Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-103/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-ya qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-ya qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, bir müddət əvvəl müəyyən etmişdir ki, Cavabdeh ASC ilə onun arasında bağlanmış kredit müqaviləsi mövcuddur. Həmin müqavilənin surətini əldə etdikdən sonra müqaviləyə nəzər salıb müəyyən etmişdir ki,xx.xx.2014-cü il tarixli, 019CASA143440003 əməliyyat nömrəli kredit müqaviləsinə əsasən “Kreditverən” 7.648 ABŞ dolları məbləğində pul vəsaitini 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə “Borcalan”ın mülkiyyətinə vermişdir. O, Cavabdeh ASC ilə belə bir müqavilə bağlamamışdır və heç vaxt da Cavabdeh ASC-dən kreditə pul götürməmişdir. Belə olan halda aydın olur ki, kimsə onun adından istifadə edərək, saxtakarlığa yol vermiş, onun adından yuxarıda qeyd etdiyi kredit müqaviləsini imzalamışdır. Belə olan halda hesab edir ki, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 019CASA143440003 əməliyyat nömrəli kredit müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 019CASA143440003 əməliyyat nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh ASCdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, onun şəxsiyyət vəsiqəsindən xalası qızı istifadə edərək 4 bankdan kredit götürmüş, o, həmin banklara qarşı müqavilələrin ləğvi ilə əlaqədar iddia qaldırmış, iddiaları təmin olunmuşdur, təsdiq olunmuşdur ki, müqavilədəki imzalar ona məxsus deyil. Bank müqavilənin əslini istintaq orqanına da təqdim etməmişdir. Hesab edir ki, ekspert tədqiqatı üzrə qəti rəy verilməməsinin günahkarı bankdır, belə ki, müqavilənin əsli bankdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin İdarə Heyətinin sədri X2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə xx.xx.2024-cü il tarixli məhkəmə xəttşünaslıq ekspertizasının nəticəsini əsaslı hesab etmədiklərini göstərərək işə onların iştirakı olmadan baxılmasını və banka qarşı olan hazırkı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Kredit verən” qismində Cavabdeh ASC-nin “Memar Əcəmi” filialı ilə “Borcalan” qismində İddiaçı arasında bağlanılmış 019CASA143440003 əməliyyat nömrəsi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 25%-lə, 36 ay müddətinə 7.648 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən Cavabdeh ASC-nin Bank təhlükəsizliyi departamentinin direktoru N.Quliyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2,320.1 və 320.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş üzrə Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işinin istintaqı cinayəti törətmiş şəxsin müəyyən edilib istintaqa gətirilənədək dayandırılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, ********* nömrəli cinayət işi xx.xx.2015-ci ildə AR DİN-nin BMCMİ-nin müstəntiqi tərəfindən AR CMnin 320.1 və 320.2-ci maddələri ilə başlanaraq istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas İddiaçı ərizə ilə müraciət edərək xalası qızı X3 xəbəri olmadan ona məxsus AZE14649570 seriya və nömrəli şəxsiyyət vəsiqəsini əldə edib sonuncunun bacısı Cünay Əmrahovanın fotoşəklini yapışdırmaqla hazırladığı saxta şəxsiyyət vəsiqəsi əsasında bir neçə bankdan kredit yolu ilə ümumilikdə 14.500 manat məbləğində pulu ələ keçirməsini bildirməsi, həmçinin Cavabdeh ASC-nin idarə heyətinin sədri Xədicə Həsənovanın DİN-ə ünvanladığı müraciətində X1 şəxsiyyət vəsiqəsi əsasında ASC-nin ünvan 2 ünvanında fəaliyyət göstərən “Memar Əcəmi” filialından kredit yolu ilə pulu ələ keçirməsini bildirməsi ilə bağlı toplanmış ilkin materiallar olmuşdur. xx.xx.2015-ci il tarixdə AR DİN-nin BMCMİ-nin müstəntiqi tərəfindən cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” qərar qəbul edilmiş və cinayət işi AR Baş Prokurorluğu vasitəsilə Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2015-ci il tarixdə iş üzrə əməl AR CM-nin 320.1 və 320.2-ci maddələrindən həmin Məcəllənin 178.3.2,320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin istintaqı zamanı zəruri istintaq hərəkətləri aparılmış, əməliyyat tapşırığı verilmiş, şahidlər müəyyən edilərək dindirilmiş, lakin bir sıra istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasına baxmayaraq cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cavabdeh ASC-nin Bank təhlükəsizliyi departamentinin direktoru N.Quliyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ASC-nin qanunsuzluqlara məruz qalması ilə bağlı tədbir görülməməsinə dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətə baxılmışdır. Müəyyən olunmuşdur ki, Günel Əmrahovanın saxta sənədlər əsasında Cavabdeh ASC-nin Memar Əcəmi filialından pul krediti götürülməsi faktı ilə bağlı Nəsimi RPİ İstintaq Şöbəsində AR CM-nin 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltifləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə ifadələr alınmış, əməliyyat tapşırığı verilmişdir.xx.xx.2019-cu ildə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması əsası ilə icraat Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır. Həmin qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüquqları vardır. Müraciəti cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna göndərilmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən Nəsimi RPİ-nin İŞ-nin rəisinə, surəti Cavabdeh ASC-nin X9 müavini A.Abbasova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, X9 müavini Aslan Abasovun rayon prokurorluğuna daxil olmuş müraciəti Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edilib baxılması üçün göndərilir. Müraciətdə göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılması, qanuna müvafiq tədbir görülməsini təmin edib, nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş sənədlərdən görünür ki: -Cavabdeh ASC-nin “Memar Əcəmi” filialı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətinə əsasən bank tərəfindən İddiaçı 7.648 ABŞ dolları məbləğində kredit verilmişdir; - “Kreditor” qismində Cavabdeh ASC-nin Memar Əcəmi filialı ilə “Zamin” qismində X6 və “Borclu” İddiaçı Salman qızı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 019FİZAM4806040 əməliyyat nömrəsi zaminlik müqaviləsinin surətinə əsasən zamin bankla İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür; - “Kreditor” qismində Cavabdeh ASC-nin Memar Əcəmi filialı ilə “Zamin” qismində X7 və “Borclu” İddiaçı Salman qızı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 019FİZAM480604 əməliyyat nömrəsi zaminlik müqaviləsinin surətinə əsasən zamin bankla İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilmiş ********* nömrəli cinayət işindən çıxarılmış zəruri sənədlərin surəti göndərilir. Sorğu edilmiş sənədlərin əsli cinayət işində aşkarlanmadı. İş üzrə Səbail rayon məhkəməsinə Cavabdeh ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov tərəfindən ünvanlanmış vəsatətdə hazırda Cavabdeh ASC ilə X4 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 019CASA143440003 saylı kredit müqaviləsinin əsli Cavabdeh ASC-də mövcud deyil. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/946 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş xx.xx.2014-cü il tarixli 019CASA143440003 nömrəli kredit müqaviləsinin kserosurətinin hər səhifəsinin aşağı sağ küncündə və son səhifəsində “Borcalan” qrafasında əks olunmuş imzaların – İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Buna səbəb kimi tədqiq olunan sənədin əslinin tədqiqata təqdim edilməməsi göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 36 ay müddətinə, illik 25%-lə 7.648 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bir müddət əvvəl ona məlum olmuşdur ki, Cavabdeh ASC ilə onun arasında bağlanmış kredit müqaviləsi mövcuddur. Həmin müqavilənin surətini əldə etdikdən sonra müqaviləyə nəzər salıb müəyyən etmişdir ki, xx.xx.2014-cü il tarixli, 019CASA143440003 əməliyyat nömrəli kredit müqaviləsinə əsasən “Kreditverən” 7.648 ABŞ dolları məbləğində pul vəsaitini 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə “Borcalan”ın mülkiyyətinə vermişdir. O, Cavabdeh ASC ilə belə bir müqavilə bağlamamışdır və heç vaxt da Cavabdeh ASC-dən kreditə pul götürməmişdir. Belə olan halda aydın olur ki, kimsə onun adından istifadə edərək, saxtakarlığa yol vermiş, onun adından yuxarıda qeyd etdiyi kredit müqaviləsini imzalamışdır. Bu səbəbdən iddiaçı onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 019CASA143440003 əməliyyat nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh ASCdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert tədqiqatına kredit müqaviləsinin kserosurəti, iddiaçının eksperimental və sərbəst xətt və imza nümanələrini özündə əks etdirən sənədlər təqdim edilmişdir. Tədqiqat aparan ekspert xx.xx.2024-cü il tarixli 4/946 saylı rəyində ekspertizaya təqdim edilmiş xx.xx.2014-cü il tarixli 019CASA143440003 nömrəli kredit müqaviləsinin kserosurət olması ilə əlaqədar hərf və cizgilərin zəif əks olunması, qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzalarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması səbəbindən qəti rəyə gəlmək üçün zəruri olan eynilləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olmaması müəyyən edilmiş və bu səbəbdən tədqiqata təqdim olunmuş kredit müqaviləsinin kserosurətinin hər səhifəsinin aşağı sağ küncündə və son səhifəsində “Borcalan” qrafasında əks olunmuş imzaların – İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilir. Qanunverilicikdə “xüsusi biliklər” anlayışının məzmunu açılmır. Xüsusi biliklərə kütləvi yayılan, lakin hamıya məlum olmayan, hamının tanış olmaq imkan olmayan bilikləri aid etmək qəbul edilmişdir. Belə biliklərə malik olmaq elm, texnika, incəsənət, peşə sənəd sahəsində xüsusi hazırlıq və müvafiq təcrübənin olmasını tələb edir. Məhkəmə eyni zamanda qeyd edir ki, ekspertizanın keçirilməsi zərurəti mülki işin konkret halları və müəyyən edilməli olan faktların xarakteri nəzərə alınmaqla həll edilməli olduğundan və hazırkı mübahisə üzrə icra edilən imzanın məhz iddiaçıya məxsusluğu xüsusi biliyə malik olan ekspertin verdiyi rəylə müəyyən edilməli olduğundan həmin iş üzrə müvafiq ekspertiza (xətti) təyin edilmişdir. Lakin ekspert tədqiqatına kredit müqaviləsinin əsli təqdim edilmədiyindən konkret rəy verilməsi mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 019CASA143440003 saylı kredit müqaviləsinin əslinin nə Cavabdeh ASC-də, nə də Nəsimi rayon Polis İdarəsində istintaqı aparılan cinayət işinin materiallarında mövcud olmaması həmin sənədin əslinin ekspert təqdidatına təqdim edilməsini mümkünsüz etmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmə qeyd edir ki, kredit təşkilatı kimi bank tərəflər arasında bağlanılmış kredit müqaviləsinin mövcudluğunu və onun mötəbərliyini təsdiq edən müqavilənin əslini məhkəməyə təqdim etməli olduğu halda bunu etmədiyindən və həmin sənədin əslinin ümumiyyətlə mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, bununla da həmin sənədin mövcud olmadan ekspertiza keçirilib konkret rəy verilməsi mümkün olmadığından, ekspert rəyi ilə müəyyən edilməli halların başqa sübutlarla müəyyən edilməsi isə mümkün olmadığından, məhkəmə hesab edir ki, kredit müqaviləsinin İddiaçı tərəfindən imzalanması faktı müəyyən edilməmiş sayılmalı və qaldırılan iddia tələbi əsaslı hesab edilməli, “Kredit verən” qismində Cavabdeh ASC-nin “Memar Əcəmi” filialı ilə “Borcalan” qismində İddiaçı arasında bağlanılmış 019CASA143440003 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Yəni əqd o halda etibarsız hesab edilə bilər ki, onun bağlanmasında iştirak edən subyektlərin tərkibi qanuna uyğun olmasın, əqdin qanunla tələb olunan bağlanma formasına riayət olunmasın, əqdin bağlanmasında iradə ifadəsi olması müəyyən edilməsin və əqdin məzmunu qanunun tələblərinə zidd olsun. Mülki Məcəllənin 6-cı maddəsində müəyyənləşdirilmiş mülki qanunvericiliyin prinsipləri sırasında birbaşa nəzərdə tutulub ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Göründüyü kimi mülki hüquqların əldə edilməsi şəxsin iradəsinə və mənafeyinə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdin etibarlı hesab edilməsi əsaslarından biri həmin əqdi bağlayanın buna iradə ifadəsi olmasıdır. Hazırki iddia üzrə iddiaçı məhz bu əsasla çıxış edərək, yəni müqavilədəki imzanın ona məxsus olmaması səbəbindən kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan əqd yazılı formada bağlanan kredit müqaviləsidir və həmin müqavilədə iradə ifadənin olması onu bağlayan şəxs tərəfindən imzalanması ilə müəyyən edilir. Məhkəmə kredit müqavilədəki imzanın iddiaçıya məxsus olmasının məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilməsinin mümkünsüzlüyünü, cavabdeh tərəfindən zəruri tədqiqat predmetinin ekspertə təqdim edilə bilməməsini, bununla da müqavilədəki imzanın iddiaçıya məxsus olmaması qənaətinə gəlinməsini və müqavilənin bağlanmasında iddiaçının iradə ifadəsinin olmamasını nəzərə alaraq hesab edir ki, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, tələb dövlət rüsumunun tutulması hissəsində də təmin edilməli və cavabdehdən 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə pul tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh ASC-nin Memar Əcəmi filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 019CASA143440003 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh ASC-dən İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Cavabdeh ASC-dən dövlət nəfinə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza xərci - 127 (yüz iyirmi yeddi) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-103/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-103/2024
17.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver