Məhkəmə qərarları › İş №2(008)-89/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-89/2025

14.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-89/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X12 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X14 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında mişar daşından 1,60 x 8 metr ölçüdə inşa edilmiş hasarın və quraşdırılmış dəmir darvazanın özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikililərin sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Heydər Əliyev adına X12 nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X13 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 30 metrlik məsafəsində torpaq zəbt edilməklə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində köhnədən mövcud olan hasarın üzərində 1.60 x 8 metr ölçüdə əlavə mişar daşından hasarın inşa olunması və dəmir darvazanın quraşdırılması aşkar edilmişdir. Bundan başqa həmin ərazidən Dş-500 mm neft boru kəmərinə paralel Dş-300 mm neft boru kəməri keçir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X14 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı, insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. “Mühafizə Zonaları”nın müəyyən edilməsi bir neçə amillə bağlıdır, ilk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Heydər Əliyev adına X13 məxsus magistral boru kəmərlərinin “Mühafizə Zonası” yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X10 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dç-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akt və ona əlavə edilmiş fotoşəkildən məlum olur ki, həmin akt Heydər Əliyev adına Bakı X12 mühafizəsi üzrə Polis İdarəsinin bölük komandiri polis baş leytenantı X2, tağım komandiri polis leytenantı X4, polis nəfəri polis serjantı X1 iştirakları ilə tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2023-cü il tarixində 37 saylı postun ərazisində saat 11:10-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində neft məhsulu nəql olunan boru kəmərindən təqribən 25-30 metr aralı məsafədə özünün bildirdiyinə görə, Cavabdeh (***-***-**-**) məxsus köhnədən olan yaşayış evinin, köhnədən olan hasarına dəmir darvaza qoyulması aşkarlanmışdır. Cavabdeh gördüyü işin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilsə də, o, edilən xəbərdarlığa baxmayaraq darvazanı sökməycəyini bildirmişdir. Həmin şəxsə aparılan işlərinin mühafizə zolağına düşdüyü üçün qanunazidd olduğu və pilləkənin sökülməli olduğu bildirilsə də, həmin şəxs edilən xəbərdarlığa məhəl qoymayaraq sökməyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan məlum olur ki, SDM üzrə verilmiş xx.xx.2022-ci il tarixli SOCAR22SOCAR Downstream**********20A00057 saylı əmrə əsasən yaradılmış komissiyanın üzvləri SDM-in Mühafizənin təşkili və hərbi səfərbərlik üzrə menecer Zaur Əliyev, Mühafizənin təşkili üzrə mütəxəssis Azər Cabbarov, Böyük hüquq məsləhətçisi Ramiz Sədivevin iştirakları ilə Layihələr üzrə böyük mühəndis Suliddin Məmmədəliyev və istehsalat üzrə mühəndis Süleyman Əliyev aktı tərtib etmişdir ondan ötrü ki, xx.xx.2023-cü il tarixində saat 10:29 radələrində Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi ünvanından keçən NEZ-in 11 saylı istehsalatına məxsus Dş-300 mm TC- 1 neft məhsullarını nəql edən boru xətlərinin mühafizə zonasına baxış keçirilmişdir. Keçirilən baxış zamanı vətəndaş Cavabdeh Hevdər oğlu tərəfindən boru xətlərinin 30 metr məsafəsində 8 metr uzunluğunda 60 santimetr hündürlüyündə hasarın tikilməsi və yeni darvazanın qoyulması aşkarlanmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin qərardadına əsasən verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5885 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan ünvanda baxış zamanı iş üzrə iddiaçı tərəfin nümayəndəsi tərəfindən naturada təqdim edilən tikilinin mişarlanmış əhəg daşından inşa edilmiş hasar tikilisi və metal materialdan quraşdırılmış darvaza olduğu müəyyən olunmuşdur. İş üzrə iddiaçı tərəfin nümayəndəsi tərəfindən naturada təqdim edilən, ünvan 1 ünvanında yerləşən, mübahisə predmeti olan hasar tikilisi və dəmir darvaza ilə X13 məxsus neft məhsulu nəql olunan kəmər arasındakı məsafənin 36 metr təşkil etdiyini nəzərə alaraq, həmin hasar tikilisinin və dəmir darvazanın Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin “18” dekabr 2002-ci il tarixli 45 N-li əmri ilə təstiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “03” yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.2., 6.3., 6.4., 6.7. bəndlərində göstərilənlərə əsasən X13 məxsus, neft məhsulu nəql olunan kəmərin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Məhkəmə tərəfindən iş üzrə mövcud sübutlar məcmu halında tədqiq edilərək, Heydər Əliyev adına X12 istismarında olan ünvan 1 ünvanında mişar daşından 1,60 x 8 metr ölçüdə inşa edilmiş hasarın və quraşdırılmış dəmir darvazanın neft kəmərinin mühafizə zonasının hüdudları daxilində olması, bununla da özbaşına tikilinin neft kəmərinin mühafizə zonası hüdudlarında olduğu təsdiqini tapır. Halbuki Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin xx.xx.2000-ci il tarixli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.2 və 6.3-cü bəndlərinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Heydər Əliyev adına X12 istismarında olan ünvan 1 ünvanında kəmərin mühafizə zonasında özbaşına tikili (hasar və dəmir darvaza) inşa olunmuşdur. Həmin özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. Zəbt olunmuş torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsi olmaqla Heydər Əliyev adına X12 ərazisinin hüdudları daxilindədir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Heydər Əliyev adına X12 istismarında olan ünvan 1 ünvanında cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar və quraşdırılmış dəmir darvaza qanunsuz tikili hesab edilməli və cavabdehin hesabına sökülərək, mühafizə zonasından çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehə aid edilməlidir. Eyni zamanda məhkəmə onu da vurğulayır ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsinin təsiri altına düşdüyündən, bu tələbə iddia müddəti şamil edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Heydər Əliyev adına X12 istismarında olan ünvan 1 ünvanında cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar və quraşdırılmış dəmir darvaza qanunsuz tikili hesab edilsin və cavabdehin hesabına sökülərək, mühafizə zonasından çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı Heydər Əliyev adına X13 ödənilsin. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142596, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar