar. Bundan sonra guya ona xəsarət yetirdiyinə görə, anası öz doğma oğlundan şikayət etmiş və qardaşı barəsində CM-in 128-ci maddəsi ilə cinayət işi açılmışdır. Lakin bir müddət əvvəl Sabunçu Rayon Məhkəməsinin hökmü ilə qardaşına bəraət verilmişdir. Anası ilə eyni evdə birlikdə yaşamalarının mümkün olmaması, eləcə də, həmin əmlakın onun vəsaiti hesabına alınması səbəbindən, hesab edir ki, anası, yəni iddiaçı həmin evə köçürülməməlidir. Bununla belə, cavabdeh hesab edir ki, iddia predmeti olan ev birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, həmin evdən gələcəkdə atasının payının müəyyən edilməsi hazırkı mübahisənin həllinə təsir göstərə bilər, ona görə də, hazırkı iş üzrə icraat dayandırılmalıdır. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X10 və maraqlı şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçıların izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - X6 və Mahmudova (Zamanova) Mərziyyə Valeh qızı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,0423 ha olan torpaq sahəsi sonuncuya satılmışdır. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 və X5 arasındakı nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. - Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci polis bölməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən X1 və Cavabdeh1 qarşılıqlı olaraq yazmış olduqları şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-6823/2022 saylı qətnaməsinə əsasən X2 180 gün müddətinə mühafizə orderi verilmiş, ərizəçiyə qarşı məişət zorakılığının təkrar törədilməsi, yəni ərizəçiyə qarşı fiziki zor və şiddətin törədilməsi, ərizəçinin təhqir edilməsi, icazəsiz olaraq ərizəçinin video və şəkillərinin çəkilməsi, ərizəçiyə narahatlıq gətirən digər hərəkətlərin edilməsi, eyni zamanda ərizəçiyə yaxınlaşması, ərizəçi ilə hər hansı ünsiyyət qurması, telefon əlaqəsi yaratması, ərizəçini izləməsi, evinə yaxınlaşmasının Cavabdeh1 qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7260/2022 saylı qətnaməsinə əsasən qismən təmin edilərək, qətnamə ərizənin maraqlı şəxsin evə yaxınlaşmasının qadağan edilməsinin təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə ərizə rədd olunmuş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır və apellyasiya instansiyasının həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-966/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-58/2023 saylı hökmünə əsasən Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinib ona bəraət verilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları ilə məhkəməyə məlum olmuşdur ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi torpaq barədə X6 və X4 arasında xx.xx.2021ci alqı-satqı müqaviləsi bağlansa da, üzərində inşa edilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və özbaşına tikilidir. Həmçinin iş üzrə tərəflər X4 və Cavabdeh2 keçmiş ər-arvaddırlar, onlar arasında nikaha Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 isə onların uşaqlarıdır. Həmçinin sözügedən evin Mərziyyə Mahmudova və Cavabdeh2 birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evinə cavabdehlər tərəfindən buraxılmadığını iddia edib hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi bir neçə hissədən ibarət olduğundan, məhkəmə əvvəlcə evə köçürülmə barədə tələbə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverməzdir. Məhkəmə hesab edir ki, mübahisəli evə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmamasına baxmayaraq, hazırkı mübahisənin düzgün həlli baxımından “mənzilə istifadə hüququ”na dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 25.2-ci maddəsinə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və hazırda yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdən çıxarma, evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Odur ki, iddia təmin edilməli, iddiaçı Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsi ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçürülməlidir. İddianın digər – cavabdehlərin sözügedən fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi barədə hissəsini isə məhkəmə ona görə əssassız hesab edir ki, iddiaçının tələbi göstərilən hissədə qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı X3 araşdırılan hissələrdə iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mübahisəli ev qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi faktiki olaraq özbaşına tikili olduğundan, iddiaçı mülkiyyət hüququnun yaradan əsaslara söykənərək, cavabdehi özbaşına tikilidən çıxara bilməz. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən”məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-7260/2022 saylı qətnaməsinə əsasən, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-6823/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ərizənin onun evə yaxınlaşmasının qadağan edilməsinin təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə ərizə rədd olunmuşdur. Apellyasiya instansiya məhkəməsi ləğv olunmuş hissədə mövqeyi belə əsaslandırmışdır ki, ərizəçinin X1 adına üç ev olmuş, onlardan biri satılmış, Nərimanov rayonunda yerləşən ev ərizəçi tərəfindən öz müalicələrinin qarşılığının ödənilməsi məqsədilə kirayəyə verilmişdir. Cavabdeh1 mübahisəli evdə yaşadığından, onun həmin evə yaxınlaşmasının qadağan edilməsi sonuncunun yaşayış sahəsindən məhrum edilməsi deməkdir. Beləliklə, göstərilənlərə əsasən, belə qənaətə gəlir ki, iddia tələbi iddiaçı X1 ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməli, qalan hissələrdə isə iddiaçının həmin iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X4 ünvan 1 ünvanında (özbaşına tikili olduğundan, ünvan şərtidir) inşa edilmiş fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar