Məhkəmə qərarları › İş №2(009)-102/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-102/2023

06.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-102/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin – Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin – Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında, 2618 nömrəli ləğv olunmuş və 2619 nömrəli işlək neft-qaz quyularının mühafizə zonalarında 39T 399033,05; 4467055,88 coğrafi koordinatlarda yerləşən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin “Azneft” İstehsalat Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş (100 manat, 0.40 qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq “Azneft” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh. X2 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 39T 399033,05; 4467055,88 coğrafi koordinatlarda yerləşən bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Həmin torpaq sahəsi 2618 nömrəli ləğv olunmuş və 2619 nömrəli işlək neft-qaz quyularının mühafizə zonalarında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-sinin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənəd - Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X2 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə 17 dekabr 2008-ci ildə təsdiq olunmuş xəritədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçının güya onun tərəfindən zəbt edilmiş kimi göstərdiyi ünvan 2 ünvanında yerləşən torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Belə ki, AR ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxanşa əsasən, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən 0,02 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Torpaq sahəsinə çıxarış verilərkən, torpaq sahəsinin dövlət mülkiyyətində və ya iddiaçının istifadəsində olub-olmaması araşdırılmış və qeyd olunan torpaq sahəsi 3-cü şəxslərin hüquqlarından azad olduğu üçün qeyd olunan torpaq sahəsinə onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır (Çıxarışın notariat qaydada təsdiq edilmiş surəti əlavə olunur). Bundan başqa, DƏDRX tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünün “Daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış” və ‘Torpaq sahəsində mövcud olan servitutlar barədə məlumatlar” qrafasında ona məxsus torpaq sahəsinin başqa hüquqlarla, o cümlədən iddiaçının istifadə hüququ ilə yüklü olması qeyd edilməmişdir (Torpaq sahəsinin planı və ölçüsünün notariat qaydada təsdiq edilmiş surəti əlavə olunur). Göründüyü kimi, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsinin tərəfindən zəbt olunmasını göstərməklə ona qarşı əsassız iddia irəli sürmüşdür. Bu isə onu göstərir ki, iddia bu hissədə əsassızdır. Məhkəməyə bildirmək istəyir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisini buna müvafiq razılıqlar və icazələr aldıqdan sonra həyata keçirmişdir. Belə ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 286 saylı xx.xx.2014-cü il tarixli Sərəncamı ilə ona Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində Çıxarışa əsasən, mülkiyyətində olan torpaq sahənin üzərində razılaşdırılmış eskiz-layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir (Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 286 saylı xx.xx.2014cü il tarixli Sərəncamının notariat qaydada təsdiq edilmiş surəti əlavə olunur). Bundan başqa, fərdi yaşayış evinin eskiz-layihəsi Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir (Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş fərdi yaşayış sahəsinin eskiz-layihəsinin surəti əlavə olunur). Göründüyü kimi, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahənin üzərində fərdi yaşayış evinin tikintisi qanuni və əsaslı olmuşdur. Fərdi yaşayış evi tikinti üçün ayrılmış torpaq sahəsi üzərində, buna lazımı icazələr alınmış və tikintisi İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Belə olan təqdirdə, inşa etdiyi fərdi yaşayış evi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş özbaşına tikinti sayıla bilməz. Beləliklə, iddiaçının iddia ərizəsində qeyd etdiyi bu dəlil də digəri kimi əsassızdır. Yuxanda qeyd olunanlar onu təsdiq edir ki, o iddiaçının istifadəsində olan torpaq sahəsinin bir hissəsini zəbt etməmişdir və zəbt edilmiş torpaq sahəsinin üzərində qanunsuz tikili inşa etməmişdir. İddiaçı tərəfindən əsassız mübahisələndirilən torpaq sahəsi onun xüsusi mülkiyyətidir. İddiaçı tərəfindən ona qarşı qaldırılan iddia onun dövlət tərəfindən qorunan xüsusi mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilədir və onun konstitusion hüququnun pozulmasına cəhddir. Beləliklə sübut olunur ki, iddiaçının mübahisələndirildiyi torpaq sahəsi RX ******* saylı Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir və tikinti məqsədləri üçün ayrılmışdır. Torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 286 saylı xx.xx.2014-cü il tarixli Sərəncamı ilə icazə verilmiş və evin tikintisi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə-smeta əsasında tikinti normalarına uyğun həyata keçirilmişdir. Bu səbəbdən də, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsassızdır, onun mülkiyyət hüququna müdaxilədir və təmin oluna bilməz. Yuxanda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin ona qarşı “Qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair” xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirz edir və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş vətəndaş Cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi 286 nömrəli, 29 sentyabr 2014-cü il tarixli sərəncamından görünür ki, Vətəndaş Cavabdeh Rayon İcra Hakimiyyətinə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsində (Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı, xx.xx.2014-cü il tarixli Çıxarış) 0.0352 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Vətəndaşın müraciətini və təqdim edilmiş sənədləri nəzərə alaraq: 1.Vətəndaş Cavabdeh Səbail rayonu, Badamdar qəsəbəsində Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət-Reyestrindən Seriya RX ******* saylı, xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən mülkiyyətində olan 0.0352 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilsin; 2. Mühəndis-kommunikasiya xətlərinin (su, kanalizasiya, qaz, elektrik enerjisi) çəkilməsi və maqistral xəttə qoşulması üzrə aidiyyəti xidmətlərin texniki şərti tərtib-edildikdən sonra tikinti işlərinin razılaşdınlmış layihə əsasında tikinti nonpa və qaydalarının tələblərinə uyğun olaraq aparılması, tikinti zamanı ərazinin normal sanitar vəziyyətinin qorunub saxlanması, tikinti işləri başa çatdıqdan sonra müvafiq qaydada sənədləşdirmə aparılması vətəndaş N.V. Cəfərov tərəfindən təmin edilsin; 3: Sərəncamın icrasına nəzarət RİHBA-mn Rayon təsərrüfatı şöbəsinə və Səbail RİH Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ 07 fevral 2015ci il tarixində qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 286 saylı xx.xx.2014-cü il tarixli Sərəncamı ilə cavabdehə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahənin üzərində razılaşdırılmış eskiz-layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı tərəf isə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybət” Neft və Qazçıxarma idarəsinin (NQÇİ) istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 39T 399033, 05; 4467055,88 coğrafi koordinatlarda yerləşən bir hissəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edilməsinə və orada qanunsuz tikili inşa etməsinə istinad edərək həmin tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(009)-2167/2022 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə mühəndistexniki ekspertizasının 10/8642 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikilinin ətrafında neft quyusu və ya neft kəməri aşkar edilməmişdir. Məhkəmə, iddiaçının dəlillərinə qiymət verərək qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 286 saylı xx.xx.2014-cü il tarixli Sərəncamı ilə cavabdehə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahənin üzərində razılaşdırılmış eskiz-layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfin “Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X2 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 39T 399033,05; 4467055,88 coğrafi koordinatlarda yerləşən bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmasına” dair dəlillərini əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının bununla bağlı dəlilləri əsassızdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məsrəfdən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin – Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq həmin qurumun hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul vəsaiti iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar