Məhkəmə qərarları › İş №2(009)-1031/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1031/2025

16.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1031/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Səbail rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Səbail rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək, 240 manat məbləğində borcun silinməsini xahiş etmişdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən ünvan 2 a ö/t-də yaşayır. Yaşadığı mənzilin girişində su sayğacı olması ilə yanaşı evinin tikilməsi zamanı ünvanının ərazisində evinin altında qaraj qapısının yanında 27 il bundan öncə çəkilmiş əlavə su borusu vardır ki, bu su borusu heç vaxt istifadə edilmir. Buna baxmayaraq Səbail rayon su kanal idarəsi tərəfindən guya ünvanında həmin su kanalı aşkar edilmişdir. İdarənin əməkdaşları heç bir monitorinq aparmadan onun aylıq və illik su istifadəsinə nəzarət etmədən guya baxış keçirərək həmin su borusunu aşkar etməklə 240 manat cərimə yazmışdırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 120805 saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanına baxış keçirilmiş və baxış keçirilən zaman diametri 20 mm-lik boru ilə sudan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Abonent kartının surətindən görünür ki, abonent qismində İddiaçı hesabına 247 manat cərimə yazılmışdır. 07 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, cavabdeh qurumda nəzarətçi vəzifəsində çalışır. İddiaçının nümayəndəsinin iştirakı ilə iddiaçıya məxsus evin qaraj hissəsinə baxış keçirilən zaman diametri 20 mm-lik boru ilə sudan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. İddiaçının həmin su borusundan istifadə edib-etməməyini müəyyən etmək mümkün deyildir. Çünki həmin su borusunun qoşulduğu su sayğacı mövcud deyildir. Həmin qeyri-qanuni istifadə faktına görə də akt tərtib edilmişdir. Hesablanan cərimə də qanuna əsasən isttehlakçının aylıq və illik istifadə etdiyi normaların cəminə uyğun ortaq bir rəqəm hesablanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh qurumun əməkdaşları tərəfindən ünvan 2 ünvanına baxış keçirilən zaman iddiaçının yaşadığı evin qarajında su borusu aşkar edilmişdir. Müəyyən edilmişdir ki, su borusunun iddiaçıya məxsus sayğaclarla heç bir bağlılığı yoxdur. Cavabdeh qurumun əməkdaşları həmin su borusunu qeyri-qanuni istifadə kimi aktlaşdırmış və abonentə illik sərfiyyat normasına uyğun hesablanmaqla cərimə yazmışdırlar. Hazırda iddiaçı həmin cərimənin silinməsini istəyir. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun əməkdaşlarının hərəkətlərində qanun pozuntusu müəyyən edilmir. Belə ki, sözügedən su borusu qurumun əməkdaşları tərəfindən aşkar edilmiş və müəyyən edilmişdir ki, həmin su borusu qeyri-qanuni istifadədir. İddiaçı həmin su borusundan heç zaman istifadə etmədiyini bildirsə də, bu hal yalnız iddiaçının izahatında öz əksini tapır. Fakt isə ondan ibarətdir ki, həmin su borusu iddiaçının yaşadığı evin qarajında yerləşir və ona iddiaçıdan xəbərsiz kənar bir adamın müdaxilə etməsi mümkünsüzdür. Tərtib edilən akt məhz iddiaçının evinin qarajında yerləşən və iddiaçıya məxsus sayğaclara heç bir bağlılığı olmayan su borusunun aşkar edilməsi ilə bağlıdır. Həmin bu hal isə (su borusunun iddiaçının evinin qarajında yerləşməsi və ona iddiaçıdan xəbərsiz kənar bir adamın müdaxilə etməsinin mümkünsüzlüyü) iddiaçının izahatı ilə yanaşı iş materialları ilə də öz təsdiqini tapır. Belə olan halda aktın qanunsuzluğuna əsas yaradacaq hallar hazırki işdə müəyyən olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.8-ci bəndinə görə istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifələrinə aid edilmişdir. Həmin Qaydaların 3.1.1-ci bəndinə görə STKM-nin STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar